Sahibə Qafarova: “Slovakiya Zəngəzur dəhlizindən faydalana bilər”

Sahibə Qafarovanın Slovakiya Respublikası Milli Şurasının sədri ilə görüşü

© APA | Sahibə Qafarovanın Slovakiya Respublikası Milli Şurasının sədri ilə görüşü

# 13 iyun 2022 18:13 (UTC +04:00)

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, öncə Slovakiyalı spikerlə təkbətək görüş olub.

Görüşdə ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrə dair fikir mübadiləsi aparılıb. Sonra görüş geniş tərkibdə davam etdirilib.

Parlamentin sədri bu səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib. Sahibə Qafarova ötən il Slovakiyaya səfərini xatırlayaraq, bu ölkə rəsmiləri ilə keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, Slovakiya spikerinin Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər münasibətlərimizin daha da dərinləşməsinə və genişləndirilməsinə töhfə verəcək. Onun sözlərinə görə, bu gün Azərbaycanla Slovakiya arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələri əhatə edən bir sıra sənədlər imzalanıb. Bu sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.

Sahibə Qafarova Slovakiya nümayəndə heyətinin ölkəmizə səfəri zamanı Azərbaycanın bölgələrini ziyarət etməsini ölkəmizlə tanışlıq baxımından əhəmiyyətli hesab edib. Sahibə Qafarova hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib, bunun təcrübə və informasiya mübadiləsi baxımından önəmini vurğulayıb.

Spiker AŞPA, ATƏT PA, NATO PA, Parlamentlərarası İttifaq kimi beynəlxalq təşkilatlarda əməkdaşlığımızın səviyyəsini daha da artırmaq üçün yaxşı imkanlar olduğunu deyib.

Sədr qonaqların Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtımız Şuşaya səfərlərinə toxunaraq qeyd edib ki, Ermənistan işğal dövründə bu ərazilərdəki bütün şəhər və kəndləri bilərəkdən dağıtmış, mədəni, dini obyektləri vandalizmə məruz qoyub. Azərbaycan öz ərazilərini azad etdikdən sonra həmin bölgələrdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğaldan azad olunmuş ərazilərdəki bütün infrastruktur bərpa edilir. “Yaşıl enerji” zonası elan edilən Qarabağda və Şərqi Zəngəzurda yeni şəhərlər, kəndlər tikilir. Ancaq Ermənistan tərəfindən həmin ərazilərin minalanması bu işlərin həyata keçirilməsinə və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasına böyük maneçilik törədir.

Sahibə Qafarova bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında üçüncü üçtərəfli görüş keçirilib. Azərbaycan tərəfindən Sülh sazişinin imzalanması üçün məqsədyönlü addımlar atılır: “Ümidvarıq ki, Ermənistan da öz öhdəliklərini yerinə yetirəcək, konstruktiv yanaşma nümayiş etdirəcək”. Milli Məclisin sədri qeyd edib ki, postmünaqişə dövründə Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Zəngəzur dəhlizi, əldə edilmiş razılaşmalara uyğun açılacaq yeni nəqliyyat infrastrukturu bölgənin simasını tamam dəyişəcək. Avropa ölkələri, o cümlədən Slovakiya bu nəqliyyat infrastrukturundan faydalana bilər və yeni bazarlara çıxış əldə edə bilərlər: “Slovakiya nümayəndə heyətinin bu səfəri parlamentlərarası münasibətlərimizin inkişafında yeni bir səhifə açacaq”.

Slovakiya Respublikası Milli Şurasının spikeri Boris Kollar ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Slovakiyanın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirilib ki, siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrimizin daha da inkişafı ümumi mənafelərimizə xidmət edir. Parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi həyatın digər sahələrində əməkdaşlığa da öz müsbət təsirini göstərəcəkdir.

Slovakiyalı spiker ölkəmizə səfəri çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Şuşa şəhərinə səfər etdiklərini bildirərək, səfər təəssüratları haqqında öz yüksək fikirlərini bölüşüb, bu ərazilərdə aparılan quruculuq, bərpa işlərini təqdir edib. Boris Kollar aparılan bərpa işləri çərçivəsində bu torpaqların minalardan təmizlənməsi məsələsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün mövcud imkanlardan xalqlarımızın rifahı naminə istifadə olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR