Qırğızıstan səfiri: Yeni geosiyasi reallıq Azərbaycanla strateji tərəfdaşlığımızın möhkəmlənməsinə töhfə verəcək - MÜSAHİBƏ

Kayrat Osmonaliyev

© APA | Kayrat Osmonaliyev

Foto al #
# 02 fevral 2023 13:00 (UTC +04:00)

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin APA-ya müsahibəsi

- Cənab səfir, Azərbaycanla Qırğız Respublikası arasında diplomatik əlaqələrinin qurulmasının 30 ili tamam oldu. İki ölkə liderlərinin ötən il ərzində qarşılıqlı səfərlərini, eyni zamanda, beynəlxalq platformalar çərçivəsində təmaslarını nəzərə alsaq, ikitərəfli münasibətlərin inkişaf səviyyəsi qənaətbəxşdirmi?

- Sizin də qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik əlaqələr 30 il əvvəl, 1993-cü il yanvarın 19-da qurulub. 2007-ci il dekabrın 28-də Bişkekdə Azərbaycan Respublikasının səfirliyinin rəsmi açılışı olub. Qırğızıstan Respublikasının Bakıdakı səfirliyi isə 24 oktyabr 2014-cü il tarixində təsis edilib. Qırğız və Azərbaycan xalqlarını dil, tarixi, dini və mədəni köklərin sıx bağladığını vurğulamaq istərdim. Ona görə də qardaş xalqlarımız arasında münasibətlər dərin tarixi köklərə malikdir.

İkitərəfli hüquqi bazanın əsasını Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında 1997-ci il 23 aprel tarixdə Bakı şəhərində imzalanmış Müqavilə və 20 aprel 2022-ci il tarixli Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir. Son 30 il ərzində ölkələrimiz arasında 11 yüksək səviyyəli səfər həyata keçirilib ki, onlardan dördü ikitərəfli olub. İlk səfərlər sırasında 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin “Manas” eposunun 1000 illiyinə həsr olunmuş şənliklərdə iştirakını, 1997-ci ilin aprelində Qırğızıstanın birinci Prezidenti Əsgər Akayevin Azərbaycana rəsmi səfərini qeyd etmək lazımdır.

Qırğızıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər 2021-ci ildən etibarən davamlı inkişaf trayektoriyasına daxil olub, ölkələrarası əlaqələrin dinamikası və səviyyəsi yüksəlib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun 2022-ci il aprelin 19-20 tarixlərində, Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25 illiyi, diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində Azərbaycan Respublikasına rəsmi səfəri hazırkı mərhələdə ikitərəfli münasibətlərdə ən mühüm hadisə oldu. Səfərin ən əsas xüsusiyyəti ondan ibarət idi ki, uzun fasilədən sonra yeni siyasi sənədin – “Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin” imzalanmasına və dövlət başçıları səviyyəsində Dövlətlərarası Şuranın yaradılmasına imkan verdi.

Qırğız Prezidenti cənab Sadır Japarov onu da qeyd etmişdi ki, bu gün dünyada baş verən dərin dəyişikliklər iki ölkə arasında yeni tipli münasibətlərin qurulması üçün tarixi şans verir. Prezident Japarov Azərbaycanla dostluq əlaqələrinin sürətlənməsi və genişləndirilməsi istiqamətində kursun dəyişməzliyini təsdiqlədi.

Prezident İlham Əliyev isə öz növbəsində qeyd etdi ki, “Ölkələrimiz arasında strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə hər zaman beynəlxalq strukturlarda bir-birimizi daim dəstəkləyəcəyik və ikitərəfli şəkildə fəal çalışacağıq”.

Bütövlükdə götürsək, səfər imkan verdi ki, gələcək əməkdaşlığın əsas istiqamətlərini, ikitərəfli münasibətlərin əsas məsələlərini, ticarət və investisiya əməkdaşlığının prioritetlərinə dair Azərbaycan tərəfinin yanaşmalarını müəyyən etmək mümkün olsun.

- Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb. İmzalanmış sənədlərdə qeyd olunan hədəflərə çatmaq üçün səfərdən sonra hansı addımlar atıldı?

- Ölkələrimiz arasında əməkdaşlığın potensialı Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya tərəfindən müəyyən edilir.

2012-ci ilin 29-30 aprel tarixlərində Bişkekdə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib. Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfərindən az müddət sonra isə, 2022-ci il avqustun 16-da Bakıda Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev və Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Azərbaycan və Qırğızıstan Respublikaları arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

İclas çərçivəsində tərəflər strateji əməkdaşlıq və siyasi dialoqu daha da dərinləşdirmək və gücləndirmək əzmində olduqlarını, həmçinin yaxın illər ərzində qarşılıqlı ticarətin həcminin artırılması və çeşidinin genişləndirilməsi üçün birgə səylər göstərməyə hazır olduqlarını bir daha bəyan ediblər.

Tərəflər arasında imzalanmış yekun sənədə - iclasın Protokoluna əsasən, tərəflər “Bişkek-Bakı-Bişkek” birbaşa aviareysinin açılması, o cümlədən üçüncü ölkələrdəki məntəqələrdən (red. – hava limanlarından) istifadə edilməsi və Qırğızıstanla Azərbaycanın təyin olunmuş aviasiya şirkətləri arasında kommersiya əməkdaşlığına dair müvafiq sazişlərin bağlanması məsələlərinin müzakirəsi, Qırğızıstan Respublikasında “ASAN Xidmət” modelinin tətbiqi ilə bağlı Azərbaycan tərəfi ilə təcrübə mübadiləsi aparılması, habelə Qırğızıstanın müvafiq dövlət orqanları (o cümlədən müdafiə, təhlükəsizlik, kənd təsərrüfatı, ekologiya, kartoqrafiya) tərəfindən Azərbaycanın müşahidə peykinin xidmətlərindən istifadə edilməsi barədə razılığa gəliblər.

İkitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün digər sahələr də mövcuddur.

Qeyd etməliyəm ki, ölkələrimiz arasında əməkdaşlıq nazirliklər və müxtəlif qurumlar səviyyəsində ötən il nəzərəçarpacaq dərəcədə intensivləşib. Ölkəmizin Bakıdakı səfirliyi, həmçinin Azərbaycanın Bişkekdəki səfirliyi lazım gəldikdə etibarlı mexanizm rolunu oynayır və bu da öz növbəsində birbaşa ikitərəfli əməkdaşlığa kömək edir.

- Azərbaycan və Qırğızıstan arasında mədəniyyət sahəsində əlaqələr haqqında fikirlərinizi bilmək maraqlı olardı. Çingiz Aytmatovun abidəsinin açılışı nəzərdə tutulurdu. Bu barədə hər hansı yenilik var?

- Mədəni və humanitar sahələrdə ölkələrimiz arasındakı əməkdaşlıq qarşılıqlı maraqla xarakterizə olunur. Fürsətdən istifadə edərək nəzərinizə çatdırmaq istəyirəm ki, 2022-ci il oktyabrın 11-də Dövlətlərarası Şuranın 1-ci iclası çərçivəsində 2023-cü ildə Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin və 2024-cü ildə Qırğızıstanda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi barədə qərar qəbul edilib. Dövlətlərimizin müvafiq strukturları ən yüksək səviyyədən göstərişlər gəldiyini nəzərə alaraq konkret tədbirlər planlaşdırır.

Dahi həmyerlimiz, beynəlxalq səviyyəli mütəfəkkir və yazıçımız Çingiz Aytmatov Azərbaycana hər zaman böyük hörmətlə yanaşırdı və bildiyim qədəri ilə Ümummilli Lider Heydər Əliyevlə dostluq münasibətləri olub və onun yaradıcılığına öz vətənində olduğundan heç də az olmayaraq Azərbaycanda ehtiramla yanaşılıb, məncə hazırda da hörmətlə yanaşılır.

Çingiz Aytmatov vəfatından az müddət öncə, 2008-ci ildə Azərbaycana son səfəri zamanı Prezident İlham Əliyevlə görüşmüş və “Dostluq” ordeni ilə təltif edilmişdir. Çingiz Aytmatovun xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi zaman məsələsidir və mən belə hesab edirəm ki, çox güman bu il, onun 95 illik yubileyinin qeyd olunduğu ildə baş tutacaq. Bu məsələ ən yüksək səviyyədə müzakirə edilib və dəstəklənib. Qırğızıstan səfirliyi də öz növbəsində bu məsələ üzərində çalışır.

Ölkələrimiz arasında mədəni-humanitar əməkdaşlığa gəlincə, onu da vurğulamaq istərdim ki, ötən il Azərbaycan tərəfinin dəstəyi ilə Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına ümumtəhsil məktəbinin tikintisi başa çatdırılıb.

Prezident İlham Əliyevin ötən ilin 11-12 oktyabr tarixlərində Qırğızıstana dövlət səfəri zamanı qeyd olunan Dostluq parkının, Heydər Əliyev və Nizami Gəncəvi adına məktəblərin açılışı olub. Həmçinin ölkələrimizin paytaxtları arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında saziş də imzalanıb. Hazırda Qırğızıstanın Oş şəhəri ilə Azərbaycanın Gəncə şəhəri, Karakol şəhəri ilə Qəbələ şəhəri, Razzakov şəhəri və Şuşa şəhəri arasında qardaşlaşmış şəhər əlaqələrinin yaradılması məsələsi ətrafında müzakirələr aparılır.

- Zəngəzur dəhlizinin açılması həm region, həm də türk dövlətləri üçün çox əlamətdar hadisə olacaq və onları birləşdirəcək. Qırğızıstanın bu layihədə iştirakı barədə nə deyə bilərsiniz?

- Məlum məsələdir ki, Cənubi Qafqazda yeni geosiyasi reallığın yaranması, nəqliyyat və logistika imkanlarının genişlənməsi Qırğızıstanla Azərbaycan arasında dostluğun və strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcək.

Qırğızıstan və Azərbaycan Respublikaları arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin 22-ci bəndində qeyd olunur ki, tərəflər Azərbaycanın nəqliyyat dəhlizinin potensialından istifadə etməklə, multimodal yükdaşımalar da daxil olmaqla ikitərəfli və tranzit yük daşımalarını təşviq edəcəklər.

Azərbaycan-Qırğızıstan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclasının protokolunda da bu müddəa öz əksini tapıb və orada qeyd olunur ki, tərəflər Asiyadan Avropaya yükdaşımaların həcminin artmasını və Mərkəzi Asiya üzrə marşrutların şaxələndirilməsinin zəruriliyini nəzərə alırlar.

Onu da qeyd etməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə çoxlu sayda tranzit yüklərin cəlb edilməsi məqsədilə Azərbaycan tərəfi “Çin-Qırğızıstan-Özbəkistan” dəmir yolu layihəsinin (xəttinin) Türkmənistan üzərindən ölkənizə yönləndirilməsində maraqlı olduğunu bildirib.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin sonlarında Qırğızıstana dövlət səfəri baş tutdu və bu səfər qırğız mətbuatının diqqət mərkəzində oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin səfərini və ölkə rəhbərlərinin görüşü zamanı imzalanmış sənədləri necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin 11-12 oktyabr tarixlərində Qırğızıstana dövlət səfərinə ölkəmizdə böyük əhəmiyyət verildi. İki ölkə liderinin apardığı danışıqlar zamanı dövlətlərarası münasibətlərin dərinləşdirilməsi məsələlərinin geniş spektri, regiondakı vəziyyət və beynəlxalq səviyyədə inkişafına dair aktual məsələlər müzakirə olunub.

Bundan öncə də qeyd etdiyim kimi, bu səfər zamanı Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib, əməkdaşlıq barədə sənədlər imzalanıb.

Cənab Sadır Japarov və cənab İlham Əliyev ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə yönələn bir sıra sənədlərin imzalandığı danışıqlar prosesinin yekunlarından məmnun olduqlarını ifadə ediblər.

İmzalanmış sənədlər arasında növbəti razılaşmalar yer alır: “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərarı”, o cümlədən "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş".

Qeyd edim ki, Azərbaycan-Qırğız İnkişaf Fondunun ilkin nizamnamə kapitalı 25 milyon dollardır.

Müxtəlif ekspertlər onu da qeyd ediblər ki, dövlətlərimiz arasında hazırkı dövrdə ən yüksək səviyyədə stabil və səmərəli siyasi dialoq qurulub ki, bu da ikitərəfli münasibətlərin inkişafına zəmanət verir.

Fürsətdən istifadə edərək, qardaş xalqlarımızı diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi münasibətilə təbrik edir, sülh, sabitlik və firavanlıq arzulayıram.

Foto: Orxan Kərimov © APA Group

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR