Politoloq: “Avropa siyasi birliyi”nin Zirvə toplantısına dəvət Prezidentin artan nüfuzunun göstəricisidir

Ramiz Alıyev, politoloq

© APA | Ramiz Alıyev, politoloq

# 02 iyun 2023 18:59 (UTC +04:00)

“Ötən gün Moldovada “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı bir sıra siyasi hadisələrlə zəngin oldu. Azərbaycan Prezidenti İlham Əliyevin ikinci dəfə təşkil olunan bu tədbirin hər ikisinə dəvət edilməsi Avropanın ölkəmizə necə böyük əhəmiyyət verdiyini, onu etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın artan nüfuzu, Cənubi Qafqazda yaranan yeni reallıqlar Avropa İttifaqı tərəfindən qəbul olunur”.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Politoloq qeyd edib ki, bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanla hesablaşırlar: “Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Etiraf olunduğu kimi, Azərbaycan Prezidentinin sözü imzası qədər etibarlıdır. Bu, heç də hər bir dövlətin başçısına xas olan xüsusiyyət deyil. Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən qeyri-rəsmi görüş də bu baxımdan bizim üçün əhəmiyyətli idi. Doğrudur, o görüşdə kənar dövlətlərin siyasi liderləri də iştirak etdilər, amma bu, Azərbaycanın mövqeyini dəyişə bilməz. Görüşdə qonaq qismində iştirak edənlər yalnız tövsiyə verə bilərlər, yekun qərarı yenə də Azərbaycan verəcək. Bir sözlə, Fransa və Almaniya siyasi liderlərinin görüşdə iştirak etmələri bizim qərarımıza zərrə qədər də təsir göstərə bilməzdi. Biz bunu 44 günlük Vətən müharibəsində də sübut etdik. Ermənistanın hansısa kənar dövləti sülh danışıqlarına qoşması nəticəsiz olacaq. Əksinə, bu Ermənistanın özünə zərərdir. Yeganə çıxış yolu Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamasıdır”.

Ramiz Alıyev onu da qeyd edib ki, Aİ tərəfindən təşviq edilən “Avropa siyasi birliyi” platformasının məqsədi tək İttifaqın coğrafiyasını genişləndirmək deyil: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də qeyd etdiyi kimi, Aİ-nin qonşu dövlətlərinin qurumdan gözləntiləri artır və həmin gözləntilər bir sıra qonşuların Aİ ilə yeni münasibətlər qurması ilə əlaqədardır. Bu isə Reykyavikdən Bakıya, Oslodan Ankaraya uzanan geosiyasi birlikdən qaynaqlanır. “Avropa siyasi birliyi” Avropanın üzləşdiyi əsas çağırışların, ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə dövlət və hökumət başçıları üçün qeyri-rəsmi və sərbəst mühit yaratmaq üçün yaradılıb”.

Politoloq xatırladıb ki, “Avropa siyasi birliyi”nin 1-ci Zirvə toplantısı 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib: “Prezident İlham Əliyevin Praqa görüşünə dəvət olunması Azərbaycanın Avropanın strateji prioritetlərindən biri olduğunu təsdiqlədi. Praqa Zirvə toplantısında Azərbaycan və Ermənistan liderlərinin görüşü oldu və tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar. Bu, çox mühüm razılaşma idi. Kişineudan keçirilən sonuncu qeyri-formal görüşdə də Alma-Ata Bəyannaməsinə uyğun olaraq sərhədlərin müəyyənləşməsinin vacibliyi bir daha dilə gətirildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR