Səfir: “Azərbaycan və Gürcüstan arasında uğurlu regional əməkdaşlıq davam edir” - FOTO

Səfir: “Azərbaycan və Gürcüstan arasında uğurlu regional əməkdaşlıq davam edir” - FOTO
# 18 noyabr 2022 20:52 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və başqa şəxslər iştirak ediblər.

Gürcüstan səfiri Azərbaycanla dostluq, qardaşlıq əlaqələrini yüksək qiymətləndirib:
“Bu gün biz diplomatik əlaqələrin əsasının qoyulmasının 30 illiyini qeyd edirik. Bizim dostluq münasibətlərimizin qədim tarixi var, əlaqələrimiz XX əsrdə böyük sınaqlardan keçib, əhəmiyyətli təcrübə qazanmışıq.

1991-ci ildə hər iki ölkə müstəqilliyini bərpa etdi və diplomatik münasibətlərin əsasını qoydu. Bu illər ərzində biz qarşılıqlı inam, hörmət əsasında qurulmuş strateji tərəfdaşlığı uğurla davam etdiririk. Hər iki ölkənin əraziləri işğal altında olub, biz hər zaman bu məsələdə bir-birimizi dəstəkləmişik”.

Səfir qeyd edib ki, Rusiyanin Ukraynadakı hərbi əməliyyatları dünyanın təhlükəsizlik sisteminə mənfi təsir göstərir:
“Biz öz regionumuzda sabitliyi qoruyub saxlamağa çalışmalıyıq”.

Diplomat vurğulayıb ki, bu ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana səfəri ölkələrimizin iqtisadi, siyasi, ticari, mədəni və digər sahələrdəki əməkdaşlığının inkişafına xüsusi töhfə verib:
“Hazırkı geosiyasi vəziyyət Cənubi Qafqazın əhəmiyyətini artırır. Regionumuzdan bir çox dəhlizlər keçir, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yol layihələri çərçivəsində Azərbaycan və Gürcüstan arasında uğurlu regional əməkdaşlıq davam edir”.

Rəşad Nəbiyev bildirib ki, ölkələr arasında qarşılıqlı hörmətə əsaslanan mehriban qonşuluq, dostluq, strateji tərəfdaşlıq münasibətləri artıb, dərinləşib və bu gün də yüksələn xətlə inkişaf edir:
“Dövlət başçılarının müəyyənləşdirdiyi kurs tərəfdaşlığımızın əsasını təşkil edir.
Bu baxımdan 24 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri ilə əlaqələrimizin inkişafında yeni mərhələyə qədəm qoyduq.
Ölkələrimiz ticari-iqtisadi, investisiya, kənd təsərrüfatı, nəqliyyat-tranzit, rabitə, turizm və digər sahələrdə əməkdaşlıq edir. Bu xüsusda ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya əlaqələrimizin genişlənməsinə müsbət töhfəsini verir.
Hər iki ölkənin birgə iştirak etdiyi layihələr təkcə ölkələrimizin deyil, həm də Avropanın və regionun enerji təhlükəsizliyinin qorunmasında mühüm əhəmiyyətə malikdir”.
Rəşad Nəbiyevin sözlərinə görə, hər iki ölkə investisiya sahəsində də uğurlu əməkdaşlıq edir.
“Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.4 milyard dollar, Gürcüstan isə 260 milyon dollar investisiya yatırıb. İndiyədək Gürcüstanda 3200-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib. Ölkəmizdə müxtəlif sahələrdə 700-dən çox Gürcüstan şirkəti fəaliyyət göstərir. SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyəti iqtisadi əməkdaşlığımızın ən bariz nümunəsidir. Bununla belə, iqtisadi gündəliyimizin genişləndirilməsi üçün böyük imkanlar var və bu potensialdan istifadə etmək məqsədilə birgə səylərimizi davam etdirəcəyik".

Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR