Koventri Universitetində Azərbaycanda biznes mühitindən bəhs edilib - FOTO

Koventri Universitetində Azərbaycanda biznes mühitindən bəhs edilib - FOTO
# 23 mart 2023 00:38 (UTC +04:00)

Birləşmiş Krallığın təhsil ocaqlarından biri Koventri universitetində təşkil edilən seminarda Azərbaycanda biznes mühitindən bəhs edilib. Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov seminarda Azərbaycan ilə bağlı bir çox mövzulara toxunub.

Tədbiri açan Professor Abraham Cosef səfir E. Süleymanovun fəaliyyətindən söz açaraq, onu universitetlərində qarşılamaqdan məmnun olduqlarını bildirib. Tədbirin təşkil olunmasında aparıcı rol oynamış azərbaycanlı tələbələr Qlobal Biznes İdarəetmə fakültəsindən Nigar Əsədova və Beynəlxalq İnsan Resursları fakültəsindən Daşdəmirli Elmin ölkəmiz haqqında qonaqlara müəyyən məlumatlar təqdim ediblər.

Səfir E.Süleymanov Azərbaycanın müasir tarixindən bəhs edərək neft sektorunun gəlirlərinin qeyri-neft sektoruna yönləndirilərək əldə olunan uğurlardan bəhs edib:

“Ümumilli liderimizin və Prezident İlham Əliyevin uzaqgörənliyi və müdrikliyi sayəsində bütün bölgənin inkişafının tək başımıza mümkün ola bilməyəcəyini anladıq, bunun üçün qonşu dövlətlər ilə sabit iqtisadi-siyasi münasibətlərə malik olmağımızın vacibliyini prioritet kimi qəbul etdik”,- deyə səfir bildirib.

Səfir Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığını da qeyd edib:

“Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Şahdəniz qaz-kondensat yataqları kimi bir çox regional və beynəlxalq layihələrimiz ilə yanaşı, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen çıxış edib. O, qaz kəmərinin işə salınması ilə Cənub-Şərqi Avropa üçün yeni bir dönəmin başladığını bildirib. Bu da Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığımızın göstəricisidir”

Səfir daha sonra, 44 günlük müharibədən bəhs edərək, 30 illik danışıqlardan sonra Azərbaycanın özünün BMT TŞ-nin qərarlarını icra etmək məcburiyyətində qalmasından ətraflı söz açıb.
Tədbirin sonunda iştirakçılar onları maraqlandıran suallar ilə E. Süleymanova müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR