Radev: Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər

Radev: Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər
# 30 sentyabr 2022 18:41 (UTC +04:00)

“Cənab Əliyevin bu rəsmi səfərinin ikiqat rəmzi var. Birincisi, biz bu il diplomatik münasibətlərimizin 30 illiyini qeyd edirik. İkincisi, bu səfər çərçivəsində sabah - oktyabrın 1-də biz rəsmi olaraq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışını qeyd edəcəyik. Həmin interkonnektor - bu strateji layihə həm bizim ölkə, həm də Şərqi Avropa üçün çox mühüm layihədir”.

APA xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış edərkən deyib.

O bildirib ki, bu interkonnektor onlara ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək: “Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu, elə bir infrastruktur layihəsidir ki, biz təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik. Həmin bu layihə vasitəsilə biz strateji tərəfdaşlığımızı bir daha təsdiq edirik. Mən cənab Əliyevə təşəkkür edirəm ki, biz bu məsələyə sadiqlik və əzm sayəsində, vaxtilə imzaladığımız strateji tərəfdaşlıq haqqında Bəyannamə əsasında bu gün münasibətlərimizi inkişaf etdiririk”.

Rumen Radev daha bir vacib məsələni də diqqətə çatdırıb: “Mən dünən aldığım bir təklifi cənab Əliyevlə bölüşdüm. Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Bu ilin yayında - iyul ayında cənab Əliyev və xanım Fon der Lyayen sənəd imzalayıblar. Həmin sənədə əsasən yeni yanaşma tətbiq edilməlidir. Bunun sayəsində biz illərlə gözləmək əvəzinə, - bilirsiniz ki, burada mövcud infrastrukturu genişləndirmək üçün böyük sərmayə lazımdır, - həmin bu 4 ölkədə olan infrastruktur vasitəsilə Azərbaycan qazını dərhal digər ölkələrə göndərə bilərik. Beləliklə də qaz daha tez və etibarlı şəkildə Mərkəzi, Qərbi və Cənubi Avropaya çatdırıla bilər. Bu təklif sabah rəsmi olaraq təqdim ediləcək. Biz bunu Avropa Komissiyasının Prezidenti və bu 4 ölkənin nümayəndələri ilə müzakirə edəcəyik. Biz buna hazırıq. Bir ay ərzində yüksəksəviyyəli görüş təşkil edə bilərik. Bununla da layihəni irəli apara bilərik, bu layihəyə start verə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR