Sahibə Qafarova Britaniya İcmalar Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova, Britaniya İcmalar Palatasının sədri ilə görüş

© APA | Milli Məclisin sədri Sahibə Qafarova, Britaniya İcmalar Palatasının sədri ilə görüş

# 06 oktyabr 2022 18:09 (UTC +04:00)

İndoneziyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 6-da Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, spiker Sahibə Qafarova "Böyük İyirmilik" ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammiti çərçivəsində İcmalar Palatasının sədri ilə görüşməkdən məmnunluğunu ifadə edərək, qeyd edib ki, parlament sədrlərinin sammiti kimi tədbirlər parlamentariləri bir araya gətirmək və ümumi maraq doğuran məsələləri müzakirə etmək üçün mühüm çərçivədir.

Cari ilin iyul ayında Birləşmiş Krallığa rəsmi səfərini xatırladan Milli Məclisin sədri bildirib ki, səfər çərçivəsində aparılan müzakirələr və keçirilən görüşlər zamanı parlamentlərarası əməkdaşlığın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

O deyib ki, Azərbaycan Birləşmiş Krallıqla əlaqələrə böyük əhəmiyyət verir. Bu əlaqələr ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində dinamik şəkildə inkişaf edir.

Görüşdə Milli Məclisin sədri İcmalar Palatasının sədrinə Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumla bağlı narahatlığını ifadə edərək, qeyd edib ki, bu hücumun əsas məqsədi ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərə xələl gətirmək cəhdi olmuşdur və bu təxribat hərtərəfli araşdırılmalıdır. Spiker bildirib ki, səfirliyimizin, diplomatlarımızın qarşılıqlılıq prinsipi əsasında təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Regionda mövcud olan vəziyyət barədə də danışan spiker Sahibə Qafarova deyib ki, Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir. Azərbaycan Ermənistana münasibətləri normallaşdırmağı və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası istənilən sülh sazişinin əsasını təşkil etməlidir. Təəssüf ki, Ermənistan haqqında bunu demək olmaz.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, hərbi təxribatları ilə regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə əngəllər yaradır və normallaşma prosesini ləngidir. 2022-ci il sentyabrın 13-də onlar Azərbaycana qarşı növbəti hərbi təxribata əl atdılar. Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayıb, minaları yerləşdirməkdə davam edir. Sahibə Qafarova Böyük Britaniya parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Bob Blekmanın Ermənistanın törətdiyi təxribatları pisləyən bəyanatını yüksək qiymətləndirib.

Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyib. Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumla bağlı məlumatlardan təəssüfünü bildirən İcmalar Palatasının sədri bu hadisə ilə bağlı məsələni bir daha qaldıracağını, səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyi istiqamətində görülən işlərlə maraqlanacağını qeyd edib.

Ser Lindsi Hoyl görüşdə regionda mövcud olan vəziyyətlə bağlı ətraflı məlumat verdiyinə görə, Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirərək, ərazi bütövlüyü prinsipinin əhəmiyyətinə toxunub və bunu sülh və sabitlik üçün mühüm göstərici adlandırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR