Müşfiq Cəfərov: Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi İranı narahat edir

Müşfiq Cəfərov, Milli Məclisin deputatı

© APA | Müşfiq Cəfərov, Milli Məclisin deputatı

# 28 yanvar 2023 16:20 (UTC +04:00)

“Dünən Tehranda Azərbaycan səfirliyinə hücumu birbaşa Azərbaycan dövlətçiliyinə qarşı hücum kimi qiymətləndirirəm”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov deyib ki, indi regionda sülhü və əməkdaşlığı müzakirə etmək əvəzinə bir-birindən təhlükəli hadisələr baş verir: “Təəssüf ki, İran dövləti öhdəsinə düşən təhlükəsizliyi təmin etmədi. 30 il beynəlxalq sənədlərin, qətnamələrin etmədiyini Azərbaycan Ordusu reallaşdırdığı kimi səfirliyə hücum zamanı əli silahsız bir Azərbaycan vətəndaşı İran kimi gücüylə öyünən dövlətin bacarmadığını etdi”.

Deputat xatırladıb ki, İran Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasından öz məqsədləri üçün istifadə edib, iqtisadi və ticari əlaqələr qurub, gəlirini artırıb: “Ermənistan regiondan öz maraqları üçün istifadə etmək istəyən dövlətlərin əlində sadəcə, oyuncaqdır. Onlar Azərbaycanın güclənməyini özünə hədə görür və Azərbaycan dövlətinin təklif etdiyi kommunikasiya xətləri onları qane etmir. Digər tərəfdən, Ermənistan rəhbərliyi də bilir ki, 30 il əvvəl Qarabağı öz güclərinə işğal etməmişdilər. Buna görə də Ermənistan uzun illər bu torpaqları başqalarının istismarına verdi. İndi bu qüvvələr birləşərək regionda vəziyyəti qızışdıraraq, gərginləşdirərək razılaşmalardan dönmək istəyirlər. Çünki istər kommunikasiya məsələsi, istərsə də Türkiyənin regionda güclənən nüfuzu və Azərbaycanın beynəlxalq aləmdə artan mövqeyi onları narahat edir. İran üçün isə torpaqlarımızın işğal altında qaldığı 30 ildə yaranmış vəziyyət bilavasitə onun üçün gəlir mənbəyini təmin edirdi. İran 30 il ərzində bəzi dövlətlər üçün nəqliyyat dəhlizi rolunu oynayıb. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi İranı narahat edir, tranzit baxımından əhəmiyyəti azalıb. İran üçün mümkün iqtisadi itkilərin miqyasını İran Yol və Nəqliyyat Nazirliyinin statistik rəqəmlərində də görmək olar. 2020-ci il 10 noyabr Bəyannaməsiylə dəyişən geosiyasi vəziyyətə İran həssas mövqe nümayiş etdirir”.

Müşfiq Cəfərov qeyd edib ki, məhz Ermənistanın qətiyyətsizliyinin nəticəsidir ki, bölgədə yenilənmiş "böyük güc yarışması” yaranıb: “İndiki mənzərədən də aydın olur ki, İran Azərbaycanın İsrail və ABŞ-la əməkdaşlığına, yeni yaranmış tərəfdaşlıqlarına qıcıqlanır. Hazırda Tehran regiondakı yeni layihələri özünün iqtisadi mənfəəti baxımından da dəyərləndirir. Azərbaycan isə qonşularla mübahisəli məqamları konflikt dərəcəsinə çatdırmaq istəmir. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycan bu tip gərginlikləri bilavasitə toqquşma səviyyəsinə gətirib çıxartmayıb. Bu səbəbdən də İran öz ölkəsi daxilindəki anti-Azərbaycan siyasətini dayandırmaqla yanaşı səfirliyə hücuma, terror aktına görə Azərbaycan cəmiyyətinə açıqlama verməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR