Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Sahibə Qafarova, Tənzilə Narbayeva

© APA | Sahibə Qafarova, Tənzilə Narbayeva

# 07 sentyabr 2022 19:44 (UTC +04:00)

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də bu ölkənin Ali Məclisi Senatının (Oliy Məclisi Senatı) sədri Tənzilə Narbayeva ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Tənzilə Narbayeva Milli Məclisin sədrini yenidən öz ölkələrində görməkdən məmnunluğunu ifadə edib.

Senatın sədri ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətlərdən danışıb. O, əlaqələrimizin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana bu ilin iyun ayında baş tutan dövlət səfərinin münasibətlərimizdə yeni səhifə açdığını söyləyib, dövlət başçıları arasında dostluq və qardaşlıq münasibətlərinin əlaqələrimizə müsbət impuls verdiyini bildirib.

Onun sözlərinə görə, dost ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafı qanunvericilik orqanları arasında da əlaqələrin daha da genişlənməsini şərtləndirib. Tənzilə Narbayeva xüsusilə son dövrlərdə daha da sıx xarakter alan qarşılıqlı təmasların, səfərlərin bu sahəyə verdiyi mühüm töhfələri vurğulayıb.

O, cari ildə ölkəmizə səfərini məmnunluqla xatırlayaraq, səfər çərçivəsində keçirdiyi görüşlər və aparılan danışıqların əhəmiyyətini qeyd edib, dost və qardaş Azərbaycanda əldə olunan inkişafı yüksək qiymətləndirib. Senatın sədri Azərbaycanın işğaldan azad etdiyi ərazilərə, o cümlədən Şuşa şəhərinə səfər etdiklərini, ölkəmizin həmin ərazilərdə həyata keçirdiyi yenidənqurma və bərpa işlərini qeyd edib. O, Qarabağın və Şuşa şəhərinin gözəlliyindən danışaraq, səfərlə bağlı dərin təəssüratlarını bölüşüb.

Senatın sədri Tənzilə Narbayeva deyib ki, Azərbaycan xalqı qədim tarixə, zəngin mədəniyyətə malikdir. Özbəkistanda Azərbaycan mədəniyyətinə böyük maraq və sevgi var.

Görüşdə Özbəkistan Ali Məclisi Senatının sədri Daşkənddə sabah öz işinə başlayacaq Qadın Spikerlərin 14-cü Sammitinə hazırlıq məqsədilə görülən işlər haqqında məlumat verib, Azərbaycan parlamentinin sədrinin tədbirdə iştirakına görə təşəkkürün edib.

Səmimi sözlərə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Milli Məclisin sədri Sahibə Qafarova dost və qardaş ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Spiker Azərbaycan və Özbəkistan arasında münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra yeni mərhələyə yüksəldiyini, son illərdə isə daha da genişlənərək, tərəflər arasında əməkdaşlığın bir çox sahələri əhatə etdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri münasibətlərimizin inkişafında dövlət başçılarının rolunu və qarşılıqlı səfərlərinin xüsusi vurğulayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ildə Özbəkistana dövlət səfərinin və imzalanmış sənədlərin iki ölkə arasında strateji əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini ifadə edib. Sahibə Qafarova Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və parkın açılışını Azərbaycan xalqına sevginin təzahürü kimi qiymətləndirib.

Spikerin sözlərinə görə, Azərbaycan və özbək xalqları ortaq tarixə, dil və mədəniyyətə, oxşar ənənələrə malikdir. Bu yaxınlıq bütün sahələrdə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Ölkələrimizin bütün məsələlərdə bir-birinə dəstək verdiklərini bildirən Milli Məclisin sədri xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi məsələsində Özbəkistanın hər zaman bizim yanımızda olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün bir çox beynəlxalq təşkilatlarda ölkələrimiz bir-birinin mövqeyini dəstəkləyir.

Sahibə Qafarova parlamentlərimiz arasında əməkdaşlığın dövlətlərimiz və xalqlarımız arasında yüksək səviyyəli əlaqələrin ruhuna uyğun olaraq dinamik inkişaf etdiyini bildirib. O, cari ildə özünün Özbəkistana, Tənzilə Narbayevanın isə Azərbaycana səfərlərini, həmçinin müxtəlif beynəlxalq tədbirlər çərçivəsində tərəflər arasında keçirilən görüşləri xatırladaraq əlavə edib ki, "Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş"in, habelə parlamentlərarası əməkdaşlığın inkişafına dair "Yol xəritəsi"nin imzalanması tərəflərin qarşılıqlı əlaqələrin inkişafına verdiyi önəmin bariz göstəricisidir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi quruculuq işləri barədə məlumat verən Milli Məclisin sədri deyib ki, Azərbaycan hazırda öz imkanları hesabına ən müasir texnologiyaları tətbiq edərək, həmin əraziləri yenidən qurur. Bu gün Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı kimi nüfuzlu beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir. O, Şuşa şəhəri və Qarabağın digər bölgələri haqqında xoş sözlərinə görə Tənzilə Narbayevaya təşəkkür edib, həmçinin, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan tərəfindən orta məktəbin inşa edilməsinə görə minnətdarlığını bildirib. Spiker bunu dost münasibəti kimi qiymətləndirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR