Səfir Rəşad Məmmədov: “Türkiyə və Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasını istəyir”

Rəşad Məmmədov

© APA | Rəşad Məmmədov

# 29 yanvar 2022 14:48 (UTC +04:00)

“Azərbaycan 30 il ərzində Ermənistanla Dağlıq Qarabağa dair danışıqlara sadiq qaldı. Bütün təşəbbüslərə hazır idi, danışıqları davam etdirdi, amma təəssüf olsun ki, Ermənistanın mövqeyi səbəbindən bu proses nəticəsiz qaldı”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov İstanbulda Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş zamanı deyib.

Azərbaycanın Ermənistanla müharibənin olmamasının, problemin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğunu vurğulayan səfir, Ermənistanın provokasiyaları nəticəsində başlayan Vətən müharibəsində bütün türk dünyasının qələbə çaldığını vurğulayıb.

R. Məmmədov, həmçinin, Türkiyə mətbuatına İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdığına görə təşəkkür edib.

“Biz Qafqazda sülhün, Ermənistanla həm Türkiyənin, həm də Azərbaycanın münasibətlərinin normallaşmasının tərəfdarıyıq. Xalqlarımız arasında sıx iqtisadi əlaqələrin də qurulmasının tərəfdarıyıq. Sülh müqaviləsi, Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra bölgəyə dayanıqlı sülh gələcək”, - o deyib.

Səfir Məmmədov Azərbaycan və Türkiyə arasındakı münasibətlərin dünyada təkrarının olmadığını da vurğulayıb: “Türkiyə ilə münasibətlərimiz təkrarolunmazdır. Şuşa bəyannaməsi bizi hərbi və siyasi müttəfiqlər münasibətinə çıxardı. Tək sözdə deyil, siyasət və yatırımlarla bunu sübut etdik. Bu münasibətlər inkişaf edəcək, hər kəsə örnək verəcəkdir. Biz birlikdə bütün təhdidlərə cavab verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR