Londonda Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri ilə bağlı rəsmi ziyafət təşkil edilib - FOTO

Londonda Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri ilə bağlı rəsmi ziyafət təşkil edilib - FOTO
# 02 iyun 2023 14:49 (UTC +04:00)

Londonda Azərbaycanın Müstəqillik günü və Silahlı Qüvvələr Günü ilə bağlı rəsmi ziyafət təşkil edilib.

APA-nın London müxbirinin xəbərinə görə, “Lancaster House”da keçirilən 600 nəfərə yaxın qonağın qatıldığı tədbirdə Böyük Britaniyanın dövlət və hökumət nümayəndələri, parlament üzvləri, Britaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, səfirlər və hərbi attaşelər, müxtəlif icmaların nümayəndələri, o cümlədən Lordlar Palatasının üzvü Lord David Evans, Lord Qurban Hussain, Baronessa Manzila Uddin, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmən, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İdarə Heyətinin üzvü akademik Nərgiz Paşayeva iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov bu günün tariximizdə önəmli bir əhəmiyyət kəsb etdiyini, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlamentli respublika olduğunu deyib. O, bildirib ki, qısa müddət mövcud olmasına baxmayaraq Azərbacaycan Xalq Cümhuriyyətinin qoyduğu irs 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra milli kimliyin və dövlətçiliyin mühüm tərkib hissəsini təşkil edib.

Səfir Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə də toxunub, əlaqələrin bütün sahələrdə sürətlə genişləndiyini diqqətə çatdırıb. O, Azərbaycan və Britaniya arasında mövcud olan uğurlu əməkdaşlığı əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələrin yüksələn xətdə inkişaf etdiyini bildirib.

Eyni zamanda səfir Azərbaycan silahlı qüvvələrinin dünyada sülhün və sabitliyin təmin edilməsinə verdiyi töhfənin unudulmamasının gərəkdiyini vurğulayıb. Bu xüsusda Britaniya silahlı qüvvələri ilə yan-yana İraqda mülki infrastrukturun qorunmasında xidmətlərinin, Türkiyə və Britaniya hərbiçiləri ilə birgə Azərbaycan hərbçilərinin Əfqanıstanda son ana kimi mülki əhalinin qayğısına qalmasının unudulmamasının gərəkdiyini də bildirib.

Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin Rəhbəri Kris Allan Azərbaycan və Britaniyanın güclü dostluq əlaqələrinin olduğunu vurğulayıb və qeyd edib ki, Britaniya Azərbaycanın ən böyük investorlarındandır. Kris Allan 400-dən çox Britaniyalı kapitallı şirkətin Azərbaycanda fəaliyyət göstərdiyini, onların Azərbaycanlı şirkətlərlə yaşıl enerji sahəsində bir çox proyektlər həyata keçirdiyini deyib.

O, həmçinin iki ölkə arasında siyasi əlaqələrin çox sıx olduğuna diqqət çəkib, bu ilin fevralında Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin Azərbaycana səfər etdiyini xatırladıb. O çıxışında Cənubi Qafqazın strateji əhəmiyyətinə toxunub və dünyadakı təhlükəsizlik və sabitliyin qorunması üçün regionun vacib olduğunu qeyd edib.

Qeyd edək ki, “Lancaster House” girişində Britaniyanın İmperial Hərbi Kvintetinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş və ulu öndərin həyat və fəaliyyətini, Azərbaycan və Britaniya arasında əməkdaşlığın qurulmasına verdiyi töhfəni özündə əks etdirən foto sərgi nümayiş etdirilib. Tədbir zamanı həmçinin Azərbaycanda istehsal olunanan orqanik Meysəri şərablarının dequstasiyası təşkil olunub. Tədbirdə həmçinin Səkinə Muxtarova, Babək Atəşi və Malik Təbrizi tərəfindən Azərbaycan rəqsləri nümayiş etdirilib.

Xatırladaq ki, tədbirin keçirildiyi Lancaster House Böyük Britaniya hökumətinin rəsmi tədbirlər keçirməsi üçün istifadə olunan mərkəzdir və məhz bu məkanda Britaniya tarixində əhəmiyyətli diplomatik görüşlər və tədbirlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR