Nazir: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyi artırmağa cəhd edib

Nazir: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyi artırmağa cəhd edib
# 25 sentyabr 2022 01:38 (UTC +04:00)

Ermənistan açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyin daha da artmasına cəhd edib.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı deyib.

C.Bayramov daha sonra bildirib: “10 noyabr tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir. Son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib.

Ermənistan bir sıra siyasi və hərbi təxribatlardan sonra, xüsusən də iki ölkə liderlərinin dördüncü Brüssel görüşündən sonra sentyabrın 12-dən 13-nə keçən gecə şərti dövlət sərhədi xətti boyunca gecə vaxtı və mürəkkəb relyefdən istifadə edərək Azərbaycanın hərbi mövqeləri arasındakı yollarda mina yerləşdirərək növbəti irimiqyaslı hərbi təxribata əl atıb.

Daha sonra Ermənistan müxtəlif çaplı silahlardan istifadə edərək Azərbaycan mövqelərini atəşə tutmuşdur ki, bu da Azərbaycan hərbi qulluqçuları arasında itkilərə səbəb olmuş, hərbi infrastrukturuna xeyli ziyan vurmuşdur.

Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhlükənin neytrallaşdırılması, şəxsi heyətin, eləcə də ərazidə yenidənqurma işlərində iştirak edən mülki heyətin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat tədbirlər həyata keçirib. Azərbaycan silahlı qüvvələri son dərəcə təmkin və peşəkarlıq nümayiş etdirərək, Azərbaycan mövqelərinə hücumların qarşısını almaq üçün yalnız Ermənistanın atəş nöqtələrini yüksək dəqiqlikli silahlarla hədəfə alıb.

Ermənistan açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyin daha da artmasına cəhd edib. Belə ki, sentyabrın 13-də Ermənistan, razılaşdırılmış atəşkəsə məhəl qoymayaraq Azərbaycan ərazisini yüksək çaplı silah və artilleriyadan atəşə tutmağa davam edib. Nəticədə Azərbaycan tərəfində 80 hərbçi həlak olmuş, 282 hərbçi və 2 mülki şəxs yaralanmışdır.

Ermənistanın bu cür təhlükəli hərəkətlərinə zidd olaraq, Azərbaycan son dərəcə təmkinli davranıb, müvafiq beynəlxalq tərəfdaşlarla təmaslar da daxil olmaqla bir sıra addımlar atıb, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və həqiqi iradə nümayiş etdirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR