Moskvada Heydər Əliyevə həsr olunan fotosərgi açılıb

Moskvada Heydər Əliyevə həsr olunan fotosərgi açılıb
# 10 may 2022 22:08 (UTC +04:00)

Moskvada Xalq Təsərrüfarı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) “Azərbaycan” Pavilyonunda “Müasir Azərbaycan dövlətçiliyinin memarı” adlı fotosərginin açılışı olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 99-cu doğum gününə həsr olunan fotosərginin açılış mərasimində Azərbaycan və Rusiyanın tanınmış siyasi ekspertləri, Azərbaycanın Rusiyadakı Səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova fotosərginin açılış mərasimində çıxış edərək bu günki tarixin bütün azərbaycanlılar üçün əhəmiyyətli olduğunu söyləyib: “Çünki Heydər Əliyev bütün dünya azərbaycanlılarının ümummilli lideri idi. Heydər Əliyevin o qədər geniş və qlobal miqyasda şəxsiyyət idi ki, onu kitablara, sərgilərə sığışdırmaq çətindir. Bizim üçün bu tarixi qeyd etmək olduqca önəmlidir. Bu günki fotosərgidə nümayiş olunan fotolar ümummilli liderin həyat və fəaliyyətini əks etdirən nadir fotolardır. Bilirsiz, bir neçə gün bundan qabaq Şuşada Dünya Azərbaycanlılarının qurultayı baş tutdu. Mən də orada iştirak edirdim. Şuşada həmin tədbirdə olarkən bir fikir ağlıma gəldi. Bu o fikir idiki, həmin gün dünya azərbaycanlılarının Şuşada bütünləşməsinin əsasını məhz Heydər Əliyev qoymuşdu. Məhz Heydər Əliyev Dünya Azərbaycanlılarının vahid amal uğrunda, güclü Azərbaycan uğrunda birləşməsinin əsasını qoymuşdu. Onun nüfüzü, şəxsiyyəti dünyadakı bütün azərbaycanlıları birləşdirmişdi və indiyədək harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı özü üçün istinad nöqtə kimi vətəni Azərbaycanı əsas götürür. Sözsüz ki, Heydər Əliyev müasir Azərbaycanın bərpa olunması üçün çox böyük işlər görüb. O, ən çətin vaxtda Azərbaycana qayıdaraq müharibəni dayandırıb, xalqı ətrafında birləşdirib. Faktiki olaraq bizə müasir, güclü Azərbaycanı bəxş edib. Hansı ki, bu gün həmin Azərbaycan regionun lider dövlətinə çevrilib. Biz bu gün Rusiya torpağında, Moskvada əminliklə deyə bilərik ki, Rusiya-Azərbaycan əlaqələrinin qurulmasında ən böyük rolu Heydər Əliyev oynayıb. Məhz onun addımları, müdrikliyi, xarizması, siyasi intellekti və uzaqgörənliyi ilə əsası qoyulan münasibətləri bu gün onun oğlu, prezident İlham Əliyev davam etdirir. Heydər Əliyev haqqında günlərlə danışmaq olar. Bir sözlə, Heydər Əliyevin bizə qoyduğu ən böyük miras bu gün Azərbaycanla və azərbaycanlı olmağımızla fəxr etməyimizdir”.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova bildirib ki, 10 May təkcə Azərbaycanda deyil, bütün dünyada yaşayan azərbaycanlılar üçün əlamətdar bir tarixdir: “Tarixdə nadir hallarda olur ki, bir böyük siyasi xadimin doğum gününü haqlı olaraq bütün ölkənin ad günü adlandırmaq olar. XX əsrdə Azərbaycan müstəqil dövlətinin varlığı çox tez-tez təhlükə altında olurdu və hər dəfə ölkəni ölümcül addımdan, xalqı ölümdən bir nəfər xilas edirdi. Heydər Əliyev öz nüfuzu, müdrikliyi, xarizması, siyasətçi istedadı və ən mürəkkəb situasiyalarda gözlənilməz çıxış yolu tapmaq bacarığı ilə təkcə Azərbaycanın xilaskarı kimi deyil, həm də dövlətin yaradıcısı kimi azərbaycanlıların yaddaşında əbədi olaraq qaldı. 10 May Azərbaycanın və azərbaycanlıların öz vətənlərini xilas etmiş insanı minnətdarlıqla xatırladığı gündür. Böyük siyasətçi, azərbaycanlıların ümummilli lideri Heydər Əliyev yeni, çiçəklənən Azərbaycanı dünyaya açmış böyük memar kimi yaratdığı ölkədə əbədi yaşayacaqdır”.

Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko və Rusiya Siyasi Tədqiqatlar İnsitutunun direktoru, tanınmış siyasi ekpsert Sergey Markov tədbirdə çıxış edərək Heydər Əliyevin SSRİ dönəmində Rusiya üçün gördüyün işlərdən söz açaraq ümummilli liderin qlobal miqyasda dövlət xadimi olduğunu xüsusi vurğulayıblar. Bildiriblər ki, Heydər Əliyevin Moskvada çalışdığı dövrdə dövlətin həyati əhəmiyyətli sahələrinin idarəsinin ona tapşırılması dünyanın nəhəng dövləti olmuş Sovetlər İttifaqının Heydər Əliyevin siyasi intellektinə və iderəetmə qabiliyyətinə etimadının göstəricisi olub.

Sərgi çərçivəsində qonaqlara görkəmli dövlət xadimi Heydər Əliyevin həyatından bəhs edən filmlər və arxiv videoçarxları nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR