Müvəqqəti işlər vəkili XİN-ə çağırılıb, Azərbaycan Fransaya nota verib

Müvəqqəti işlər vəkili XİN-ə çağırılıb, Azərbaycan Fransaya nota verib
# 16 noyabr 2022 17:53 (UTC +04:00)

Fransanın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili JüLyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı, Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyi diqqətə çatdırılıb.

Qətnamənin açıq təxribat xarakteri daşıdığı və sülh prosesinə öz töhfəsini vermək iddiasında olan Fransanın növbəti dəfə ermənipərəst, qərəzli və birtərəfli mövqeyini bariz şəkildə nümayiş etdirdiyi bildirilib.

Fransanın bu addımının regionda sülhün bərqərar olmasına, xüsusilə də, ölkəmizin israrlı olduğu Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında normallaşmasına ciddi zərbə vurmaq məqsədi daşıdığı, bölgədə sülhə qarşı olan revanşist qüvvələri həvəsləndirdiyi vurğulanıb.

Sözügedən qətnamənin, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”nin (1993) xüsusilə 2-ci maddəsinin 3-cü bəndi çərçivəsində öhdəliklərə tamamilə zidd olduğu qeyd edilib.

Azərbaycan tərəfi görüşdə Fransa tərəfindən bir daha Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsini təkidlə tələb edib.

Fransanın müvəqqəti işlər vəkili Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR