Los Ancelesdə Müstəqillik Günü və Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Los Ancelesdə Müstəqillik Günü və Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub
# 06 iyun 2023 17:48 (UTC +04:00)

Azərbaycanın Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Los Ancelesdə təntənəli şəkildə qeyd olunub.

APA xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən keçirilən tədbirdə ABŞ siyasi xadimləri, Dövlət Departamentinin və Los Anceles Vilayətinin rəsmiləri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost türk, yəhudi, Pakistan və digər icmaların rəhbərləri iştirak ediblər.

Azərbaycan və ABŞ himnlərinin ifasından sonra çıxış edən Azərbaycanın baş konsulu, Ramil Qurbanov Azərbaycan tarixində olduqca əlamətdar olan iki hadisə, ilk respublikamızın yaranması, nailiyyətləri və Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğunda rolu haqqında məlumat verib. R.Qurbanov 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycanın nəhəng çətinliklərlə üzləşdiyini, ancaq 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin böyük bəlalardan qurtulduğunu, Azərbaycanın inkişafının möhkəm təməllərinin qoyulduğunu diqqətə çatdırıb.

Bu gün Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edən baş konsul, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin ərazilərdə ağıllı və yaşıl texnologiyalara əsaslanan bərpa və quruculuq işlərinin aparıldığını vurğulayıb. Baş konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını bildirib.

Sonra çıxış edən Los Anceles Konsulluq Korpusunun duayeni Kosmin Dimitresku (Cosmin Dimitrescu), konsulluq korpusu adından bütün azərbaycanlıları Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrik edib. O, Azərbaycanın dünyanın bir çox ölkəsi ilə, o cümlədən Rumıniya və Aİ ölkələri ilə münasibətlərindən bəhs edib və enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi əhəmiyyətini vurğulayıb.

Tədbirdə, həmçinin Heydər Əliyevin həyatı və Azərbaycan tarixində oynadığı əhəmiyyətli rolu haqqında qısa film təqdim edilib və şəkillərdən ibarət sərgi təşkil edilib, milli geyimlərimiz nümayiş etdirilib, müğənni Zəka Zeynalov tərəfindən xalq mahnıları ifa edilib və Ləman Musayevanın ifasında Azərbaycan xalq rəqsləri təqdim olunub. Qonaqlar Azərbaycan mətbəxinin ləziz təamları və şirniyyatları, həmçinin müxtəlif nəşrlərlə tanış olublar. Tədbir böyük maraqla qarşılanıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR