Nur-Sultanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan “Naxçıvan Müqaviləsi”nin 10 illiyi qeyd olunub

Nur-Sultanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan “Naxçıvan Müqaviləsi”nin 10 illiyi qeyd olunub
# 23 sentyabr 2019 20:37 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun və Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntopun rəhbərliyi altında Azərbaycan və Türkiyənin geniş tərkibli nümayəndə heyəti Qazaxıstanın paytaxtı Nur-Sultanda yerləşən Beynəlxalq Türk Akademiyasını ziyarət edib.

APA xəbər verir ki, spikerlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan “Naxçıvan müqaviləsinin” 10 illiyi münasibəti ilə təşkil olunan dəyirmi masaya qatılıblar.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib, 2009-cu ildə Türk Şurası Dövlət başçılarının ortaq qərarı əsasında Azərbaycanın Naxçıvan şəhərində qurulan Akademiyanın əsas məqsədi Türk xalqlarının qədim və müasir tarixi, dil, ədəbiyyat və mədəniyyətini, habelə, Türk mədəniyyətinin bəşər sivilizasiyasına töhfəsini tədqiqi etmək, Türk dünyasında akademik fəaliyyəti koordinasiyasını həyata keçirməkdir. Bu məqsədlə Akademiya Türk xalqlarının elmi təşkilatlarına elm və təhsil məsələsində yardımçı olur, Türkdilli ölkələr və xalqların ziyalıların təşəbbüslərinə dəstək verir, onları müntəzəm olaraq bir araya gətirir. Akademiya rəhbəri Azərbaycan və Türkiyə parlament rəhbərlərinə türkdilli dövlətlər arasında inteqrasiyaya verdikləri dəstəyə görə təşəkkür edib və onların Akademiyanı ziyarət etməsini yüksək qiymətləndirdiyini bildirib.

Akademiya rəhbəri Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini nəzərə alaraq, ötən il UNESCO-nun Baş qərargahında təşkil olunan beynəlxalq forum çərçivəsində AXC-nin 100 illik yubileyinin qeyd olunduğunu, bu il isə “Nəsimi İli” çərçivəsində yenə də UNESCO-nun Parisdəki mənzil qərargahında təşkilatın himayədarlığı altında keçirilən forumda böyük şairin 650 illik yubileyinin və “Naxçıvan müqaviləsi”nin 10 illiyinin qeyd olunduğunu bildirib.

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov “Naxçıvan müqaviləsi”ni böyük tarixi hadisə kimi xarakterizə edib və onun türkdilli dövlətlərin əməkdaşlığında yeni bir səhifə açdığını bildirib. Azərbaycanın hazırda türkdilli xalqların inteqrasiyasına xidmət göstərən TürkPA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi iki önəmli təşkilata ev sahibliyi etdiyini vurğulayıb. O, son illər Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin xüsusilə nəzərə çarpdığını, yaradıldığı qısa müddət ərzində onun türkdilli xalqların tarixi, mədəni və mənəvi irsinin araşdırılması və təbliği sahəsində bir sıra uğurlara imza atdığını qeyd edib. Spiker öz fəaliyyəti ilə Akademiyanın ümumi dəyərlərimizin qorunmasına və inkişafına hələ çox töhfələr verəcəyinə inandığını bildirib.

Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntop türk dünyasının beynəlxalq münasibətlərdə güclü aktora çevrilməsinin vacibliyini vurğuladı və bu prosesdə bu il 10 illiyi qeyd olunan “Naxçıvan müqaviləsi” ilə qurulan ortaq regional təşkilatların rolunu qeyd etdi. Türk Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyası kimi təşkilatların qısa zaman müddətində mühüm işlər gördüyünü vurğulayıb. O, dəyirmi masaya ev sahibliyi edən Beynəlxalq Türk Akademiyasının vacib elmi tədqiqatlar və elmi ekspedisiyalar təşkil etdiyini, çox sayda kitablar nəşr etdiyini vurğuladı və bu istiqamətdə fəaliyyətin beynəlxalq səviyyədə təqdimatının gərəkli olduğunu diqqətə çatdırıb.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədova və Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntopa türkdilli dövlətlər və xalqlar arasında inteqrasiyanın dərinləşdirilməsi, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafında xidmətlərinə görə Beynəlxalq Türk Akademiyasının “Qızıl medalı” təqdim olunub.

Səfər çərçivəsində qonaqlar Beynəlxalq Türk Akademiyasında fəaliyyət göstərən “Türk Muzeyi”ni ziyarət edib və türkologiya sahəsində 50 mindən artıq nadir kitabların toplandığı kitabxana ilə də tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR