Sahib Alıyev: Ermənistan isteblişmenti ilə İrandakı rejim eyni "dəyər"ləri bölüşürlər

Sahib Alıyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

© APA | Sahib Alıyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

# 21 yanvar 2023 17:18 (UTC +04:00)

“Anna Akopyanın İranda məscidə getməsinə Tehranla İrəvan arasında qardaşlaşmış şəhər anlaşmasına yanaşdığım kimi yanaşıram”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.

Sahib Alıyev deyib ki, Ermənistan Baş nazirinin xanımı Anna Hakopyanın bir fərd olaraq dinimizə necə yanaşması haqda dəqiq məlumatı yoxdur: “Amma xanım Hakopyanın ölkəsindən söhbət gedirsə, onların dinimizə yanaşması torpaqlarımız işğal altında olarkən 67 məscidimizdən 64-nün darmadağın etmələri, nisbətən dağıdılan məscidlərin içərisində isə donuz, mal-qara saxlanmaları ilə hər kəsə, o cümlədən İrandakı rejimə bəllidir. Əslində Ermənistan isteblişmenti ilə İrandakı dinsiz rejimin bizim dəyərlərimizə yanaşması eynidir. Yəni İran İslam Respublikası adlandırılsa da, rejimin fəaliyyətinə diqqət yetirəndə İslamdan heç bir əlamət görünmür. Bu baxımdan İranla Ermənistan arasında dostluğa təbii yanaşıram, bu, eyni "dəyərləri" bölüşən rejimlərin, isteblişmentlərin dostluğudur”.

Deputat qeyd edib ki, Anna Hakopyanın İranda səfər zamanı məscidə getməsinin protokola salınması da çox ehtimal ki, onun öz istəyi deyil, İran tərəfinin məsləhəti ilə olub: “Çünki Arazın o tayındakı milyonlarla soydaşımız bizim məscidlərin necə darmadağın edildiyindən xəbərdardırlar. Bununla İrandakı dinsiz rejim ilk növbədə onlara göstərməyə çalışır ki, guya Ermənistanda İslam dininə sayğı var. İslama sayğı varsa, niyə oranın avtoxton müsəlman əhalisindən bir nəfər belə hazırda Ermənistanda yaşamır, hamısı etnik təmizləmə ilə üzləşib? Burada söhbət təkcə türklərdən yox, həm də müsəlman kürdlərdən gedir. Bütün müsəlman kürdlər də oradan deportasiya edildilər. Ümumiyyətlə, Ermənistanda heç bir dinə sayğı yoxdur. Bir neçə il əvvəl ABŞ-ın tanınmış araşdırma şirkətlərindən birinin keçirdiyi sorğunun nəticələrindən də bəlli oldu ki, Şərqi Avropada ən çox yəhudilər əleyhinə ictimai rəy məhz Ermənistandadır. Yəni söhbət monoetnik dövlətdən gedir.

Ona görə də Anna Hakopyanın İranda məscidə getməsinə Tehranla İrəvan arasında qardaşlaşmış şəhər anlaşmasına yanaşdığım kimi yanaşıram. Təsəvvür edin ki, Tehranda yaşayan soydaşlarımızın sayı bütövlükdə Ermənistandakı hayların sayından az qala beş dəfə çoxdur. İndi o Tehranla azərbaycanlıların öz evlərindən didərgin salındığı İrəvan arasında necə qardaşlaşma ola bilər?! Bu faktdan çıxış edərək mən də soruşmaq istərdim ki, bayaq vurğuladığım kimi Azərbaycanın işğal altındakı torpaqlarındakı məscidləri darmadağın edən, yarı dağıdılmışların içərisində donuz, mal-qara saxlayan, müsəlmanlara qarşı etnik təmizləmə aparan bir ölkənin Baş nazirinin xanımı doğurdanmı dinimizə sayğı ilə yanaşır? Bu, sadəcə, bir sualdır, ola da bilər ki, ritorikdir ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR