Səfir: “Azərbaycan xarici işlər nazirinin Mərakeşə səfərini gözləyirik”

Səfir: “Azərbaycan xarici işlər nazirinin Mərakeşə səfərini gözləyirik”
# 08 dekabr 2022 22:27 (UTC +04:00)

“Biz bu il Mərakeş Krallığı və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik”.

Bunu APA-ya müsahibəsində Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adil Embarş iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü ilə bağlı tədbirdə deyib.

“Bu 30 illik yubiley qarşılıqlı münasibətlərdə olduqca mühüm hadisədir. Ölkələrimiz arasında münasibətlər hər zaman yaxşı olub. Biz hər zaman Azərbaycan xalqına aydın səma və problemsiz həyat arzu edirik”, - deyə səfir qeyd edib.

Diplomat bildirib ki, hər iki ölkə tikib-qurmaq, daha çox inkişaf etməyi qarşısına məqsəd qoyub. Onun sözlərinə görə, siyasi sahədə Azərbaycanın Mərakeşə dəstəyi çox yüksək qiymətləndirilir:

“Azərbaycan Mərakeşin ərazi bütövlüyünü dəstəkləyir, biz də həmçinin Azərbaycanı siyasi müstəvidə dəstəkləyirik. Biz bir sıra beynəlxalq təşkilatlarda birlikdə çalışırıq, səsvermə zamanı və qərarlar qəbul edilərkən bir-birimizi dəstəkləyirik.

Ölkələrimiz arasındakı münasibətlər məni çox şad edir. Bizim xarici işlər naziri pandemiyadan öncə Azərbaycana səfər etmişdi. Biz hazırda Azərbaycan xarici işlər nazirinin Mərakeşə səfərini gözləyirik. Həmçinin proqramda bir çox başqa rəsmi səfərlər var”.

Adil Embarş Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun bu yaxınlarda Mərakeşə səfərini xatırladıb. Diplomat səfər çərçivəsində nazirin BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) IX Qlobal Forumunda iştirak etdiyini və mühüm bir nümayəndə heyətinə başçılıq etdiyini diqqətə çatdırıb.

“Bu yaxınlarda Azərbaycanın Mərakeşdə yeni səfiri təyin olunub və o da ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük işlər görür. Mədəniyyət sahəsinə gəlincə isə biz bacardıqca daha çox tədbirlər təşkil etməyə çalışırıq. Bilirik ki, Azərbaycan xalqı da Mərakeş xalqı kimi incəsənətə, mədəniyyət sahəsinə yüksək diqqət göstərir”,- deyə diplomat əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR