Kembric Universitetində Azərbaycanın regiondakı aparıcı rolu müzakirə olunub

Kembric Universitetində Azərbaycanın regiondakı aparıcı rolu müzakirə olunub
# 06 fevral 2022 02:55 (UTC +04:00)

Azərbaycanın Böyük Britaniyadakı səfiri Səfir Elin Süleymanov Böyük Britaniyanın tanınmış təhsil ocaqlarından biri olan Kembric Universitetində çıxış edib.

APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, səfir universitetin nəzdində fəaliyyət göstərən Kembric Mərkəzi Asiya Forumu tərəfindən təşkil edilən “Xəzər hövzəsinin regional dinamikaları” mövzusuna dair seminarda iştirak edib.

Səfir Azərbaycanın dünyada tolerantlıq nümunəsi kimi tanındığını və daim dialoqu dəstəklədiyini bildirib. O qeyd edib ki, müharibədən sonra 30 illik işğala son qoyan Prezident İlham Əliyev sülhə çağırış edərək, Ermənistana əməkdaşlıq və kommunikasiya xətlərinin açılmasını təklif edib:

“Azərbaycan türk dünyasının qovşağıdır, bununla yanaşı qonşu və regional dövlətlər ilə əməkdaşlığını dinamik şəkildə inkişaf etdirir. Qoşulmama Hərəkatı kimi nəhəng bir təşkilata sədr seçilməyimiz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüslərinin beynəlxalq tərəfdaşlarımız tərəfindən səmərəli və yüksək qiymətləndirilməsinin göstəricisidir”,- deyə o, bildirib.

Diplomat Azərbaycanın daima qonşu dövlətlər ilə ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməyə hazır olduğunu, belə ki, 3+3 formatının da reallaşmağına doğru növbəti addımlar atıldığını da vurğulayıb:

“Bu yaxınlarda İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin səfərə məhz Füzuli rayonundan başlamasını, eləcə də kommunikasiya və nəqliyyat layihələrinə dair bəyanatı bunun bir nümunəsidir. Həmçinin, Azərbaycanla İranı birləşdirəcək Astaraçay körpüsünü tikilməsi də İranın regionda gedən inteqrasiya prosesində fəal şəkildə iştirak etdiyinin göstəricidir”.

Elin Süleymanov Cənubi Qafqazda kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması məsələsinə də toxunub:

“Hal-hazırda Cənubi Qafqazda kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması müzakirə olunur. Düşünürəm ki, bu, hər kəsin xeyrinədir. Münaqişə artıq başa çatıb.Hal-hazırda sülh müqaviləsinin imzalanmasına və ilkin mərhələdə sərhədlərin delimitasiyasına ehtiyac var”, - deyə diplomat bildirib.

Səfir Ermənistan xalqının böyük əksəriyyətinin sülhün regiona töhfəsini başa düşəcəklərini ümid etdiyini söyləyib. O hətta artıq ilk addımların atıldığını, Türkiyə və Ermənistan arasında normallaşma prosesinə də diqqət çəkib, İstanbul-İrəvan aviareyslərinə start verildiyini vurğulayıb. Elin Süleymanov seminar iştirakçılarına Vətən müharibəsinin başlanması, gedişatı və general Polad Həşimov barədə də məlumat verib:

“2020-ci ildə Ermənistan tərəfi heç bir səbəb olmadan iyul ayında hücuma başladılar. Onu da qeyd edim ki, hücum hədəfi Tovuz idi. Bu ərazi Qarabağdan uzaqda yerləşirdi və bir sıra boru kəmərləri oradan keçir. Bu hücum nəticəsində bir dinc sakin və hərbçilərimiz həlak oldu. Onların içərisində qəhraman generalımız Polad Həşimov da var idi”, - deyə səfir deyib.

Səfir bu gün regionda sülh və sabitliyin davamlı olması vacibliyini bildirib:

“Amma çox təəssüf ki, bəzi radikallar yalnız Azərbaycan və Türkiyəyə qarşı hücumlar ilə məşğul olmaqdan, deyəsən Ermənistanın keçmiş Prezidenti Armen Sarkisyanın istefası haqqında xəbər verməyə vaxtları çatmır”.

Səfir sonda, fevral ayının 26-da Xocalı soyqırımının 30 illiyinin qeyd olunacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR