Qlobal Bakı Forumunda Qərbi Balkanda təhlükəsizlik barədə müzakirə aparılıb - FOTO

Qlobal Bakı Forumunda Qərbi Balkanda təhlükəsizlik barədə müzakirə aparılıb - FOTO
# 17 iyun 2022 16:34 (UTC +04:00)

Bu gün IX Qlobal Bakı Forumu çərçivəsində “Dəyişən Avropa və Qərbi Balkan regionunun təhlükəsizliyi” mövzusunda panel keçirilib.

APA xəbər verir ki, panelin moderatoru Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Suzan Elliott olub.

Albaniya Respublikasının Prezidenti İlir Meta deyib ki, Albaniya Avropa İttifaqının Qərbi Balkana qədər genişlənməsinin tərəfdarıdır: “Biz Avroatlantik təhlükəsizlik sisteminə daxil olmalıyıq. Rusiya buna təsir göstərmək istəyirdi. ABŞ və Avropa arasındakı təzadlardan məhz Rusiya faydalanır. Ona görə də Avropa İttifaqı Qərbi Balkanın daha da inkişaf etdirilməsinə təkan verməlidir. NATO-ya dəyər verməklə yanaşı, Avropa İttifaqı öz ordusunu yaratmalıdır. Eyni zamanda, Kosovanın müstəqilliyi tanınmalıdır”.

O, problemlərin həllinin müzakirələrdən keçdiyini vurğulayıb: “Mən burada yenidən debat açılmasını istəməzdim. Beynəlxalq Məhkəmə Kosovanın müstəqilliyini tanıyıb. Biz bu problemin həllinə kömək etməliyik. Biz problemlərimizi həll etməklə Avropa İttifaqına qoşula bilərik”.

Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç (2010-2015-ci illər) bildirib ki, bu gün Qərbi Balkanda millətçilik çox güclüdür: “Qərbi Balkan ölkələrinin hamısı Avropa İttifaqı və NATO-ya üzv olmalıdır”.

İvo Yosipoviç qeyd edib ki, ilk növbədə Bosniya və Hersoqovinada daxili islahatlar aparmalıdır: “Bosniya və Hersoqovina liderləri gələcəklə bağlı fürsətlərdən yararlanmalıdır. Bolqarıstan və Şimali Makedoniya ilə bağlı problemlər çözülür. Düşünürük ki, Şimali Makedoniya üçün Avropa ittifaqının qapısı açılır. Monteneqro üçün Avropa İttifaqına qəbul daxili problemlərin həllinə kömək edəcək. Ümumiyyətlə, Avropa İttifaqına qəbulla bağlı danışıqlar, namizəd ölkə statusu da Qərbi Balkan ölkələrində problemlərin həllinə də müsbət təsir edir”.

Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Suzan Elliott qeyd edib ki, Qərbi Balkan ölkələri korrupsiyaya qarşı mübarizə aparmalıdır və ABŞ da Qərbi Balkan ölkələrinə dəstək verməlidir.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç (2004-2012-ci illər) Kosovanın Serbiyanın ərazisi olduğunu bildirib: “Albaniya Prezidenti Kosovanın tanınmalı olduğunu bildirdi. Serbiya Qərbi Balkanın mərkəzində yerləşir, digər Qərbi Balkan ölkələrinin əhatəsində yaşayır. Biz reallıqlar çərçivəsində problemin həllini tapmalıyıq. 10 il Serbiyanın Prezidenti olmuşam, Qərbdə bizə daim NATO-ya, Avropa ittifaqına inteqrasiya ilə bağlı sözlər söylədiniz. Deyirdilər ki, Serbiyanın Qərb sivilizasiyasına qoşulması üçün Kosovanın müstəqilliyini tanımalıdır. Bizə deməyin ki, ölkənin ərazi bütövlüyünü pozun. Mənim ölkəmdə bu, cinayət məsuliyyəti doğurur. Vladimir Putin dedi ki, əgər Kosova müstəqilliyi tanınmalıdırsa, “Donetsk” və “Luqansk”ın da müstəqilliyini tanıyın. Mən “Donetsk” və “Luqansk”ın müstəqilliyinin tanınmasına qarşı çıxdım. Amma Serbiyadan Kosovanın müstəqilliyini tanınmasını tələb etmək düzgün deyil. Mən Yuqoslaviyanın mövcud olduğu dövrdə tələbə idim, Albaniyanın müstəqil olması fikrini dəstəkləmişdim. Bu, o dövr mənim özüm üçün təhlükəli bir fikir idi. Yeri gəlmişkən, son 10 ildə Qərbi Balkanda Avropa İttifaqı, Türkiyə, Rusiya aktiv idi. İndi Ukraynada yaranan problemdən sonra Avropa İttifaqı Qərbi Balkanda daha aktiv olmağa çalışır”.

Boris Tadiç qeyd edib ki, hələ kommunizm dövründə Serbiyanı Avropa İttifaqının üzvü kimi görməyi arzulayıb: “Ancaq indi mən nə qədər nikbinəm? Qərbi Balkan ölkələrinin bir hissəsi Avropa İttifaqına, NATO-ya üzvdür, Serbiya üzv deyil. Kosovanın müstəqilliyinin tanınması beynəlxalq hüquqa ziddir. Kosovanın müstəqilliyi tanınırsa, Ukraynada “Donetsk” və “Luqansk”ın da müstəqilliyi tanınmalıdır. Bu, çox çətin, mürəkkəb bir situasiyadır. Ukrayna Avropa İttifaqına, NATO-ya üzv olsa, ərazi bütövlüyü də tanınacaq, bu da başqa problemlərə də yol açacaq. Mən müzakirələri real müstəviyə çəkmək istəyirəm. Serbiya heç vaxt Kosovanın müstəqilliyini tanımayacaq. Həm də Avropa İttifaqı il-ildən şərtlərini dəyişir. Mən Prezident olanda 70 faiz Avropa İttifaqına üzvlüyə tərəfdar idi, indi bu, 45 faiz azalıb”.

Macarıstanın sabiq Baş naziri Peter Medyeşi (2002-2004-cü illər) bildirib ki, Boris Tadiçi dinləyərkən xəyalları məhv olub: “Biz Avropa İttifaqından nə gözləyirik? Avropa İttifaqına baxsaq, burada ilk növbədə Almaniya və Fransanın barışdığını görürük. Almaniya və Fransa aralarında problemin həlli yolunu tapa bildi. Qərbi Balkan da öz problemini həll etməlidir. Mən Ukraynanın Avropa İttifaqına qəbuluna şad olardım. Ancaq real kriteriyalar üzərində iş görülməlidir. Biz Avropa İttifaqının təhlükəsizliyi barədə də düşünməli, yeni qlobal dünya nizamı barədə fikirləşməliyik. Bəyan etməliyik ki, ABŞ bizim üçün vacib oyunçudur və belə də qalacaq. Putin də əbədi qalmayacaq. Rusiya da bizim üçün vacib ölkə kimi qalacaq. Biz çoxqütblü dünyaya yaxınlaşırıq. Bunun üçün də müvafiq təsisat lazımdır ki, belə məsələləri tənzimləsin”.

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç (2003-2018-ci illər) Avropa İttifaqının Monteneqoronu üzvlüyə qəbul etməli olduğunu söyləyib: “Monteneqro 5 il əvvəl NATO-ya üzv qəbul edilib. Bu gün hər kəs etiraf edir ki, NATO-ya üzvlük Monteneqroda sülh və sabitliyi təmin edib. Avropa İttifaqı da Monteneqronu üzvlüyə qəbul etməlidir. Digər tərəfdən, Qərbi Balkanla Avropa İttifaqı arasında əməkdaşlıq konsepsiyası reallaşdırılmalıdır. Qərbi Balkanın ümumi bazar kimi qəbul edilməsi vacibdir. Bir sıra Qərbi Balkan ölkələri ümumi bazar prinsipini qəbul etmədi və biz indi parçalanmaya doğru gedirik”.

Albaniyanın sabiq Prezidenti Sali Berişa (1992-1997-ci illər) Qərbi Balkanda təhlükəsizliyin hələ də mükəmməldən uzaq olduğunu vurğulayıb: “Serbiyanın Prezidenti iki il əvvəl parlamentdə and içdi ki, Serbiya Kosova da daxil olmaqla, ərazi bütövlüyünü bərpa edəcək. Bu o deməkdir ki, vəziyyət ağırlaşacaq. Serbiya və Kosova arasında razılaşmanın əldə edilməsi vacibdir. Digər tərəfdən, Kosovanın etnik bölgələrə bölünməsi təklifi də var, Rusiya da bunu dəstəkləyir. Bu, “Pandoranın qutusu”nun açılmasıdır”.

Kosova probleminin həlli üçün irəli sürülən və uğursuzluqla yekunlaşan təşəbbüsləri xatırladan Sali Berişa Rusiya xarici işlər naziri Sergey Lavrovun Serbiyaya səfərinin baş tutmadığını xatırladıb: “Corc Sorosun və Rusiyanın Qərbi Balkanla bağlı irəli sürdüyü təşəbbüslərin qarşısını almaq lazımdır. Avropa İttifaqı və ABŞ birgə Qərbi Balkan regionun inkişafına çalışmalıdır. Biz problemlərimizi özümüz həll etməliyik, Avropa İttifaqı daxilində problemlərimizin həllinə ümid etməməliyik”.

Suzan Elliott ABŞ-ın Yuqoslaviyanın dağıdılmasına təkan verdiyini söyləyib: “Biz Serbiyanın da maraqlarını unutmamalıyıq. Eyni zamanda, Rusiyanın regionda maraqlarının olduğunu unutmamalıyıq”.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya (2012-2015-ci illər) deyib ki, xəyallar reallığa çevrilə bilər: “Qərbi Balkanda Rusiyadan uzaqlaşmaq lazımdır”.

Panel müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR