Muxtar Babayev: Azərbaycan və Aİ arasında ikitərəfli Sazişdə ətraf mühit məsələləri mühüm yer tutur

Muxtar Babayev

© APA | Muxtar Babayev

# 28 oktyabr 2022 09:21 (UTC +04:00)

Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli münasibətləri müəyyən edəcək ikitərəfli Sazişdə ətraf mühit məsələləri mühüm yer tutur.

APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycan Respublikasında hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, ölkəmiz üçün ətraf mühitin mühafizəsi, ətraf mühitə təsirin qiymətləndirilməsi, su ehtiyatlarının və tullantıların idarə olunması, ekoloji təhsil və təlim, davamlı meşə idarəçiliyi, ətraf mühitə dair məlumatların ictimaiyyətə çatdırılması, hava keyfiyyətinin yaxşılaşdırılması, bioloji müxtəlifliyin qorunması kimi məsələlər prioritet hesab olunur ki, bunlar da ikitərəfli Sazişdə öz əksini tapmışdır.

"Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində həyata keçirilən regional layihələrdə də fəal iştirak edir. Ümümdünya Meteorologiya Təşkilatının yaydığı məlumata əsasən iqlimin sürətlə dəyişməsi nəticəsində dünyada təbii fəlakətlərin sayı və intensivliyi artmaqdadır. Planetimizin elə bir regionu yoxdur ki, təbii fəlakətlərlə üzləşməsin, misal üçün Pakistanın 1/3 hissəsində su altında qalan əhali böyük itkilərlə bu faciənin təsiri altındadır. Bu yaxında Amerikada baş verən Yan fırtınası, Fransada dağıntılara səbəb olan atmosfer hadisəsi bir daha göstərdi ki, heç bir iqtisadiyyat iqlim böhranından sığortalı deyil. Təbii ki, belə proseslərin qarşısını almaq mümkün deyil. Lakin vaxtında verilmiş dəqiq proqnoz və xəbərdarlıqlar baş verə biləcək mənfi fəsadları azaltmaq, insanların həyatını xilas etmək mümkün edir. Bu səbəbdən bütün dünyada milli proqnoz qurumlarının potensialının artırılması ölkələrin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Biz Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən ölkələrə göstərilən dəstəyi yüksək qiymətləndirir, qurumla işguzar əməkdaşlığımızı davam etdiririk".

Nazır əlavə edib ki, hazırda Azərbaycan Respublikası tvinninq layihələrinin sayı üzrə regionda liderdir. Və müxtəlif illərdə ölkənin müxtəlif qurumlarının benefisiar olduğu tvinninq layihələri Avropa Komissiyası tərəfindən ən uğurlu layihələr statusunu alıb.

"O cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin benefisiarı olduğu “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin təkmilləşdirilməsi” adlı tvinninq layihəsi 2019-cu ildə Aİ tərəfindən bütün ölkələrdə həyata keçirilən layihələr arasında ən uğurlu layihələrdən biri kimi seçilmişdir.

Bu layihə çərçivəsində ölkəmizdə ətraf mühitin monitorinqi sahəsində həyata keçirilən tədbirlər, yanaşma metodları təhlil edilmiş, Avropa İttifaqının bu sahədəki qabaqcıl təcrübəsinin tətbiqi araşdırılmış və ölkəmizdə ətraf mühitin monitorinqinin və qiymətləndirmə metodologiyalarının müasirləşdirilməsi imkanları öyrənilmişdir. Həmçinin, sözügedən layihə ekoloji məlumatların toplanması, emalı, ötürülməsi, təhlili və əlaqələndirilməsi üzrə qərar qəbulu üçün yüksək keyfiyyətli və etibarlı məlumat təmin edən informasiya sisteminin işlənib hazırlanmasında nazirliyə dəstək olmuşdur.

Bu gün açılışını qeyd etdiyimiz «Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərinin gücləndirilməsi» layihəsinin də yaxın illərdə uğurla icra ediləcəyinə inanırıq".

Muxtar Babayevin sözlərinə görə, layihə Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Ölkənin hidrometeoroloji şəraitinin mürəkkəbliyi və onun iqlim riskləri ilə əlaqədar təhlükələrə qarşı olduqca həssas olması hidrometeoroloji fəaliyyətin səmərəliliyinin artırlmasının ən prioritet məsələlərdən olduğunu göstərir.

"Biz əminik ki, Layihə Azərbaycanda hidrometeorologiyanın müasir beynəlxalq təcrübəyə və tələblərə uyğun fəaliyyət göstərməsinə dəstək verməklə ölkəmizin təbii fəlakətlərə qarşı tələb olunan səviyyədə müqavimət göstərmə imkanlarının artması, təhlükə və risklərin azalması və iqlim amilləri ilə bağlı insan tələfatının və iqtisadi itkilərin qarşısının alınması sahəsində mühüm rol oynayacaqdır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda Dövlət investisiya proqramları çərçivəsində hər il Milli Hidrometeorologiya Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi üçün millionlarla vəsait hidrometeoroloji şəbəkənin avtomatlaşdırılmasına, müasir radar sistemlərinin qurulmasına yönəlir.

İşğaldan azad olunmuş ərazilərdə Dövlət başçısının Sərəncamları ilə “Ağıllı” şəhər və “Ağıllı” kənd konsepsiyasına uyğun quruculuq işləri geniş vüsat alıb. Yeni infrastruktur obyektləri istifadəyə verilib, beynəlxalq əhəmiyyətə malik aeroportlar inşa edilir. Bütün bu işlərin həyata keçirilməsi və planlaşdırmanın düzgün aparılmasında hidrometeoroloji xidmətlər həyata keçirilir, müasir avtomat hidroloji və meteoroloji avtomat stansiyalarla müşahidə şəbəkəsi bərpa olunur. Və burada gələcək planlarımıza uyğun olaraq növbəti illərdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır.

Hava sərhəd tanımır. Regionda hidrometeorloji təhlükəsinliyin təmin edilməsində biz öz töhfəsimizi verməyə, yeni müşahidə sistemlərindən əldə etdiyimiz məlumatlarla paylaşmağa hazırıq. Yalnız səylərin birləşmdirilməsi bizə iqlim risklərinə qarşı dayanıqlığı artırmağa imkanı verəcəkdir.

Bu baxımdan layihə texniki fəaliyyət və kommunikasiya imkanlarının gücləndirilməsi, o cümlədən iqlim məlumatlarının idarə edilməsi, proqnozlaşdırma, erkən xəbərdarlıq sahələrində yerli kadrların potensialının artırılmasında mühüm rol oynayacaqdır.

Sonda mən bir daha Avropa İttifaqına və Avropa İttifaqına üzv dövlətlərin, o cümlədən Finlandiya, Litva və Fransadan olan tərəfdaş qurumlara dəstəyə görə minnətdarlığımı bildirirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR