Qərbi Azərbaycan İcması Ermənistanın sərhəddəki təxribatı ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması Ermənistanın sərhəddəki təxribatı ilə bağlı bəyanat yayıb
# 16 sentyabr 2022 21:34 (UTC +04:00)

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını pozaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatlara başlamaqla öz təcavüzkar niyyətini növbəti dəfə ortaya qoyub.

APA xəbər verir ki, b barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

Bildirilib ki, 30 il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini işğal altında saxlayan, nəhayət, qüdrətli ordumuz tərəfindən darmadağın edilərək 10 noyabr 2020-ci ildə kapitulyasiya sənədinə imza atmağa məcbur edilən Ermənistan son iki ildə bütün vasitələrdən istifadə edərək öz öhdəliklərini yerinə yetirməkdən yayınmış, hərbi güc toplayaraq yenidən Azərbaycan ərazilərini işğala cəhd göstərib.

“Özünün təcavüzkar işğalçılıq niyyətini Azərbaycanın Qarabağ bölgəsində hələ də yaşamaqda davam edən erməni millətindən olan 20-25 min nəfər əhalinin müdafiəsi pərdəsi altında həyata keçirən, insan hüquqlarından ağız dolusu dəm vuran Ermənistan dövləti yaddan çıxarmamalıdır ki, Qarabağ münaqişəsinin ilk mərhələsində – 1988-1991-ci illərdə Ermənistanın 22 rayonunun 300-ə yaxın yaşayış məntəqəsindən 300 min nəfərə yaxın azərbaycanlı əhali ermənilərə xas qəddarlıq və vəhşiliklə qovulmuşdur. Həm də bu aksiya Ermənistanın dövlət rəsmilərinin, partiya, hökumət və hüquq mühafizə orqanlarının rəhbərliyi və təşkilatçılığı altında həyata keçirilmişdir.

Ermənistan dövlətinə xatırladırıq ki, hazırda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini atəşə tutduğu təkcə Qərbi Zəngəzur, Dərələyəz və Göyçə mahalları ərazisində 1988-ci ildə 105 xalis azərbaycanlı və 27 ermənilərlə qarışıq yaşayış məntəqəsi olmuşdur və 34 ildən bəri qaçqınlıq həyatı yaşayan bu insanlar öz doğma evlərinə, min illərdən bəri yaşadıqları ata-baba yurdlarına qayıtmağa tam hüquqludurlar və bu hüquq bütün beynəlxalq sənədlərdə təsbit olunmuşdur.

Lakin təəssüf ki, Ermənistan bütün bunları görməzlikdən gələrək, dünyanın diqqətini 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərdən yayındırmağa çalışaraq özünün "yazıq millət” obrazını növbəti dəfə önə çəkməyə, dünya ictimaiyyətini aldatmağa çalışır. Bütün bunların arxasında isə Azərbaycanın regiona sülh gətirmək, regionun iqtisadi inkişafına, region xalqlarının əmin-amanlıq şəraitində yaşamasına nail olmaq təşəbbüslərini əngəlləmək cəhdləri durur.

Təcavüzkar Ermənistan anlamalıdır ki, Azərbaycan xalqı son 200 ildə erməni millətçiləri tərəfindən məruz qaldığı saysız-hesabsız deportasiya, soyqırımı, etnik təmizləmə aktlarından təngə gəlmiş və bütün bunlara son qoyulması üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenə də dəmir yumruq kimi birləşmişdir. Azərbaycana qarşı bir-birini əvəz edən təxribat əməllərinə görə tarixi məsuliyyət daşıyan Ermənistanın hərbi-siyasi rəhbərliyinin növbəti dəfə başını bu dəmir yumruğun altına soxması siyasi korluqdan və könüllü intihardan başqa bir şey deyil.

Qərbi Azərbaycan İcması olaraq belə hesab edirik ki, Ermənistan özünün təcavüzkar əməllərindən dərhal əl çəkməli, 10 noyabr Bəyannaməsinin bütün şərtlərinə əməl etməli, danışıq masası arxasına keçməli, Azərbaycanın irəli sürdüyü və Ermənistanın da qəbul etdiyi beş prinsipə uyğun olaraq Sülh sazişini imzalamalıdır”,-deyə bəyanatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR