Sahib Alıyev: Avropa Parlamentinin qətnaməsinin arxasında kimlərin durduğu açıq görünməkdədir

Sahib Alıyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

© APA | Sahib Alıyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

# 19 yanvar 2023 22:08 (UTC +04:00)

“Qərbdə islamafobların, Türkiyəyə, Azərbaycana düşməncəsinə yanaşanların öz istəklərini asanlıqla keçirə bildikləri iki təsisat varsa, onlardan biri Avropa Parlamentidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.

Sahib Alıyev qeyd edib ki, Azərbaycan müstəqillik qazanandan üzü bəri, hələ keçmiş Qarabağ konflikti başlayan ilk illərdən Avropa Parlamenti bir-iki xırda, epizodik addımlarını nəzərə almasaq, həmişə bu cür çıxış edib: “Avropa Parlamentinin indiki qətnaməsinin arxasında kimlərin durduğu da açıq-aydın görünməkdədir. Açıq-aydın hiss olunur ki, bu, bizə “dost olduqlarını bildirənlər”in növbəti düşməncəsinə hərəkətləridir. Təbii ki, bu hərəkətlər cavabsız qalmır və qalmayacaq. Ancaq kim düşünürsə ki, bu cür hərəkətlərlə Azərbaycanı öz torpaqları üzərində suverenliyini tam təmin etmək niyyətindən çəkindirəcək, olduqca yanılırlar.

Öz sərhədlərindən 10 min km uzaqlıqda başqalarının torpaqlarını mənimsəyib dənizaşırı departamenti kimi təqdim edənlər anlamalıdırlar ki, Qarabağ Azərbaycanın mərkəzindədir, heç bir təzyiq bizi öz torpaqlarımız üzərində suverenliyimizi tam təmin etmək niyyətindən çəkindirə bilməz. Avropa Parlamentindəkilərin içərisində əgər doğrudan da Qafqazda sülhün olmasını istəyənlər varsa, anlamalıdırlar ki, Qərb təsisatlarının haylara dəstək məqsədilə atdığı belə addımlar, qəbul etdikləri belə qətnamələr ilk növbədə dəstəklədiklərinin əleyhinədir”.

Deputat deyib ki, bütün bunlar regionda tezliklə sülhün əldə olunmasını korlayır, yeni gərginliklərə yol açır: “Çünki bu, qarşı tərəfdə yanlış illuziya formalaşdırır, revanşizmə həvəsləndirir. Beləliklə, bir neçə ay əvvəl artıq sülh anlaşmasının qaçılmaz olduğunu anlayanlar bu dəfə çeşidli bəhanələrlə o prosesi tormozlamağa çalışırlar. Bu da ilk növbədə həmin Qərbdəkilərin strateji rəqib gözündə gördükləri gücün marağına tam cavab verir. Belə yerdə ancaq və ancaq “yazıqlar olsun” demək olar. Bu cür hərəkətlər heç də Azərbaycanı kiməsə tanıtmır. Əksinə, Avropa Parlamentindəkiləri, artıq korrupsiyaya qurşandıqları, sifarişlə qətnamə qəbul etdikləri kimsəyə sirr olmayanları, qəbul etdikləri qətnamələr özlərinin hətta strateji maraqlarının əleyhinə yönələnləri, sözdə dəstəklədiklərini əməldə pis vəziyyətdə qoyanları növbəti dəfə bizim cəmiyyətə və dünyaya tanıdır. Təbii ki, heç də yaxşı mənada yox”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR