Nazir Ermənistanın “5+6" paketi üzrə danışıqlara başlamaq təklifinə münasibət bildirib - VİDEO

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 10 may 2022 11:27 (UTC +04:00)

Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsipləri üzrə 5 baza prinsipini təqdim etmişdi. Ermənistan isə bu prinsiplərin onlar üçün qəbulolunmaz olmadığını bildirmişdi.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, daha sonra Ermənistanın Azərbaycanın 5 təklifinə qarşı 6 təkliflə çıxış etməsi barədə xəbərlər yayıldı: “Ancaq maraqlı məqam bundan ibarətdir ki, hər kəs Ermənistanın qeyd etdiyi sənədi görüb. Sənədə baxarkən orda görünür ki, bu, təkliflər adlandırıla bilməz. Ermənistan tərəfinin sənədi Azərbaycanın təkliflərinə reaksiya formasında idi. Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə dərəcədə təklif adlandırmaq olar”.

XİN rəhbəri deyib ki, həmin o altı bənddən biri ondan ibarətdir ki, niyə Azərbaycan 21 fevral qeyd edilən baza prinsiplərini mart ayının əvvəlində Ermənistana təqdim edib: “Azərbaycan ilk gündən bunu qeyd etmişdi ki, baza təklifləri vasitəçilər vasitəsilə təqdim olunub. Bunu vasitəçilərdən soruşmaq lazımdır".

Onun sözlərinə görə, növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı hər hansı bir ərazi iddiaları yoxdur: "Hələ 1992-ci ildə hər iki ölkə MDB-yə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Bu da haradasa Azərbaycanın qeyd etdiyi baza prinsipinin təkrarlanmasıdır”.

XİN başçısı vurğulayıb ki, növbəti bənddə 9 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının vacibliyi qeyd olunur: “Bu da yenə sual doğurmayan məqam deyil. Sənədlər mövcuddur və təbii ki, onlar icra olunmalıdır. Digər bənd odur ki, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqları təşkil etmək üçün Minsk qrupu həmsədrlərinə müraciət edir. Bu həmin o məqamda baş verir ki, Ukrayna hadisələri fonunda Minsk qrupu həmsədrləri arasında heç bir əlaqə yoxdur və demək olar bu qrup iflic bir vəziyyətdədir. Mən sizə həmin 6 bəndin 4-nü sadaladım. İndi siz özünüz də bu qənaətə gələ bilərsiniz ki, bunları nə dərəcədə təklif adlandırmaq olar? Ermənistan tərəfi də bunu təklif adlandırmayıb, bunu Azərbaycanın təkliflərinə reaksiya adlandırıb. Azərbaycanın mövqeyini bilirsiniz. Məhz onun təməlini təşkil edən prinsiplər bəyan edilib. Azərbaycan həmin təməl prinsiplər üzərindən danışıqları davam etdirmək və sülh müqaviləsi üzərində işləməyə hazırlığını bildirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR