Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb - FOTO

Sahibə Qafarova

© APA | Sahibə Qafarova

# 22 dekabr 2021 22:25 (UTC +04:00)

Dekabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, spiker ümidvar olduğunu bildirib ki, onun ölkəmizə ilk səfəri münasibətlərimizin daha da möhkəmləndirilməsinə yeni təkan verəcək. Milli Məclisin sədri qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün yaxşı şərait mövcuddur.

Milli Məclisin sədri bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyaraq, öz torpaqlarını qəsbkarlardan azad etdi. O, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında məlumat verib.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlər sistemində rolundan danışıb.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə görə Azərbaycan xalqını və Milli Məclisin sədrini təbrik edərək, öz ürək sözlərini söyləyib. Bildirib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

Hüseyn Əmir Abdullahian iki ölkə münasibətlərinin siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə daha da inkişafında İranın maraqlı olduğunu deyib. Qeyd edilib ki, hər iki dövlət başçılarının siyasi iradəsi sayəsində münasibətlərimizdə keyfiyyətcə yeni mərhələ başlayıb.

O, yüksək səviyyəli siyasi münasibətlərin digər sahələrə də müsbət təsir etdiyini söyləyib. Bildirilib ki, əməkdaşlığımızın daha da dərinləşməsinə parlamentlər də mühüm töhfə verir.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Görüşdə İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Əziz Ələkbərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İran İslam Respublikasındakı səfiri Əli Əlizadə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR