Putin Ərdoğanı Soçi görüşü barədə məlumatlandırıb - YENİLƏNİB - VİDEO

Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan

© APA | Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan

# 03 dekabr 2021 20:50 (UTC +04:00)

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin türkiyəli həmkarına Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il Bəyanatının imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.
"Danışıqların gedişatında Bakı və İrəvanın regionda sabitliyin təmin edilməsi kontekstində əməkdaşlığa, eləcə də iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazırlığının təsdiqlənməsi vacibdir. Bundan əlavə, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının vasitəçilik rolunun vacibliyini qeyd edərək, səylərin gələcək koordinasiyasının, o cümlədən atəşkəs rejiminə və münaqişə zonasında bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu bildirib", deyə Kremlin məlumatında qeyd olunub.

Rusiya və Türkiyə liderləri Suriya və Liviya problemlərini də müzakirə ediblər.

"Həmçinin Suriyada vəziyyətin sabitləşdirilməsi və sülh prosesinin bərqərar olması üçün əməkdaşlığın səviyyəsindən qarşılıqlı məmnunluq ifadə olunub. İki ölkənin hərbçiləri bundan sonra İdlib deeskalasiya zonasında birgə fəaliyyətini davam etdirəcək”.

Liviyadakı vəziyyətə gəlincə, BMT-nin vasitəçiliyi ilə siyasi və diplomatik nizamlanmaya alternativlərin olmaması vurğulanıb. Liviyanın dövlətçiliyinin və ərazi bütövlüyünün bərpasına yardım etməli olan 2021-ci il dekabrın 24-nə təyin edilmiş ümummilli seçkilərin uğurla keçiriləcəyinə ümid ifadə olunub”.

Ukrayna münaqişəsini müzakirə edərkən Putin və Ərdoğan 2015-ci il Minsk Kompleks tədbirlərinə və digər razılaşmalara, o cümlədən “Normand formatı”na tam riayət olunmasının vacibliyini qeyd ediblər.

Rusiya prezidenti Kiyevin Minsk razılaşmalarını pozmağa yönəlmiş destruktiv xəttini davam etdirdiyinə diqqət çəkib. Bunu Ukrayna silahlı qüvvələrinin münaqişə zonasında təxribatçı fəaliyyəti, o cümlədən “Bayraktar” pilotsuz uçuş aparatlarından istifadə etməsi sübut edir. Kiyevin Donbasa güc tətbiqi cəhdlərindən əl çəkməsinin vacibliyi vurğulanıb.

Gələcək şəxsi təmaslar barədə razılıq əldə olunub.

***

19.40

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, onlar Türkiyə-Rusiya əlaqələrini müzakirə ediblər.

Türkiyə və Rusiya liderləri Azərbaycan-Ermənistan münasibətlərini, Suriya, Liviya və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR