Nazir: Azərbaycan BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə sadiqdir

Nazir: Azərbaycan BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə sadiqdir
# 25 sentyabr 2022 01:13 (UTC +04:00)

Azərbaycan BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə tam sadiqdir.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı deyib.

Nazir bildirib ki, “bu məqsədlə biz 2030-cu ilə qədər olan yeni inkişaf strategiyasını işə saldıq; bu strategiya öz növbəsində 2030-cu il gündəliyinə uyğunlaşdırılıb. Son bir ildə Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq baxımından daha da irəliləyib və BMT-nin 2022-ci ilədək Davamlı İnkişaf Hesabatında ilk 50 ölkə sırasında yer alıb. Azərbaycan ECOSOC-un himayəsi altında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda üç Könüllü Milli İcmal təqdim edən 12 ölkə arasındadır.

Yaşıl və dairəvi iqtisadiyyata keçid etmək üçün iqtisadiyyatımızın yenidən qurulmasında transformasiya xarakterli dəyişiklikləri davam etdiririk. Təmiz ətraf mühit və yaşıl inkişaf yeni milli inkişaf strategiyamızın beş prioritet sahəsindən biri kimi müəyyən edilmişdir. İqtisadiyyatımızda neft-qaz sektorunun mühüm rol oynamasına baxmayaraq, bu keçid inkişaf gündəmimizdə yüksək yer tutur. Məhz bu xüsusda 2022-ci ilin birinci yarısında Azərbaycanın qeyri-neft sektoru 11 faiz artaraq ÜDM-in 7,2 faiz artmasına təkan verib.


Hazırda Azərbaycan beynəlxalq bazarlara etibarlı karbohidrogen ixracatçısı olmaqla yanaşı, davamlı enerjini inkişaf gündəliyinə tədricən daxil edən nadir ölkələrdən biridir. Bununla əlaqədar olaraq biz, o cümlədən alternativ və bərpa olunan enerjinin yeni elementlərini tətbiq etməklə profilimizi artıracağıq. Bu yaxınlarda imzalanmış Aİ-Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandum Azərbaycanın qlobal enerji təhlükəsizliyinə konstruktiv töhfəsinin yaxşı nümunəsidir.

Davamlılıq, həmçinin işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı yenidənqurma və reabilitasiya fəaliyyətlərində də əsas istiqamətə çevrilmişdir. Müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” anlayışları tətbiq edilməklə indi sıfırdan yeni şəhər və kəndlər salınır. Müharibədən sonra artıq dövlət büdcəsindən bu məqsədlər üçün 3 milyard ABŞ dolları ayrılıb və Azərbaycan gələcəkdə daha çox sərmayə qoymaqda maraqlıdır. Azad edilən ərazi “yaşıl enerji zonası” elan edilib.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan yüksəlişdə olan tranzit ölkədir. Azərbaycan ərazisindən keçən dəhlizlər və marşrutlar yüksək səviyyəli infrastruktur və sürətli, təhlükəsiz tranzit trafiki baxımından nəqliyyat operatorları və biznes subyektləri üçün rəqabət üstünlükləri təklif edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR