Səfir: “Kəlbəcər İsrail və Azərbaycan arasında böyük tərəfdaşlıq üçün yaxşı məkan ola bilər”

Corc Dik

© APA | Corc Dik

# 31 may 2022 13:20 (UTC +04:00)

“Əgər iki il əvvəl kimsə mənə bu gün Kəlbəcərdə çay içəcəyimi desəydi, mən ona inanmazdım”.

APA xəbər verir ki, bunu Kəlbəcərdə səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İsrail Azərbaycanla istənilən sahədə əməkdaşlığa hazırdır.

“Əgər iki il əvvəl kimsə mənə bu gün Kəlbəcərdə çay içəcəyimi desəydi, mən ona inanmazdım. Amma biz buradayıq və çayımızı içirik və hökumət tərəfindən tikilmiş elektrik stansiyası, dağın altından keçən tunel kimi infrastruktur obyektlərini ziyarət edirik. Kəlbəcər rayonunun daha gözəl yerə çevrilməsi üçün bir çox işlər görülür. Arxamdakı yaşıllığı və suyu görürsünüz, həqiqətən də çox gözəldir. Düşünürəm ki, bura İsrail və Azərbaycan arasında böyük tərəfdaşlıq üçün yaxşı yer ola bilər. Biz bu ölkə üçün kifayət qədər elektrik enerjisinin təmin edilməsi məqsədilə külək və günəş enerjisi kimi alternativ enerji sahəsində çalışa bilərik. Biz həmçinin artıq etdiyimiz kimi, su resursları ilə bağlı da işləyə bilərik. Ötən ay İsrailin Milli Su Şirkəti (Mekorot) ilə Azərbaycanın aidiyyəti qurumu arasında su resursları üçün strateji planın hazırlanması ilə bağlı razılaşma imzalandı. Bu region su ilə zəngindir. Ona görə də düşünürəm ki, bu rayon bizim birlikdə işləməyimiz üçün fantastik yer ola bilər. Biz Azərbaycanın bizimlə işləmək istədiyi istənilən sahədə Azərbaycanla tərəfdaşlığa hazırıq. Mən artıq elektrik enerjisinin gətirilməsi, yolların, tunelin inşası kimi görülən bir çox işlərə görə Azərbaycan hökumətini təbrik etmək istəyirəm. Tezliklə Kəlbəcərə daha çox insan gələ bilər”, - İsrail səfiri qeyd edib.

Səfir Corc Dik əlavə edib ki, bu gün Azərbaycan irəliyə baxır və dağıdılmış, artıq mövcud olmayan yerlərin tikilməsinə, bərpasına çalışır.

O, Azərbaycanın gözəl və çiçəklənən Qarabağa layiq olduğunu vurğulayıb.

Səid Babazadə

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR