Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının birləşməsi istiqamətində ilk addım atılıb - FOTO

Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının birləşməsi istiqamətində ilk addım atılıb - FOTO
# 16 sentyabr 2022 20:43 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq və Moskva Azərbaycanlıları Regional Milli Mədəni Muxtariyyətləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Sankt-Peterburqda Rusiyanın iki ən böyük diaspor təşkilatının rəhbərləri, Vaqif Məmişov və Bəxtiyar Həsənov bundan sonrakı fəaliyyətlərini koordinasiya etmək, azərbaycançılıq kimliyinin, Azərbaycan dilinin, tarixinin, adət-ənənələrinin qorunub saxlanılması, milli mədəniyyətimizin təbliği istiqamətində, eləcə də Rusiyada yaşayan həmyerlilərimizin hüquqi və sosial problemlərinin həlli istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.

Memorandum imzalanmadan öncə diaspor rəhbərləri və görüş iştirakçıları tərəfindən Azərbaycan-Ermənistan sərhədində Ermənistanın təxribatı nəticəsində həlak olan hərbçilərimizin ruhu bir dəqiqəlik sükutla anılıb. Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişov Peterburqun Azərbaycan icmasının Ermənistan tərəfinin sərhəddə təxribatçı hərəkətlərini pislədiyini, eyni zamanda bununla bağlı Rusiya Prezidenti Vladimir Putinə, Dövlət Duması rəhbərliyinə və Xarici İşlər Nazirliyinə müraciət məktubu ünvanladıqlarını bildirib.

Rusiyanın şimal paytaxtında Azərbaycan icmasının fəaliyyətindən, Peterburqun ictimai-siyasi həyatındakı aktiv iştirakından danışan diasopr təşkilatının rəhbəri Moskvada azərbaycanlılarının regional milli mədəni muxtariyyətinin yenidən fəaliyyətə başlamasını əlamətdar hadisə adlandırıb.

O bildirib ki, Moskva Azərbaycanlılarının regional milli mədəni muxtariyyitinə yeni rəhbərliyin seçilməsi, qısa zamanda görülən və görüləcək işlər ümumilikdə Rusiyada yaşayan azərbaycanlıların mənafeyinə xidmət edəcək.

V. Məmişov Moskvanın Azərbaycan diasporu ilə Peterburqun Azərbaycan icması arasında əməkdaşlıq haqqında memorandumun Rusiyadakı Azərbaycan diasporu tarixində çox önəmli hadisə olduğunu, bunun Azərbaycan və Rusiya dövlətləri və xalqları arasında əlaqələrin möhkəmlənməsinə əlavə stimul verəcəyini söyləyib.

Moskvadakı Azərbaycan diasporunun sədri Bəxtiyar Həsənov isə çıxışında imzalanan sənədin Rusiyanın siyasi və mədəniyyət paytaxtını təmsil edən Azərbaycan icmalarının fəaliyyətinə yeni təkan verəcəyini söyləyib. Onun sözlərinə görə, bu sənəd Rusiyadakı bütün Azərbaycan diaspor təşkilatlarına bir çağırışdır:

“Bu çağırış ondan ibarətdir ki, artıq Rusiyada olan diaspor təşkilatlarımızın Azərbaycan dilinin, tarixinin, adət-ənənələrinin qorunub saxlanılması, milli mədəniyyətimizin təbliği istiqamətində, eləcə də Rusiyada yaşayan həmyerlilərimizin hüquqi və sosial problemlərinin həlli istiqamətində əlaqəli şəkildə fəaliyyət göstərməsi üçün birləşməsi vacibdir”.

B. Həsənov Moskva və Sankt-Peterburqdakı Azərbaycan icmalarının Rusiyadakı diaspor təşkilatlarının birləşməsi istiqamətində artıq ilk addımı atdıqlarını və Rusiya Federasiyasının digər regionlarındakı azərbaycanlı milli mədəni muxtariyyətlərinin də onlara qoşulacağına ümid etdiyini söyləyib:

“Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin də diaspor nümayəndələrinin qarşısına qoyduğu vəzifə və tapşırıqlar birləşmək və bir amal uğrunda mübarizə aparmaqdan ibarət idi.

Biz də Moskva və Peterbuq Regional Milli Mədəni Muxtariyyətləri olaraq birləşmək, Rusiyada yaşayan həmyerlilərimizin müraciət ünvanı olmaq, Rusiya ilə Azərbaycan arasında diaspor təşkilatı kimi bütün sahələrdə körpü rolunu oynamaq istəyirik.

Ümid edirik ki, digər regionlardakı milli mədəni muxtariyyətlərimiz də bu addımı atacaqlar”.

Görüşdə çıxış edən digər natiqlər Moskva və Peterburqun Azərbaycan icmaları arasında hansı birgə tədbirlərin keçirilə biləcəyini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR