Prezidentin köməkçisi Ermənistanın Naxçıvana gedəcək yolların koordinatlarını verməməsinə münasibət bildirib

Hikmət Hacıyev

© APA | Hikmət Hacıyev

# 22 aprel 2022 17:46 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında kommunikasiyaların açılması üçün Ermənistan tərəfinin koordinatları verməməsinə münasibət bildirib.

APA xəbər verir ki, Prezidentin köməkçisi Şuşada jurnalistlərə açıqlamasında deyib ki, burada Ermənistanın öz üzərinə götürdüyü öhdəliklər var.

“Biz ilk növbədə üçtərəfli bəyanata baxmalıyıq. Bu bəyanatın 9-cu bəndində qeyd olunur ki, Ermənistan maneəsiz şəkildə həmin ərazi boyunca nəqliyyat vasitələrinin keçidini təmin etməlidir və bununla bağlı öz üzərinə öhdəlik götürüb. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu günə kimi üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmir. Ona görə də Azərbaycan tərəfindən hər fürsətdə bu məsələ qaldırılır. Çünki bu, üçtərəfli bəyanata əsasən, Ermənistan üzərinə düşən öhdəlikdir. Müxtəlif platformalarda da israrlı şəkildə Azərbaycan tərəfindən bu məsələ qaldırılır”, - Hikmət Hacıyev qeyd edib.

O vurğulayıb ki, Azərbaycan tərəfi öz üzərinə düşən məsələlərdən də çıxış edərək və öz siyasi gündəliyinə uyğun olaraq, regionda vəziyyətin daha da sabitləşdirilməsi, sülhün gücləndirilməsi, kommunikasiyaların açılması istiqamətində səylərini davam etdirir.

“Azərbaycanın milli maraqları əsasında bu imkanlar həyata keçirilir”, - Prezidentin köməkçisi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR