Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb
# 16 noyabr 2022 15:29 (UTC +04:00)

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb.
APA xəbər verir ki, bu barədə bu gün Qazaxıstan səfiri Serjan Abdıkarimov keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, 20 noyabrda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq, Qazaxıstanın Azərbaycandakı səfirliyində 262 saylı seçki məntəqəsi yaradılıb.
Səfirin sözlərinə görə, Azərbaycanda yaradılmış məntəqədə ölkəmizdə daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik şəxslər səs verə biləcəklər.
Diplomat əlavə edib ki, seçki məntəqəsi lazımi avadanlıqlarla təchiz edilib.
Qeyd olunub ki, seçkilərlə bağlı səsvermə noyabrın 20-də, bazar günü, saat 07-dən 20-dək keçiriləcək.
20 noyabr seçkiləri Qazaxıstan müstəqillik əldə etdikdən sonra sayca 7-ci prezident seçkiləri olacaq. Müxtəlif siyasi baxışlara malik 6 namizəd prezident kürsüsü uğrunda mübarizə aparır, onlardan 2-si qadındır. Bu da onu göstərir ki, Qazaxıstan uzun illərdir ölkədə gender bərabərliyi üzərində işləyir.
Səfir qeyd edib ki, Azərbaycandan da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərinə müşahidəçi missiyası göndəriləcək:”Prezident seçkilərində 641 müşahidəçinin iştirak edəcəyi gözlənilir. Bu müşahidəçilərdən 109 nəfəri 35 xarici ölkədəndir və onlardan 8-i Azərbaycandandır”.
“Qazaxıstanda 2023-cü ildə parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Qazaxıstan üçün qarşıdan gələn dövr çox vacibdir, və biz ümid edirik ki, həm prezident, həm də parlament seçkilərində yüksək fəallıq olacaq”- deyə diplomat əlavə edib.
Səfir həmçinin Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayevin ölkədə həyata keçirilməsi nəzərdə tutulan siyasi islahatlarla bağlı 4 paket irəli sürdüyünü qeyd edib : "Bu paketlərə siyasi partiyaların qeydiyyatı üçün qeydiyyat həddinin 20 min nəfərdən 5 min nəfərə qədər azaldılması, partiyaların təqdim etdiyi seçki siyahılarında qadınlar və gənclər üçün 30 faizlik kvotanın tətbiqi, Konstitusiya Məhkəməsinin bərpası, regionlarda akimlərin (icra başçılarının) seçilməsi üçün alternativ seçkilərin keçirilməsi və bir çox digər məsələlər daxildir.
Xatırladaq ki, noyabrın 20-si Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə mübarizə aparmaq üçün 6 namizəd (Jiquli Dayrabayev, Kasım-Jomart Tokayev, Nurlan Auesbayev, Meyram Kajıken, Karakat Abden və Saltanat Tursınbekova) qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR