Sahibə Qafarova CAR Milli Assambleyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova , CAR Milli Assambleyasının sədri ilə görüş

© APA | Milli Məclisin sədri Sahibə Qafarova , CAR Milli Assambleyasının sədri ilə görüş

# 07 oktyabr 2022 16:34 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın paytaxtı Cakartaya işgüzar səfəri çərçivəsində oktyabrın 7-də Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, spiker Sahibə Qafarova cari ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda keçirilən konfransı çərçivəsində Nosivive Mapisa-Nqakula ilə keçirilən görüşünü xatırladaraq, Milli Assambleya sədrinin həmin tədbirdə iştirakını yüksək qiymətləndirib.

Qeyd edib ki, Cənubi Afrika Respublikası Milli Assambleyası, Parlament Şəbəkəsinin Madriddə keçirilən təsis yığıncağında da iştirak edib. Milli Məclisin sədri qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Sahibə Qafarova inamını ifadə edib ki, Parlament Şəbəkəsi çoxtərəfliliyi, dialoqu və parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevriləcək. Bu Şəbəkə üzv parlamentlərin birgə fəaliyyətinin əlaqələndirilməsinə, ölkələrimizin səsinin beynəlxalq aləmdə eşidilməsinə, qarşılıqlı maraq doğuran məsələlərin həllinə töhfə verə biləcək təsisatdır.

Milli Məclisin sədri görüşdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Gənclər Şəbəkəsinin bazasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis olunması, COVID-19 pandemiyası ilə mübarizəyə dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi, COVID-19 peyvəndlərinə bərabər, əlverişli, vaxtında və universal çıxışın təmin edilməsinə dair qətnamələrin qəbulu, pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələrin hazırlanmasına diqqəti yönəldən "COVID-19"-dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü barədə məlumat verib.

Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula cari ildə Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərini xatırladıb. O, konfransın yüksək səviyyədə təşkil olunduğunu, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını bildirib, təşkilatın Manamada keçiriləcək konfransında da iştirak edəcəklərini bildirib. Qoşulmama Hərəkatının Cənubi Afrika Respublikası üçün mühüm bir platforma olduğunu deyən Assambleyanın sədri Hərəkatın Parlament Şəbəkəsinin yaradılmasının da mühüm bir təşəbbüs olduğunu qeyd edib. O, Şəbəkənin fəaliyyətinə hər cür dəstək göstərməyə hazır olduqlarını söyləyib.

Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb, dostluq qruplarının əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyəti vurğulanıb, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR