Moskvada Vətən müharibəsi şəhidləri anılıb - FOTO

Moskvada Vətən müharibəsi şəhidləri anılıb - FOTO
# 27 sentyabr 2022 22:19 (UTC +04:00)

Moskvada İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı Səfirliyinin və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşkiltçılığı ilə keçirilən tədbirdə hər iki ölkənin ictimaiyyət və media nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları, o cümlədən Həştərxan vilayətinin Dumasının deputatı Oleq Şein iştirak edib.

Tədbiri giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, 27 sentyabr tarixinin Anım günü kimi qeyd edildiyini və həmin gün torpaqlarımızı azad edən şəhidlərimizi yad etdiyimizi diqqətə çatdırıb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətçiliyinin tarixi üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın 20 faizdən çox ərazisini, Azərbaycanın mirvarisi Qarabağı, Şuşanı işğal altında saxladığını xatırladıb.

P.Bülbüloğlu qeyd edib ki, möhtərəm Prezidentimiz dəfələrlə ən yüksək tribunalardan çıxış edərək, Azərbaycan xalqının münaqişəni sülh yolu ilə həll etmək istədiyini, əks halda öz torpaqlarını güc yolu ilə azad etmək hüququndan istifadə etməyə hazır olduğunu bildirib. BMT-nin Nizamnaməsində hər bir ölkənin özünü müdafiə etmək hüququnu əks etdirən xüsusi bəndin olduğunu diqqətə çatdırıb

Azərbaycanın Rusiyadakı səfiri qismində KİV-ə verdiyi müsahibələrində Azərbaycanın münaqişəni danışıqlar yolu ilə həll etməyə hazır olduğunu, lakin bu məsələ həllini tapmadığı təqdirdə, gücdən istifadə edəcəyini bildirdiyini xatırladan P.Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin atası ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, möhkəm iradəsi sayəsində torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb: "Ermənistanın növbəti təxribatına cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində Azərbaycan ordusu möhtəşəm qələbə qazanmışdır və Qarabağ bu gün azaddır".

Səfir qeyd edib ki, məğlub olduğunu görən çarəsiz düşmən gecə vaxtı, qadağan olunmuş silahlarla Azərbaycanın dinc şəhərlərini bombalayıb və nəticədə 100-ə yaxın Azərbaycan vətəndaşı həlak olub, 400-dən çox insan yaralanıb:"Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq" .

Ağdamda olan xarici jurnalistlərin şəhəri “Qafqaz Xirosiması”na bənzətdiklərini bildirən səfir şəhərlərimizin, kəndlərimizin dağıdıldığını və XXI əsrdə belə vandallıq aktının törədilməsinin dəhşətli olduğunu diqqətə çatdıraraq, dünyanın işğal olunmuş ərazilərdəki bu vəhşiliyə göz yumduğunun təəccüb doğurduğunu qeyd edib.

Yeganə təsəllinin azad edilmiş ərazilərimizdə həyata keçirilən sürətli bərpa işləri olduğunu vurğulayan P.Bülbüloğlu 8 ay ərzində Füzuli hava limanının tikildiyini, ilin sonunadək Zəngilanda hava limanının tikintisinin başa çatdırılacağını, 9 ay ərzində Şuşaya “Zəfər yolu”nun çəkildiyini və hazırda körpü, tunelləri olan yeni möhtəşəm yolun salındığını və beləliklə, Şuşaya yolun daha da qısalacağını diqqətə çatdırıb.

Səfir, həmçinin Azərbaycanın musiqi beşiyi sayılan Şuşada, demək olar ki, hər gün beynəlxalq tədbirlərin keçirildiyini xüsusi vurğulayıb.

P.Bülbüloğlu vaxtilə ümummilli lider Heydər Əliyevin erməni əsirliyindən azad edə bildiyi Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün büstlərini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şuşaya ilk səfərində birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə “öz vətəninə” qaytararaq, onların açılışını etdiyinə görə təşəkkürünü bildirib. Səfir bildirib ki, bu abidələri illər öncə Bakıya gətirəndə Heydər Əliyev demişdir ki, vaxt gələcək və biz onları yenidən Şuşaya aparacağıq: "Prezidentimizin atası Heydər Əliyevin və bütün Azərbaycan xalqının arzusunu gerçəkləşdirdi" .

Səfir Şuşada Bülbülün ev-muzeyinin bərpa edildiyini və oraya səfər edən qonaqların bu məkanı ziyarət etdiklərinin xoş hadisə olduğunu, eləcə də orada artıq bir neçə musiqi tədbirlərinin keçirildiyini söyləyib.

Sentyabr ayının əvvəlində Azərbaycan xalqının yenə şəhid verdiyini və gənc övladlarımızı itirdiyimizi təəssüflə qeyd edən səfir xalqın, dövlətin ədalətsizlik qarşısında özünü müdafiə etməsinin vacibliyini vurğulayıb.

P.Bülbüloğlu onu da qeyd edib ki, bizim vəzifəmiz şəhidlərimizi, onların keçdikləri həyat yolunu, ailələrini heç vaxt unutmamaqdır. Məktəblərə, küçələrə şəhidlərimizin adlarının verildiyini bildirən Səfir Azərbaycan xalqının heç vaxt qəhrəmanlarını unutmayacağına və onların xatirəsinin əbədiləşdiriləcəyinə əminliyini ifadə edib.

Daha sonra AMOR-un məsul katibi Ceyhun Hüseynov çıxış edərək, 44 günlük müharibənin qəlblərimizdə, talelərimizdə və yaddaşlarımızda dərin iz qoyduğunu, 44 gün ərzində harada yaşamalarından və hansı peşə sahibi olmalarından asılı olmayaraq, bütün azərbaycanlıların vahid məqsədə nail olmaq üçün Ali Baş Komandanımızın ətrafında möhkəm birləşdiklərini bildirib. O, tarixi ədaləti bərpa etmək, işğal altında olan torpaqlarımızı azad etmək, 1 milyona yaxın azərbaycanlının yenidən azad edilmiş torpaqlarımızda yaşaması və yaratması naminə 3000-ə yaxın qəhrəman Vətən övladlarının şəhid olduğunu qeyd edib.

Sonra AMOR-un rəhbəri Leyla Əliyevanın müəllifi olduğu və əsgərlərə həsr etdiyi şeir Abbasqulu Həsənovun ifasında səsləndirilib . Həmçinin Fatimə Qəhrəmanlı müəllifi olduğu və Şuşaya həsr etdiyi şeiri tədbir iştirakçılarının diqqətinə çatdırıb..

Tədbirdə gənc azərbaycanlı violonçelist İbrahim Nağıyev və rusiyalı skripkaçı Sofiya Fedotovanın ifalarında musiqilər səsləndirilib.

Səfirliyin Qonaq evinin binasında müharibə dövründə düşmən tərəfindən raket zərbələrinə məruz qalmış ölkəmizin şəhər və qəsəbələrindəki dağıntıları əks etdirən fotosərgi təşkil edilib və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Sonda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ehsan süfrəsi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR