Moskvada Azərbaycan səfirinin təşəbbüsü ilə “Dünyanın rəngləri” yaradıcılıq sərgisi açılıb - FOTO

Moskvada Azərbaycan səfirinin təşəbbüsü ilə “Dünyanın rəngləri” yaradıcılıq sərgisi açılıb - FOTO
# 30 may 2023 23:55 (UTC +04:00)

Moskvada diplomatik korpusun duayeni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü, Rusiya Xarici İşlər Nazirliyinin dövlət protokolu departamentinin və Moskva Müasir İncəsənət Muzeyinin təşkilatçılığı ilə “Dünyanın rəngləri” yaradıcılıq sərgisi açılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, ekspozisiyada Moskvada fəaliyyət göstərən 16 səfirliyin əməkdaşlarının 150 əl işi nümayiş etdirilir. Diplomatlar rəngkarlıq, qrafika, art-obyekt və digər janrlarda müxtəlif mövzulara həsr olunmuş əl işlərini tamaşaçılara təqdim ediblər.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko sərginin açılış mərasimində çıxış edərək bildirib ki, bir-biri ilə sıx bağlı olan diplomatiya və incəsənət müxtəlif ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşma və etimadın yaranmasında mühüm rol oynayırlar: “Bəzən bədii əsərlər sözlə deyilməsi mümkün olmayan həqiqətləri çatdırır. Həm qələm, həm də fırça ustası olan diplomatlar isə bunu daha inandırıcı edə bilirlər”.

Moskvadakı diplomatik korpusun duayeni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında qeyd edib ki, müasir mürəkkəb dünyada diplomatların həm də yaradıcılıqla məşğul olması sevindirici haldır. “Düşünürəm ki, bu sərgi yaradıcılığı nümayiş olunan hər bir diplomat üçün Rusiya paytaxtındakı fəaliyyəti dövründən xoş xatirə kimi qalacaq. Çünki yaradıcılıq həvəsi heç zaman sönmür”.

P.Bülbüloğlu gələn il ekspozisiyanın daha geniş və müxtəlif janrlarda təqdim olunacağını bildirib, sərginin təşkilində yardıma görə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Vasili Sereteliyə təşəkkür edib.

Sərginin açılışında çıxış edən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Vasili Sereteli incəsənətin ölkələr və xalqlar arasında birləşdirici rolunundan danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR