Pakistan-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı ağac əkilib - FOTO

Pakistan-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı ağac əkilib - FOTO
# 27 may 2022 12:01 (UTC +04:00)

Pakistan və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə ağac əkilib.

APA xəbər verir ki, mərasimdə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib.

Səfir jurnalistlərə açıqlamasında iki ölkənin yaxın, qardaş ölkələr olduğunu vurğulayıb və deyib ki, son 30 ildə Azərbaycan-Pakistan əməkdaşlığında böyük nailiyyətlər əldə olunub: “Azərbaycan və Pakistan müxtəlif məsələlərdə, həmçinin ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyib. Pakistan xalqı və dövləti Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olub. Biz Azərbaycana da təşəkkür edirik ki, Kəşmir məsələsində hər zaman Pakistanın yanında dayanır. Biz əlaqələrimizin yalnız siyasi, iqtisadi və müdafiə sahəsində deyil, digər sahələrdə, xüsusilə də xalqlararası münasibətlərimizin daha da dərinləşməsi üzərində işləyirik”.

Səfir Azərbaycana səfər edən pakistanlıların sayının artdığını əlavə edib.

“İki ölkə arasında birbaşa reyslər açıldıqdan sonra qarşılıqlı səfərlər artıb. Çox sayda pakistanlı Azərbaycana səfər edib. Biz bu il 50 minə qədər pakistanlının Azərbaycana səfərini gözləyirik.

Pakistan xalqı Azərbaycanın bütün səylərində yanındadır. İstər münaqişə dövründə, istərsə də torpaqlar azad olunduqdan sonra oradakı yenidənqurma işlərində də Azərbaycanın yanındayıq”, - Pakistan səfiri deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR