Rusiya Qarabağda eskalasiya fonunda Azərbaycan və Ermənistanla təmasdadır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva Bakı və İrəvanla, o cümlədən hərbçilərin xətti ilə təmasdadır.
Kremlin sözçüsü Rusiyanın Qarabağdakı vəziyyətin nizamlanmasının diplomatik müstəviyə qayıtması üçün çalışdığını da söyləyib: “Rusiya Federasiyası Qarabağda gərginliyin kəskin artması və hərbi əməliyyatların başlanmasından narahatdır. Moskva Bakı və İrəvanı yeni reallıqları nəzərə alaraq, Qarabağ üzrə üçtərəfli razılaşmalara əməl etməyə çağırır”.
Peskov Qarabağdakı vəziyyət fonunda Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında yüksək səviyyəli təmasların olmasını istisna da etməyib.
O qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlılarının təhlükəsizliyi Kreml üçün prioritetdir: “Hələ k, onların həyatı üçün təhlükələr barədə məlumat yoxdur. Sülhməramlılar öz funksiyalarını yerinə yetirirlər, lakin regionda vəziyyət ağır olaraq qalır. Onlar münaqişə tərəfləri ilə birbaşa təmasdadır. Moskva ümid edir ki, Bakı və İrəvanı güc metodlarından əl çəkib danışıqlar masası arxasına oturmağa inandırmaq mümkün olacaq. Rusiya Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma imkanını görür, bunlar mövcud üçtərəfli sazişlərdir”.
Kremlin sözçüsü Qarabağda hərbi əməliyyatların başlanması ilə bağlı Rusiyaya əvvəlcədən xəbərdarlıq edilib-edilmədiyini təsdiq edə bilməyəcəyini söyləyib.
***
17:41
Kreml regiondakı eskalasiyadan narahatdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hazırda əsas məsələ İrəvan və Bakını güc metodlarından əl çəkməyə inandırmaqdır.
“Azərbaycan Silahlı Qüvvələri regionda mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməlidir. Rusiya hərbçiləri Ermənistan və Azərbaycan tərəfləri ilə təmasdadır və ən yüksək səviyyədə təmaslar mümkündür”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov Qarabağda Rusiya kontingentinin sayının artırılması mümkünlüyü haqqında suala da cavab verib. Bildirib ki, bu cür qərarlar hərbçilər tərəfindən formalaşdırılır və bu, bütün tərəflərlə razılaşdırılır.
Kreml rəsmisi problemin siyasi və diplomatik həllinə nail olmaq imkanının mövcud olduğunu da söyləyib: “Kreml İrəvan və Bakını əvvəllər imzalanmış üçtərəfli sənədlərə əməl etməyə çağırır”, deyə Peskov əlavə edib.