Plevneliev: “Azərbaycan-Ermənistan sülh razılaşması dayanıqlı olmalıdır”

Plevneliev: “Azərbaycan-Ermənistan sülh razılaşması dayanıqlı olmalıdır”
# 17 iyun 2022 13:09 (UTC +04:00)

“Azərbaycan Avropa ilə əməkdaşlığa, sərhədlərdən kənara çıxmağa hazırdır. Bu əməkdaşlıq regionda stabillik yaradacaq və region çiçəklənəcək”.

APA xəbər verir ki, bunu Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirədə deyib.

O, bəzi dövlətlər üçün dondurulmuş münaqişələrin qonşu ölkələri asılı saxlamaq üçün alət olduğunu qeyd edib: “Bu zaman inkişaf olmur, heç kim münaqişə vəziyyətində olan ölkələrə investisiya qoymur. Rusiya bu alətdən istifadə edir”.

Rosen Plevneliev buna görə Azərbaycan və Ermənistanın sülh razılaşması əldə etməli olduğunu deyib: “Həmin sülh razılaşması Budapeşt Memorandumuna və ya Minsk razılaşmalarına oxşamamalı, dayanıqlı olmalıdır. Tərəflər danışmalıdır. Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanı inteqrasiya etmək lazımdır. Müasirləşdirilmiş Ermənistana töhfə verən layihələr təklif etməliyik”.

Eks-prezident vurğulayıb ki, bu regionda münaqişə toxumları əkilmişdi: “BMT qətnamələri burada işləmədi. Halbuki bu qətnamələr Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxarılmasını tələb edirdi”.

Bolqarıstanlı siyasətçi Aİ-nin bu gün bölgənin potensialından istifadə edərək regionda sülhə nail olmağa çalışdığını qeyd edib. O, Azərbaycanın Şərq və Qərb arasında dəhliz rolu oynadığını, Xəzər dənizindəki layihələrlə bölgənin inkişafına töhfə verdiyini xatırladıb. O, Cənub Qaz Dəhlizini strateji layihə adlandırıb və Azərbaycana təşəkkür edib.

“Cənub Qaz Dəhlizi strateji və çox vacib layihədir. Bu gün mənim ölkəm Rusiya qazından imtina edə bilirsə bu Cənub Qaz Dəhlizinə görədir. Bu layihə ilə ötürülən qaz nəqli nəticəsində bizim iqtisadiyyatımız dayanmır. Buna görə Azərbaycana təşəkkür edirik", eks-prezident deyib.

Sonda Rosen Plevneliev Rusiyanın siyasətinin dəyişəcəyinə ümidini ifadə edib: “Əminəm ki, Rusiya Putin rejiminin qərarlarının fəsadlarını hiss edəcək. Moskva öz fikrini və yanaşmasını dəyişəcək. Bu da bütövlükdə münaqişə regionlarında sülhün bərqərar olmasına gətirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR