Səfir: "Çin və Azərbaycan 30 il ərzində çətinliklərin öhdəsindən birlikdə gəlib" - MÜSAHİBƏ

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min

© APA | Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min

# 06 dekabr 2022 13:09 (UTC +04:00)

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin APA-ya müsahibəsi

- Bu il Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. İki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? İki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini necə görürsünüz?

- Qeyd etdiyiniz kimi, bu il Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam oldu. Ötən 30 il ərzində hər iki dövlət başçılarının strateji rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri güclü inkişaf yolu keçib, müxtəlif sahələrdəki qarşılıqlı əməkdaşlığımız isə səmərəli nəticələr əldə edib. Çin və Azərbaycan 30 il ərzində çətinliklərin öhdəsindən birlikdə gəldi, onları bölüşdü və dostluq və tərəfdaşlığın qızıl salnaməsini birgə yazdı.

Beynəlxalq vəziyyətin qeyri-sabitliyinə baxmayaraq, Çin və Azərbaycan öz reallıqlarına uyğun inkişaf yolunu seçməkdə hər zaman bir-birini qətiyyətlə dəstəkləyib, milli dirçəlişə, birliyə və özünü təkmilləşdirməyə birgə səy göstərib, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətlə yanaşıb. Ölkələrimiz arasında ikitərəfli əlaqələr dərinləşməkdə davam edib. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verir və sıx strateji əlaqələri dəstəkləyir, Çin-Azərbaycan münasibətlərinin “gəmisini birgə idarə edir” və gələcəyini planlaşdırır.

Bu ilin sentyabrında Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə uğurlu görüşü olub və ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı mühüm konsensus əldə olunub. Görüşdə ölkələrimizin liderləri vurğuladılar ki, hər iki tərəf ölkələrarası münasibətləri strateji cəhətdən nəzərdən keçirməli və planlaşdırmalı, qarşılıqlı strateji etimadı daha da möhkəmləndirməli, ikitərəfli dəstəyi artırmalı, birgə faydalı əməkdaşlığı dərinləşdirməlidir, iki ölkə arasında stabil, dərin və güclü əməkdaşlığı təşviq etməlidir.

İki dövlət başçısının birgə əldə etdiyi razılıqları reallaşdırmaq, siyasi qarşılıqlı etimadı gücləndirmək, mehriban qonşuluğu dərinləşdirmək, inkişaf imkanlarını mübadilə etmək və insanlar arasında əlaqələri inkişaf etdirmək, Çin-Azərbaycan münasibətlərinin davamlı güclü inkişafa nail olmaq, həmçinin yeni dövrdə ortaq taleyi olan Çin-Azərbaycan icmasının birgə qurulması, regionda və planetdə sülh və sabitliyin, inkişaf və firavanlığın təşviqinə daha böyük töhfələr vermək üçün Çin daim Azərbaycanla birlikdə işləməyə hazırdır. Mən inanıram ki, iki dövlət başçısının şəxsi qayğısı və iştirakı sayəsində Çin-Azərbaycan münasibətləri mütləq yeni parlaq perspektivlər açacaq, daha yetkin və dolğun məzmunlu növbəti mərhələyə keçəcək.

- Çin və Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrini necə qiymətləndirirsiniz? Ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün Çin hansı tədbirləri görəcək?

- Çinlə Azərbaycan bu il dünyanın qlobal istehsal və təchizat zəncirindəki qeyri-stabillik kimi mənfi amilləri aradan qaldıraraq, ikitərəfli ticarətin həcmini 18 faiz artırıb və bu da ölkələrimiz arasındakı ticarət əlaqələrinin möhkəmliyini və sabitliyini tam sübut edir. Çin müəssisələri Azərbaycan bazarına böyük əhəmiyyət verir. Son onillikdə Çinin Azərbaycana ixracının strukturu əhəmiyyətli dərəcədə dəyişdi: yüngül sənaye məhsullarından olan toxuculuq-tikiş, ayaqqabı və papaq kimi məhsullar öz yerini mexaniki avadanlıqlar, elektron məhsullar və avtomobillər kimi qabaqcıl istehsal məhsullarına verdi ki, bu da azərbaycanlı istehlakçıların məhsul seçimlərinin əhatə dairəsini genişləndirib, həmçinin, Azərbaycanın iqtisadi inkişafında, sənayenin transformasiyasında və müasirləşdirilməsində müsbət rol oynayıb.

Çin eyni zamanda, yüksək keyfiyyətli xüsusi məhsulların xaricdən ölkəyə idxalını fəal şəkildə dəstəkləyir və Azərbaycanı “Çin Beynəlxalq İdxal Sərgisində” (China International Import Expo) və digər irimiqyaslı beynəlxalq tədbirlərdə iştirak etməyə dəvət edir. Tərəflər arasında ticarət-iqtisadi mübadilələr daha da intensivləşib və bu mübadilələr əlaqələrin daha da inkişafı üçün yaxşı təkan nümayiş etdirir.

Çin, hər iki dövlət başçılarının birlikdə əldə etdiyi mühüm konsensusa əsaslanaraq, gələcəkdə Azərbaycan tərəfi ilə əməkdaşlığa, ikitərəfli ticarətin miqyasının genişləndirilməsinə, ticarət mallarının strukturunun daha da təkmilləşdirilməsinə, investisiya qoyuluşu və ticarət prosedurunun asanlaşdırılmasına, mübadilələrin daha da gücləndirməsi məqsədilə hər iki ölkənin müəssisələri, yerli və sənaye nümayəndələri üçün daha çox platformanın yaradılmasına səy göstərməyə hazırdır.

Biz bir tərəfdən, Azərbaycanda infrastruktur, rəqəmsal iqtisadiyyat, “yaşıl enerji”, emal və istehsal sənayesi, müasir kənd təsərrüfatı, maliyyə və s. sahələrdə qarşılıqlı və faydalı əməkdaşlıqda iştirak etmək üçün daha böyük Çin müəssisələrini cəlb edəcəyik.

Digər tərəfdən isə, biz Azərbaycan müəssisələrinin sərgilərdə iştirak etməklə və transsərhəd elektron ticarət vasitəsilə Çin bazarına daxil olmasına dəstək göstərməyə davam edəcəyik ki, ölkələrimizin müəssisələri və xalqları bu dəstəkdən fayda əldə etməyin hissini duysunlar.

- Şərqlə Qərb arasında ticarət-iqtisadi əlaqələrin inkişafında “Orta Dəhliz”in əhəmiyyətini necə qiymətləndirirsiniz?

- “Orta dəhliz” layihəsi Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əhəmiyyətli dərəcədə üst-üstə düşür, regional əlaqələrin gücləndirilməsi, marşrut boyu sosial-iqtisadi inkişafın təşviqi və qlobal təchizat zəncirlərinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. “Orta Dəhliz” xüsusilə bu ildən etibarən dünyada yaranmış yeni vəziyyətin şərtləri daxilində, Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizinin sabit və fasiləsiz fəaliyyətinin təminatçısına çevrilib. Bu ilin yanvar-avqust aylarında “Orta Dəhliz” üzrə Çin-Avropa marşrutu ilə hərəkət edən qatarların sayı keçən illə müqayisədə 34 faiz artıb, Çinin bir neçə şəhərindən yeni marşrutlar açılıb.

İlkin hesablamalara görə, 2022-ci il üçün qatarların sayı yeni rekorda çatacaq. İnanırıq ki, transsərhəd nəqliyyat əməkdaşlığı Çin-Azərbaycan əməkdaşlığında yeni parlaq səhifə açacaq və yüksəliş nöqtəsi olacaq.

Dünya iqtisadiyyatının dirçəlişinin aktuallığı fonunda Çin “Bir kəmər, bir yol” və “Orta Dəhliz” layihələrini birlikdə və yüksək keyfiyyətli bünövrə üzərində inkişaf etdirmək üçün “Orta Dəhliz” boyunca yerləşən ölkələrlə, o cümlədən Azərbaycanla mübadilə və əməkdaşlığı gücləndirməyə, nəqliyyat sahəsinin inkişaf etdirilməsi hesabına informasiya, kapital və insanların hərəkətini təşviq etməyə, marşrut boyunca ölkələrin və regionların inkişafına yeni təkan verməyə ümid edir. Çin öz inkişaf imkanlarını Azərbaycan tərəfi ilə bölüşməyə və birlikdə daha yaxşı gələcək yaratmağa hazırdır.

- Bu yaxınlarda Çin Kommunist Partiyasının (ÇKP) növbəti 20-ci ÜmumÇin Milli Qurultayı keçirildi. Bu qurultayda Çinin gələcək inkişafı ilə bağlı hansı mühüm planlar tərtib olundu?

- Çin Kommunist Partiyasının 20-ci ÜmumÇin Milli Qurultayı bütün partiyanın və bütün xalqın müasir sosialist ölkəsini qurmaq üçün yeni yola qədəm qoyduğu və ikinci yüzilliyin hədəflərinə - müasirləşdirilmiş böyük sosialist dövləti qurmağa doğru irəlilədiyi həlledici məqamda çağırılmış, böyük əhəmiyyət kəsb edən qurultaydır.

Bundan sonra ÇKP-nin əsas vəzifəsi ölkədəki bütün etnik qrupların nümayəndələrini birləşdirmək, hərtərəfli müasir və güclü sosialist dövləti qurmaq, ikinci yüzilliyin hədəflərinə nail olmaq və Çin modeli müasirləşmə vasitəsilə xalqın möhtəşəm dirçəlişinə kömək etməkdir.

Çin modeli müasirləşmə - ÇKP-nin rəhbərliyi altında həyata keçirilən sosialist müasirləşmədir. Bu model həm dünyanın müxtəlif ölkələrinin müasirləşməsinin ümumi xarakteristikasına, həmçinin öz milli reallıqlarımıza əsaslanan Çin xüsusiyyətlərinə malikdir.

Çin modeli müasirləşmə-dünyada ən çox əhalisi olan və bütün insanların ölkədə ümumi rifah səviyyəsinin yüksəlməsindən istifadəsini, maddi və mənəvi mədəniyyətin əlaqələndirilmiş inkişafını, insanın və təbiətin harmoniya halında birgə vəhdətini təmin edən, dinc inkişaf yolu ilə gedən müasirləşmədir.

Çin modeli müasirləşmə Qərbin kapitalyönlü, ikiqütblü, materialist, xarici ekspansiya və talanlara söykənən köhnə müasirləşmə üsullarından imtina, həmçinin “müasirləşmə=qərbləşmə” mifini məhv etdi, inkişaf etməkdə olan ölkələrin müasirləşmə yollarını genişləndirdi və bəşəriyyətin ən yaxşı sosial sistemlərin qurulması üçün axtarışına Çinə məxsus həll yollarını təklif etdi.

- Hazırkı beynəlxalq şəraitdə öz qlobal rolunu tamamilə reallaşdırmaq, mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək, digər ölkələrlə dostluq və əməkdaşlığı inkişaf etdirmək üçün Çinin gələcək xarici siyasəti necə olacaq?

- Dünya hazırkı dövrdə son bir əsrdə görünməmiş böyük dəyişikliklərə məruz qalır: elmi-texniki inqilabın və sənaye dəyişikliyinin yeni mərhələsi inkişaf edir, beynəlxalq qüvvələr təzadının dərindən tənzimlənməsi baş verir və Çin inkişaf üçün yeni strateji imkanlarla üzləşir. Eyni zamanda, əsrin pandemiyası çox irəli gedən nəticələrə malikdir: antiqlobal düşüncə, birtərəflilik və proteksionizm açıq şəkildə yüksəlir, dünya iqtisadiyyatının bərpası ləng gedir, regional münaqişələr və iğtişaşlar tez-tez baş verir, qlobal problemlər güclənir, dünya yeni təlatüm və dəyişiklik dövrünə qədəm qoyur.

Çin dünyada və tarixdə misli görünməmiş risklər və çağırışlar qarşısında qətiyyətlə müstəqil və sülhsevər xarici siyasət yürüdür, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir, böyüklüyündən, gücündən və sərvətindən asılı olmayaraq bütün ölkələrin bərabərliyində təkid edir, qətiyyətlə hər cür hegemonluq və güc siyasətinə qarşı çıxır. Çin, birlikdə dinc şəraitdə yaşamanın beş prinsipi əsasında digər ölkələrlə dostluq və əməkdaşlığı inkişaf etdirir, yeni tipli beynəlxalq münasibətlərin qurulmasında iştirak edir, bərabərlik, açıqlıq və əməkdaşlıq prinsiplərinə əsaslanan qlobal tərəfdaşlığı dərinləşdirir və genişləndirir.

Çin sülh şəraitində birgəyaşayış, ümumi sabitlik və tarazlı inkişafla fərqlənən dünyanın böyük dövlətləri ilə münasibətlərin qurulmasına dəstək verir, qonşu dövlətlərlə münasibətləri “xoşməramlılıq, səmimilik, qarşılıqlı səmərəlilik və çoxşaxəlilik” konsepsiyasına və onlarla tərəfdaşlığa əsaslanan xarici siyasətə uyğun inkişaf etdirir. Biz dostluğu, qarşılıqlı etimadı dərinləşdirməyə və qonşu dost dövlətlərin maraqlarını nəzərə almağa çalışırıq.

Çin düzgünlük, ciddilik, yaxınlıq və səmimiyyət tezislərinə uyğun olaraq, ədalət və fayda anlayışlarının düzgün dərk edilməsi əsasında inkişaf etməkdə olan ölkələrlə birlik və əməkdaşlığı gücləndirir, ümumi maraqlarımızı müdafiə edir.

Çin beynəlxalq mühitə açılma siyasətinə, eləcə də dünya ölkələri xalqlarının rifahı naminə qarşılıqlı fayda və qazanc strategiyasına sadiqdir. Çin qlobal idarəetmə sisteminin qurulmasında və həyata keçirilən islahatlarda fəal iştirak edir, qarşılıqlı məsləhətləşmələrə, quruculuq və birgə istifadəyə əsaslanan qlobal idarəçilik konsepsiyasını tətbiq edir, həqiqi çoxşaxəliliyə riayət edir, beynəlxalq münasibətlərin demokratikləşməsini təşviq edir və qlobal idarəçiliyi daha ədalətli və məntiqli istiqamətdə inkişaf etdirir.

Çin dünyada sülhün dəstəklənməsinə, ümumi inkişafın təşviqinə və bəşəriyyət üçün ortaq taleyi olan icmanın qurulmasına yönəlmiş xarici siyasətə sadiqdir, milli dirçəliş və bəşəriyyətin tərəqqisinin tarixi prosesini sürətləndirmək üçün hər cür səy göstərir.

- Tayvan məsələsinin hazırkı vəziyyəti necədir? Bu məsələdə Çinin mövqeyini açıqlaya bilərsiniz? İstərdim ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana razılaşdırılmamış səfərinə də münasibət bildirəsiniz.

- Tayvan Çinin ayrılmaz bir hissəsidir və Tayvan məsələsi Çinin daxili məsələsidir. Bu ilin avqustun 2-də Çinin kəskin etirazına və sərt bəyanatlarına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri “vahid Çin” prinsipinə və Çin-ABŞ birgə rəsmi razılaşmasının müddəalarından üçünün şərtlərinə ciddi şəkildə ziddir ki, bu da öz növbəsində Çin-ABŞ münasibətlərinin siyasi bünövrəsinə mənfi təsir göstərdi, Çinin suverenliyini və ərazi bütövlüyünü, Tayvan körfəzində sülh və stabilliyi kobud şəkildə pozdu və Tayvanda müstəqillik istəyən separatçı qüvvələrə yalan siqnal verdi.

Çin tərəfi bu hərəkətlərə kəskin etirazını bildirir və dərindən pisləyir. Çin artıq Amerikaya ciddi təqdimat edib.

Dünyada yalnız bir Çin var. Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir və ÇXR hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir.

1949-cu ildə ÇXR-in yaranmasından indiyədək dünyanın 181 ölkəsi, o cümlədən ABŞ Çinlə “vahid Çin” siyasətinə əsaslanan diplomatik əlaqələr qurub. Çin hökumətinin və Çin xalqının Tayvan məsələsində mövqeyi bir-birini tamamlayıb.

Sayı 1.4 milyarddan çox olan Çin əhalisi ölkənin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmindədir və bütün Çin oğul və qızlarının ümumi arzusu və müqəddəs borcu Vətənin tam birləşməsinə nail olmaqdır.

ÇXR Sədri Si Cinpin noyabrın 14-də İndoneziyanın Bali adasında keçirilən Böyük İyirmilik (G20) sammiti çərçivəsində ABŞ Prezidenti Co Bayden ilə görüş keçirib. Bu görüş zamanı ölkə liderləri Çin-ABŞ münasibətlərinə aid strateji məsələlər, eləcə də mühüm qlobal və regional məsələlər ətrafında səmimi fikir mübadiləsi aparıblar.

Çin sədri Si Cinpin Tayvan məsələsinin yaranmasının mənşəyini, ölkəmizin prinsipial mövqeyini hərtərəfli və sistemli şəkildə açıqlayıb, həmçinin vurğulayıb ki, Tayvan məsələsi Çinin əsas dövlət maraqlarının özəyi, Çin-ABŞ münasibətlərinin bünövrəsidir, lakin bu siyasi bünövrə Çin-ABŞ münasibətlərində birinci dərəcəli keçilməz “qırmızı xət”dir.

Çin liderinin qeyd etdiyi kimi, Tayvan məsələsi Çinin daxili işidir, onu yalnız çinlilər həll etməlidir. Vahid vətənin və ərazi bütövlüyünün qorunması Çin xalqının ümumi arzusudur.

Tayvanı Çindən ayırmaq cəhdi bizim milli maraqlarımıza ziddir və Çin xalqı bununla barışmayacaq! Çinin ən böyük ümidi Tayvan körfəzində sülh və stabillikdir, lakin “Tayvanın müstəqilliyi” o bölgədə sülh və sabitliklə bir araya sığmır.

ABŞ Prezidenti Co Bayden bəyan etdi ki, ölkəsi “Tayvanın müstəqilliyini”, “iki Çin” və yaxud "bir Çin, bir Tayvan" prinsiplərini dəstəkləmir və Çinin qarşısını almaq üçün Tayvan məsələsindən bir vasitə kimi istifadə etməyə çalışmadığını söylədi.

Ümid edirik ki, ABŞ tərəfinin söz və hərəkətləri bir-birini tamamlayacaq, “vahid Çin” siyasətinə və Çin-ABŞ birgə rəsmi razılaşmasının müddəalarından üçünün şərtlərinə sadiq qalacaq.

Çin və Azərbaycan əsl strateji tərəfdaşlardır. Azərbaycan tərəfi “vahid Çin” prinsipinə sadiqdir, Çinin daxili işlərinə hər hansı müdaxilənin və ölkənin tərkibindən hər hansı hissənin çıxarılmasının qəti əleyhinədir, Çini öz əsas maraqlarının qorunmasında qətiyyətlə dəstəkləyir və Çin bunu yüksək qiymətləndirir. Ölkəmiz Çin-Azərbaycan dostluğunu yüksək qiymətləndirir və beynəlxalq münasibətlərin əsas normalarını qorumaq, regionda və dünyada sülh və stabilliyi birgə qorumaq üçün Azərbaycan tərəfi ilə işləməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR