Rusiyalı ekspertlər: “Ermənistanda revanşa çağırışlar uğursuzluğa məhkumdur” - RƏY

Korotçenko, Markov

© APA | Korotçenko, Markov

# 16 may 2022 15:15 (UTC +04:00)

“Ermənistanda revanşa çağırışlar və müxalifətin dövlət çevrilişinə cəhd etməsi uğursuzluğa məhkumdur. Çünki Ermənistan cəmiyyətinin çoxluğu Azərbaycanla sülhün tərəfdarıdır”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırda düşdüyü vəziyyət üçün Azərbaycanla sülh yeganə mümkün reallıqdır: “Revanş cəhdləri, yeni müharibəyə cəhdlər sadəcə olaraq dalana aparır, Ermənistanı uçuruma yuvarlayır. Düşünürəm ki, ona görə də Ermənistan müxalifəti narazı kütləni İrəvan və digər şəhərlərin küçələrinə çıxarda bilmədi. Bir sözlə, vaxtı ilə Paşinyanın insanları küçələrə çıxararaq Sarqsyanı devirməsini indiki Ermənistan müxalifəti bacara bilmədi. Çünki bunun üçün siyasi şərait mövcud deyil. Bu isə o deməkdir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə alternativ yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımağa və qonşularına qarşı ərazi iddialarından əl çəkməyə məcbur olacaq”.

“Ermənistandakı etirazların arxasında ilk növbədə Rusiyadakı erməni diasporu dayanır”

Korotçenko Ermənistan müxalifətini Rusiyada kim və ya kimlər dəstəkləyir sualına da cavab verib: “Bu, ilk növbədə Rusiyadakı erməni diasporudur. Eyni ilə ABŞ və Fransada olduğu kimi, erməni diasporu müstəqil siyasi subyekt rolunda çıxış edir. İndiki halda Rusiya üçün Cənubi Qafqazda sabitlik və təhlükəsizlik fövqəladə dərəcədə vacibdir. Ona görə də, Rusiyanın rəsmi hakimiyyəti Ermənistan müxalifətinin dövlət çevrilişi edərək Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərinin arxasında dayanmır. O ki qaldı Rusiyadakı erməni lobbisinə, onlar həqiqətən də fəaldırlar. Onlar Rusiyada destruktiv siyasət yürüdürlər. Bəli, onlar güclü və təsirlidirlər, lakin düşünürəm ki, Rusiya onun marağındadır ki, üçtərəfli bəyanatlar tam şəkildə həyata keçirilsin. Həmin razılaşmalar Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmasını, regionda nəqliyyat kommunikasiyalarının, Zəngəzur dəhlizinin açılmasını, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasını və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını özündə ehtiva edir”.

“Ermənistanda əksəriyyət Qarabağın Azərbaycan ərazisi olması həqiqətini anlamağa başlayıb”

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov isə APA-ya açıqlamasında Nikol Paşinyana qarşı üsyan edən revanşist qüvvələrin Ermənistan cəmiyyətinin şok vəziyyətində olmasından istifadə etdiklərini qeyd edib: “Ermənistan cəmiyyətinin əksər hissəsi Qarabağın Azərbaycanın ərazisi kimi tanınması həqiqətini anlamağa başlayıb, lakin bununla barışa bilmir. Paşinyan da bunu başa düşüb. O, artıq bu haqda danışmağa başlayıb. Ona görə də revanşist qüvvələr bu vəziyyətdən istifadə edib hakimiyyəti devirmək istəyirlər. Lakin onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki Qarabağın Azərbaycan ərazisi kimi tanınmasının əleyhinə olanlardan daha çox hakimiyyətə yenidən Koçaryan-Sarqsyanın gəlməsinin əleyhinə olanlar var. Cəmiyyətin böyük bir hissəsi yeni müharibəni istəmir. Ona görə də Paşinyanı devirmək cəhdləri heç bir geniş ictimai dəstək ala bilməyəcək”.

“Rusiyada yaxşı başa düşürlər ki, Ermənistanda hakimiyyəti Koçaryan kimilərinə vermək olmaz”

Markov Ermənistandakı revanşistlərin Rusiyayönümlü olmaları ilə bağlı fikirlərə də münasibət bildirib: “O ki qaldı revanşistlərin Rusiyayönümlü olmalarına, bəli, Koçaryan, Sarqsyan Rusiyayönümlü qüvvələrdir. Lakin Rusiya Koçaryanyönümlü deyil. Birincisi, Rusiya hər zaman Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. İkincisi isə Paşinyan Qərbin adamı olmasına baxmayaraq Moskva tərəfindən bağışlanılıb. Ola bilsin ki, Rusiyada Koçaryana Paşinyandan daha çox emosional yanaşırlar, lakin rasional olaraq başa düşürlər ki, Ermənistan üzərində hakimiyyəti Koçaryan kimilərinə vermək olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR