Rusiya XİN: Azərbaycanla Ermənistan arasında etno-konfessional təmaslara başlanılıb

Rusiya XİN: Azərbaycanla Ermənistan arasında etno-konfessional təmaslara başlanılıb
# 25 aprel 2022 13:39 (UTC +04:00)

Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi Rusiyanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və onun həyata keçirilməsi heç bir xarici şəraitin dəyişməsindən asılı deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Dördüncü MDB ölkələri Departamentinin rəhbəri Denis Qonçar bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə əsas element Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatları əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməkdir.

“Məlum olduğu kimi, 2020-ci ilin noyabr ayında atəşkəsin təmin edilməsi məqsədilə Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində yerləşdirilib. Bizim sülhməramlılarımız həm də dinc həyatın bərqərar olmasına - humanitar yardımın çatdırılmasına, infrastrukturun bərpasına, əraziləri minalardan təmizləməyə kömək edirlər.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanatların icrası çərçivəsində bir sıra vəzifələr həll edilir. Söhbət Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasından, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasından gedir. Xüsusilə, biz ikitərəfli Sərhəd Delimitasiyası Komissiyasına məşvərətçi yardımı göstərməyə və lazımi kartoqrafiya materiallarını təqdim etməyə hazırıq.

Biz Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində nəqliyyat infrastrukturunun bərpası və inkişafı üzrə konkret layihələrin mümkün qədər tez razılaşdırılmasına doğru gedirik. Bundan əlavə, Rusiyanın himayəsi ilə iki ölkənin vətəndaş cəmiyyətinin xətti ilə etno-konfessional dialoq və təmaslara başlanılıb. Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasına kömək edirik.

Rusiya tərəfi ümumi dil tapmaq, etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq üçün Bakıya və İrəvana bundan sonra da hər cür kömək etməyə qərarlıdır. Eyni zamanda, biz üçüncü ölkələrin bizim üçtərəfli səylərimizi tamamlaya biləcək, geosiyasi oyunlar məntiqinə əsaslanmayan təşəbbüslərini alqışlayırıq.

Təəssüflər olsun ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda bir sıra Qərb mediası və ekspert dairələrinin Cənubi Qafqazda gərginliyin dərəcəsinin artırılmasına çağırışlar etdiyini görürük. Göründüyü kimi, bizim cənub sərhədlərimizdə Rusiyaya əlavə problemlər yaratmaq üçün onun sülhməramlı səylərinə zərbə vurmaq və bununla da, bu regionda öz mövqelərini gücləndirmək lazımdır. Düşünmürük ki, mövcud qüvvələr balansının dəyişməsi Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə xidmət edəcək” - rusiyalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR