Səfir: “Avropa İttifaqı və Azərbaycan bir-birinə daha da yaxınlaşıb”

Səfir: “Avropa İttifaqı və Azərbaycan bir-birinə daha da yaxınlaşıb”
# 12 may 2022 10:33 (UTC +04:00)

Pandemiya ilə mübarizədə nailiyyətə, eyni zamanda, vaksinasiya kampaniyasının uğurlu aparılmasına görə Azərbaycan rəsmilərinə təşəkkür edirəm.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

O bildirib ki, Aİ Azərbaycana pandemiya ilə mübarizədə də dəstək verib: “Biz əlaqələrimizi ötən illərlə müqayisə etsək, görərik ki, bir-birimizə daha da yaxınlaşmışıq. Aİ Azərbaycanın etibarlı tərəfdaşıdır. Aİ Azərbaycanda ən böyük investordur və ölkənin ticarət tərəfdaşıdır. Bir çox sahələrdə uğurlu əməkdaşlığı inkişaf etdiririk.

Aİ və Azərbaycan yeni saziş üzərində işləyir, əminəm ki onun imzalanması ilə əməkdaşlığımız yeni mərhələyə qədəm qoyacaq.

Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində Aİ üçün vacib tərəfdaşdır”.

Enerji sahəsində uğurlu əməkdaşlığı vurğulayan Aİ diplomatı Cənub Qaz Dəhlizinin fəaliyyətinə də toxunub. O deyib ki, bərpa olunan enerji həm Aİ, həm də Azərbaycan üçün prioritetdir və bu sahədə əməkdaşlığı genişləndirmək üçün potensial var.

“Bizim xalqlararası, mədəni sahələrdə səmərəli əməkdaşlığımız var”, - səfir əlavə edib.

Səfir Mixalko bəyan edib ki, Aİ Azərbaycan hökumət institutları, vətəndaş cəmiyyəti ilə yaxından işləməyə hər zaman hazırdır.

Avropa qitəsində müharibənin getdiyini xatırladan səfir Mixalko deyib ki, bu təkcə qitə üçün deyil, qlobal səviyyədə problemdir, beynəlxalq hüquqa, prinsiplərə əsaslanan idarəçiliyə hücumdur.

Səfir deyib ki, Aİ Ukraynaya dəstək verir və bu davam edəcək: “Biz Ukraynaya verdiyi dəstəyə görə, Azərbaycana təşəkkür edirik. Bu ədalətsiz müharibədə humanizm vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR