Sabiq nazir Gürcüstanda münaqişənin alovlanmasını mümkün hesab edir

Sabiq nazir Gürcüstanda münaqişənin alovlanmasını mümkün hesab edir
# 17 iyun 2022 16:32 (UTC +04:00)

“Bizim regionda - Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti uzun müddət həssas olub”.

Bunu IX Qlobal Bakı Forumunda iştirak edən Gürcüstan Baş nazirinin sabiq müavini, ədliyyə, xarici işlər və reinteqrasiya məsələləri üzrə nazir vəzifələrində işləmiş Eka Tkeşelaşvili APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, hamı başa düşür ki, bu, Rusiya ilə, onun yürütdüyü siyasətlə bağlıdır: “Çünki Rusiya buranı heç vaxt güclü, iqtisadi cəhətdən sərbəst, dayanıqlı region kimi görmək istəməyib. Sovet İttifaqının dağılmasından sonra bu regionda vəziyyət mürəkkəb olub.

Hazırda regionda vəziyyətin şəkli qarışıqdır. Bir tərəfdən biz regionda yeni başlanğıc üçün potensial görürük. Bu, Azərbaycan və Ermənistan arasında əlaqələrlə bağlıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Əlaqələrin normallaşması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlərin həlli üçün səmərəli müzakirələr istiqamətində potensial yaranıb. Azərbaycan bu müsbət tendensiyanı, istiqaməti dərindən dəstəkləyir. Regional aktorlardan Türkiyə bu prosesi dəstəkləyir. Gürcüstan bu istiqamətdə qarşılıqlı müzakirələr üçün platforma təmin etməyə hazırdır. İndi normallaşma ilə bağlı böyük ümidlər yaranıb. Müharibənin nəticəsi indi regional səviyyədə yeni əməkdaşlığın başlamasına şans yaradıb”.

Eka Tkeşelaşvili xatırladıb ki, Gürcüstanın 20 faizi Rusiyanın nəzarətindədir, rus ordusu bu torpaqlardadır: “Rusiyanın hələ də şansı var ki, regionda sülh üçün bu imkanı məhv etsin. Ona görə də biz proaktiv olmalıyıq, yeni başlanğıc üçün hazırkı potensialdan istifadə etməliyik”.

O, bütün bu proseslərə Ukraynadakı müharibənin nəticəsinin də təsir edə biləcəyini diqqətə çatdırıb: “Ona görə də Ukrayna bu müharibədə qalib gəlməlidir. Biz gördük ki, imperial maraqlar yenidən qayıda, tarixi yenidən yazmaq üçün cəhdlər ola bilər. Ona görə də suverenliyimizi, müstəqilliyimizi, iqtisadi gücümüzü artırmalı, rifahlı, çiçəklənən regiona çevrilməliyik”.

Eka Tkeşelaşvili Gürcüstanda münaqişənin alovlanma ehtimalını mümkün hesab edir: “Ancaq qeyd etdiyim kimi, Ukraynadakı müharibə qlobal səviyyədə müəyyən məsələlərin taleyini müəyyənləşdirəcək. Həmçinin, bizim regionumuza da təsir edəcək. Əgər Rusiya bu müharibədə qalib gəlsə, bu, o mənaya gələcək ki, qonşu ölkənin ərazisini işğal etmək, işğalçı güc olmaq, bir xalqın mövcudluq haqqına qarşı müharibə elan etmək XXI əsrdə bir imkan, seçim ola bilər. Digər tərəfdən, Rusiya məğlub olarsa, bu, çox şey vəd edir. Biz bu ana hazır olmalı, onun potensialından istifadə etməliyik. Bunun üçün etməli olduqlarımız var. Hansı ki, Azərbaycan illərdir bu istiqamətdə çalışır. Biz təhlükəsizliyimizi, hərbi gücümüzü artırırıq, iqtisadi cəhətdən güclənirik, dövlət institutlarımızı gücləndiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR