Respondentlərin 74,3%-i Türkiyənin Qarabağ məsələsində siyasi dəstəyinə tam inanır - SORĞU

Respondentlərin 74,3%-i Türkiyənin Qarabağ məsələsində siyasi dəstəyinə tam inanır - SORĞU
# 15 mart 2023 11:47 (UTC +04:00)

Sosial Tədqiqatlar Mərkəzinin 2023-cü il ərzində keçirdiyi növbəti rəy sorğusunda postmünaqişə dövründə Türkiyənin Qarabağ məsələsində Azərbaycana siyasi dəstək göstərəcəyinə ictimai inam olduqca yüksəkdir.

Sosial Tədqiqatlar Mərkəzindən APA-ya verilən xəbərə görə, sorğuda 18 yaşından yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib.

Ümumilikdə, sözügedən məsələyə sorğuda iştirak edənlərin mütləq əksəriyyəti, başqa sözlə, 93,5%-i bu və ya digər dərəcədə inamını ifadə edib.

Daha detallı təhlil etsək, Türkiyənin Qarabağ məsələsində Azərbaycana siyasi dəstək göstərəcəyinə sorğu iştirakçılarının böyük hissəsi – 74,3%-i tam, 19,2%-i əsasən inandığını qeyd edib.

Nəticələrə əsasən, ümumilikdə çox cuzi bir hissə - cəmi 2,3% əks mövqedə qərarlaşıb – 1,0% əsasən inanmadığını, 1,3% heç inanmadığını bildirib. Bəhs edilən məsələ ilə bağlı rəyini ifadə etməkdə çətinlik çəkənlər 4,2% təşkil edib.

Sorğu nəticələrinin gender aspketdən təhlilinə əsasən, kişi və qadınlar Türkiyənin Qarabağ məsələsində Azərbaycana siyasi dəstəyinə bərabər səviyyədə inamını ifadə edib. Ümumilikdə, kişilərin 93,8%-i, qadınların 93,2%-i Türkiyənin Qarabağ məsələsində Azərbaycana siyasi dəstək göstərəcəyinə bu və ya digər dərəcədə inamını ifadə edib.

Sorğu nəticələrinin təhlili nəticəsində maraqlı məqamlardan biri müxtəlif nəsilləri təmsil edən respondentlərin Türkiyənin Qarabağ məsələsində Azərbaycana siyasi dəstəyinə qəti və birmənalı inamı ilə bağlıdır.

Sorğu nəticələrinin müxtəlif təhsil kateqoriyaları üzrə təhlili inam səviyyəsinin fərqli təhsil səviyyəsinə malik olan respondentlər arasında yüksək olduğunu deməyə əsas verir.

Analoji nəticəni iş, məşğuliyyət, ailə vəziyyəti, yaşayış sahəsi üzrə demoqrafik nəticələrin təhlili ilə bağlı da qeyd etmək olar.

Qeyd edək ki, Azərbaycanın xarici siyasət sahəsində və postmünaqişə dövründə dinamik Qarabağ siyasətinə və Türkiyənin ölkəmizə siyasi dəstəyinə ictimai münasibətin öyrənilməsi Sosial Tədqiqatlar Mərkəzinin bu istiqamətdə keçirdiyi sorğularda yüksək qiymətləndirilən istiqamətlərdən biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR