Səfir: Slovakiya azad edilmiş ərazilərin canlanmasına səy göstərir - MÜSAHİBƏ

Səfir: Slovakiya azad edilmiş ərazilərin canlanmasına səy göstərir - MÜSAHİBƏ
# 11 may 2023 12:53 (UTC +04:00)

Slovakiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın APA-ya müsahibəsi

- Cənab səfir, ilk olaraq Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlərin inkişaf dinamikası barədə fikrinizi bilmək istərdim.

- Slovakiya ilə Azərbaycan arasında intensiv siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı əlaqələr mövcuddur. İkitərəfli münasibətlərin bir sıra sahələrində əməkdaşlığımızın daha da inkişafına mane olacaq hər hansı ciddi maneə yoxdur. Ölkələrimiz qarşılıqlı şəkildə bəyan edib ki, iqtisadi əməkdaşlığın araşdırılması maraqlarımızın prioritetləri sırasındadır. Slovakiya Azərbaycanı iqtisadi imkanlar ölkəsi kimi qəbul edir. Ümumiyyətlə, hazırda Slovakiya daha dayanıqlı bazanın yaradılmasına və iqtisadi əməkdaşlığımıza daha sistemli yanaşmanın qurulmasına səylərini yönəldib. Bu məqsədlərə nail olmaq üçün bir neçə sahəyə diqqət yetirməyə başlamışıq.

Birinci sahə Slovakiya ilə Azərbaycan arasında iqtisadi fəaliyyətin dəstəklənməsinə yönəldilmiş qanunvericilik bazasının tamamlanmasıdır. Biz əsas iqtisadi razılaşmaları son zamanlara qədər əldə etməmişdik. İqtisadi əməkdaşlığa dair hökumətlərarası sazişləri, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi, investisiyaların təşviqi və qorunması haqqında sazişləri nəzərdə tuturam.

2021-ci ilin oktyabrında Slovakiyanın Xarici və Avropa işləri naziri İvan Korçokun rəsmi səfəri zamanı iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb və onun əsasında bu ilin iyun ayında Bakıda iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.

Bu, ölkələrimizin ticarət və investisiya potensialının tədqiqi üçün mühüm addımdır, çünki Hökumətlərarası Komissiya iqtisadi əməkdaşlığın əsas vektorlarını araşdırmaq və ümumi maraqların konkret sahələrini müəyyən etmək üçün faydalı alətdir. İqtisadi əlaqələrin dəstəklənməsinə aid digər saziş ikiqat vergitutmadan yayınma müqaviləsidir. Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun bu ilin iyununda Slovakiyaya planlaşdırılan rəsmi səfəri zamanı bu sazişin imzalanması üçün biz əlimizdən gələni edirik. Və sonuncu, lakin ən vacibi - investisiyaların təşviqi və qorunması müqaviləsidir ki, hazırda son hazırlıq prosesindən keçir. İnanırıq ki, bu saziş gələn ildən gec olmamaq şərti ilə imzalanacaq. İqtisadi əməkdaşlıqdan danışarkən deməliyəm ki, razılaşmalarımız olmasına baxmayaraq, əgər biz iş adamlarımızın diqqətini öz bazarlarımıza yönəldə bilməsək, Slovakiya ilə Azərbaycan arasında iqtisadi imkanların yüksəldilməsində fəallaşa bilməsək, əməkdaşlığımız inkişaf etməyəcək. Biz ölkələrimizin işgüzar dairələrinin, əsasən də kiçik və orta müəssisə sahiblərinin bir araya gəlməsinə, birbaşa B2B (business-to-business) əlaqələrinin qurulması üçün biznes missiyalarının təşkilinə kömək etməliyik. Əks halda, iqtisadi imkanlar kağız üzərində qalır.

Slovakiya son illər ərzində Azərbaycana bir neçə işgüzar missiya təşkil edib və iyun ayında növbəti missiya gözlənilir. Azərbaycandan Slovakiyaya biznes missiyalarının təşkilinə ehtiyac var. Digər sözlə desək, biz Azərbaycan tərəfdən bu sahədə yüksək aktiv münasibət göstərilməsini alqışlayardıq. Sonuncu, lakin heç də az əhəmiyyətli olmayan istiqamət müəssisələrə sistemli dəstəkdir ki, bunun üçün da yerlərdə çox əmək tələb edən işlər lazımdır. Yeni ticarət və investisiya sahələrinin müəyyən edilməsi, eləcə də açılması istiqamətində əməkdaşlıq etmək üçün hər iki tərəfdən qarşılıqlı fəal yanaşma və gərgin iş tələb olunur. Bu cəbhədə səylərimizi sinxronlaşdırmalıyıq. Bu kontekstdə diplomatik nümayəndəliklər əvəzolunmaz rol oynayır.

- Diplomatik nümayəndəliklərdən söz düşmüşkən, Slovakiyanın Azərbaycandakı səfirliyi 2019-cu il 28 noyabrda açılıb. Bəs Azərbaycanın ölkənizdə səfirliyinin açılması gündəmdə varmı?

- Sizin də qeyd etdiniz kimi, Slovakiya 2019-cu ilin noyabr ayında Bakıda öz səfirliyini açıb və ölkələrimiz arasında biznesin təşviqi istiqamətində fəaliyyətimiz kifayət qədər intensivdir. Bratislavada Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını gözləyirik. İnanırıq ki, bu, iyun ayında Azərbaycan xarici işlər nazirinin Slovakiyaya rəsmi səfəri zamanı həyata keçiriləcək.

Slovakiyanın Bakıdakı səfirliyi ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün çoxlu işlər görür. İqtisadi fəaliyyətə gəlincə, əvvəldə qeyd etdiyim kimi, biz Azərbaycanda şirkətlərimiz üçün konkret imkanların müəyyənləşdirilməsinə fokuslanmışıq. Azərbaycan şirkətlərinə müraciət etmək, real potensialı təhlil etmək, bazar ehtiyaclarını, investisiya şərtlərini öyrənmək, konsaltinq xidmətləri göstərmək, biznes missiyalarının təşkili və s. bu kimi addımlar ətraflı və intensiv iş tələb edir.

- Azərbaycan və Slovakiya arasında mədəniyyət, təhsil və humanitar sahələrdə əlaqələrin səviyyəsi barədə nə deyə bilərsiniz?

- Slovakiya səfirliyi, iqtisadi fəaliyyətlə yanaşı, çoxsaylı mədəni tədbirlər vasitəsilə Azərbaycan cəmiyyəti ilə fəal şəkildə qarşılıqlı əlaqədədir. Biz bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Səfirlik bu münasibətlə cari ilin fevral ayında Bakı məktəbləri üçün Slovakiya Animasiya Filmləri Həftəsi təşkil edib, may ayında dünyada bənzəri olmayan BIB (Biennial of Illustrations Bratislava) qrafik illüstrasiya sərgisi təşkil edəcəyik, sentyabr ayında isə Milli Günümüzlə bağlı ziyafət təşkil olunacaq və məşhur “Luçnitsa” milli folklor ansamblı tamaşalar nümayiş etdirəcək. Biz mühüm 30 illik yubileyi qeyd etmək üçün bu ilin payızında Slovak-Azərbaycan birgə Poçt Markasını buraxacağıq.

Mən həmçinin Bakı universitetlərində Slovakiya haqqında mühazirələr oxuyuram və biz universitetlərimiz arasında əməkdaşlığı təşviq edirik. Slovakiya Azərbaycan tələbələri üçün bir sıra dövlət təqaüdləri ayırır, lakin biz Azərbaycan tələbələrini Beynəlxalq Vişeqrad Fondunun (IVF) təqaüdləri ilə Slovakiyada təhsil almaq üçün müraciət etməyə çox həvəsləndiririk.

Təbii ki, biz ölkələrimiz üçün ümumi maraq kəsb edən bir çox sahələrdə siyasi dialoqun təşkili üçün Azərbaycanın müvafiq qurumları ilə əlaqələri inkişaf etdiririk. Bütün bunlarla yanaşı, biz Azərbaycan nümayəndələrinin may ayının sonunda təhlükəsizlik məsələləri ilə bağlı dünyanın beş ən böyük tədbirindən biri olan GLOBSEC Bratislava Forum konfransında iştirakını gözləyirik.

- Azərbaycan-Slovakiya iqtisadi əlaqələri hansı səviyyədədir? Azərbaycanda Slovakiya kapitalı ilə çalışan şirkətlərin sayının artırılması üçün hansı addımlar atılır?

- COVID-19 pandemiyasından əvvəlki illərdə ölkələrimiz arasında uğurlu işgüzar əməkdaşlıq mövcud olub. İqtisadi potensialımızın əhatə dairəsini daha yaxşı təsvir etmək və başa düşmək üçün onlardan bəzilərini qeyd edəcəyəm. Məsələn, Azərbaycan sikkələrinin böyük əksəriyyəti Slovakiyanın “Kremnica Mint” şirkəti tərəfindən hazırlanıb.

Slovakiyanın “Doprastav” və “Betamont” şirkətləri Bakı-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun və Sumqayıt avtomobil yolunun tikintisində, eyni zamanda, siqnal cihazlarının quraşdırılmasında iştirak ediblər.

Xəzər dənizində xam neft çıxarılması ilə məşğul olan qazma platformalarında helikopterlər üçün nəzərdə tutulan bir neçə hava hərəkətini idarəetmə (HHİ) qüllələri Slovakiyanın “iBross” şirkəti tərəfindən quraşdırılıb.

“Vodohospodárske stavby” şirkəti tərəfindən "Azərbaycan Dəmir Yolları" QSC üçün 800-ə yaxın dəmir yolu konteyneri gətirilib, ADY məxsus lokomotivlər isə “ŽOS Zvolen” və “ŽOS Trnava” şirkətləri tərəfindən təmir edilib.

“Chirana Stará Turá” şirkəti Azərbaycan xəstəxanalarına çoxlu sayda tibbi avadanlıq gətirib. Slovakiyanın “NG Aviation” şirkəti bu ilin mart ayında AZANS (Azəraeronaviqasiya) ilə Azərbaycan hava limanlarının hava yollarının idarə olunması üçün proqram təminatının tətbiqi üzrə müqavilə imzalayıb. Slovakiyanın “Pelta” şirkəti AZAL şirkətinə təhlükəsizlik və mühafizə sistemləri təqdim edib.

Bundan başqa, Slovakiyanın daha bir şirkəti “Sensoneo” Gəncə şəhərində tullantıların idarə olunması layihəsində iştirak edəcək. Bütün bu uğurlu layihələr gələcək əməkdaşlığımızı qurmaq üçün yaxşı istinadlar verir. Biz yuxarıda göstərilən biznes kanallarından istifadə etmək və gələcək müqavilələri davam etdirmək üçün onların mövcud potensialından yararlanmaq istərdik.

- Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artması istiqamətində hansı işlər görülür?

- Koronavirus pandemiyasından sonra ölkələrimiz arasında hazırkı ticarət dövriyyəsinin həcmi qənaətbəxş deyil, cəmi 53 milyon avroya çatıb, lakin gələcək çox perspektivlidir və ticarət dövriyyəsi artır.

Bundan əlavə, biz bir sıra Azərbaycan şirkətləri üçün proqram təminatının tətbiqi, idarəetmə həllərində, habelə maşınqayırma, daha çox avtomatlaşdırma komponentləri sahəsində və kənd təsərrüfatı məhsullarının təşviqində yeni iqtisadi imkanları araşdırmaq üçün səylərimizi göstəririk. Bizim təklif edəcəyimiz çox şey var və bu sahələrdə əlaqələndirmə fəaliyyəti göstərərək daha çox nəticələr əldə edəcəyik.

- Ötən ay Sofiyada “Həmrəylik halqası”yla Azərbaycan qazının tədarükünə dair memorandum imzalandı. Memoranduma imza atanlar arasında Slovakiyanın “Eustream” şirkəti də var.

- Enerji sahəsində əməkdaşlığa gəlincə isə, Slovakiya bu il aprelin 25-də Macarıstan, Rumıniya, Bolqarıstanla birgə Azərbaycanla “Həmrəylik halqası” adlanan qaz sahəsində əməkdaşlıq memorandumunun imzalanmasında iştirak edib. Slovakiya Azərbaycan qazının Avropa bazarına çıxarılmasını dəstəkləyir. Cənub Qaz Dəhlizi Avropa İttifaqının prioritet enerji layihələrinə aiddir və biz bu layihədə əməkdaşlığımızın qurulması barədə düşünürük. Slovakiya və Azərbaycan arasında qaz nəqli sahəsindən başqa, yaşıl texnologiyalar sahəsində enerji əməkdaşlığı üçün əlavə imkanlar var. Bu imkanlar daha çox Azərbaycanın yaşıl enerjiyə keçid planında və mümkün hidrogen nəqlində mövcuddur. Slovakiyanın geotermal enerjidən istifadə sahəsində təcrübəsi var və biz Qarabağ ərazisində potensialımızdan istifadə etmək imkanlarını görürük.

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Slovakiya şirkətləri çalışırmı?

- Slovakiya Qarabağda sosial-iqtisadi həyatın canlanmasına və Azərbaycan vətəndaşlarının oraya qayıtmasına kömək etmək üçün səy göstərir. Bu, minatəmizləmə sahəsində əməkdaşlıqda, həmçinin Qarabağda “ağıllı kənd”in salınması səylərimizdə özünü göstərir.

- Hə, bu arada Slovakiya azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün xüsusi texnika göndərəcəyini bəyan etmişdi. Həmin texnika göndərilib?

- Minatəmizləmə işlərinə gəlincə, Slovakiyanın “Way Industries” şirkəti 2021-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə minatəmizləmə avadanlıqları üzrə müqavilə imzalayıb. Bütün avadanlıqlar artıq gətirilib və bu sahədə gələcək əməkdaşlıq üçün perspektivli tendensiya mövcuddur. ”Ağıllı kənd”ə gəlincə isə, Slovakiya Qarabağda “ağıllı kənd” tikintisinin inteqrasiya konsepsiyasını 2021-ci ilin may ayında Bakıda təqdim edən ilk xarici ölkə olub. Tədricən konsepsiya ideyası konkret bütöv bir layihəyə çevrilib və ötən ilin dekabrında Azərbaycanın müvafiq orqanlarına təqdim edilib. Bu layihənin mürəkkəbliyi ondan ibarətdir ki, özündə bir çox məsələləri, o cümlədən, Azərbaycan şirkətləri ilə əməkdaşlıq elementləri, layihənin maliyyələşdirilməsinin təmin edilməsi, yaşıl enerjinin həlli, uzunmüddətli məşğulluğu təmin edən müəssisələri birləşdirir. Həmçinin bu layihə Azərbaycanın tələblərinə uyğunlaşdırıla bilər. Bir çox ölkələr Qarabağın iqtisadi dirçəlişində iştirakda maraqlıdır. İnanırıq ki, layihəmizin uğurlu olması üçün güclü potensialı var.

- Xarici işlər naziri İvan Korçok Bakıda səfərdə olarkən Azərbaycanın ərazi bütövlüyünə ölkənizin birmənalı dəstəyini ifadə etmişdi...

- Bəli. Slovakiya Respublikasının əsas maraqları sırasına beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünün qorunması, suverenliyə hörmət, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq konvensiyalar, müqavilələr və beynəlxalq standartlara riayət edilməsi daxildir.

Bu prinsiplər Rusiyanın Ukraynaya təcavüzü fonunda daha da aktuallaşıb. Slovakiya Respublikası Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və mübahisələrin sülh yolu ilə həllinə çağırır.

Milli azlıqların təhlükəsizliyinin və hüquqlarının məsələsinə gəlincə, biz belə hesab edirik ki, hər bir ölkə onların müdafiəsi üçün lazımi səylər göstərməlidir ki, onlar yaşadıqları ölkəni öz vətənləri hesab etsinlər. Bununla belə, azlıqların təhlükəsizliyi və müdafiəsi məsələləri ərazi bütövlüyü prinsipinə hörmət çərçivəsində, bu ölkənin konstitusiyası çərçivəsində və beynəlxalq normalara uyğun işlənib hazırlanmalı və həll edilməlidir. Slovakiya Respublikası milli azlıqların müdafiəsi sahəsində, eləcə də təhlükəsizlik islahatı adlanan prosesdə təcrübəmizdən istifadə etmək imkanını təklif edir.

- Azərbaycan və Avropa İttifaqı arasında sazişin imzalanması üçün danışıqlar gedir. Slovakiyanın bu məsələdə Azərbaycana dəstəyi hansı səviyyədədir?

- Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq haqqında saziş artıq uzun illərdir ki, hazırlıq prosesindən keçir. Aİ tərəfdən hazırlıq prosesi ilə Avropa Komissiyası məşğul olur. Təbii ki, Aİ-yə üzv ölkələr bu prosesdə öz sözlərini deyir, çünki sonda saziş Aİ-yə üzv dövlətlərin parlamentləri tərəfindən ratifikasiya edilməlidir. Slovakiya tərəfdardır ki, sazişin əhatə etdiyi əməkdaşlıq sahələri iqtisadi maraqlar, demokratik inkişaf və cəmiyyətin ehtiyacları da daxil olmaqla balanslaşdırılmış olmalıdır. Biz hazırlıq prosesinin sürətləndirilməsini dəstəkləyirik, lakin bu halda müqavilənin keyfiyyəti qorunub saxlanılmalıdır.

- Son sual olaraq, Slovakiya Ukrayna münaqişəsinin həllini necə görür?

- Rusiyanın Ukraynaya qarşı qəddar təcavüzü bütün Avropanın təhlükəsizlik arxitekturasını sarsıdıb. Rusiya beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etmədi və hətta Ukrayna xalqının mövcudluğunu şübhə altına saldı. Bu, bizim üçün qətiyyən qəbuledilməzdir. Əgər başqa dövlətlər də Rusiya kimi davranaraq, öz qonşularının yaşamaq hüququnu şübhə altına alaraq, istədiklərini edə biləcəklərini düşünərək, hərbi güc tətbiq edərək zəif qonşudan istədikləri qədər ərazini ala bilsəydilər, dünyamız necə görünərdi? Biz Rusiyanın təcavüzünü qətiyyətlə pisləyirik və Ukraynanı bütün sahələrdə - iqtisadi, hərbi, siyasi, humanitar yardım göstərilməsi, qaçqınlara yardım və s. dəstəkləyirik. Biz Azərbaycanın Ukraynaya göstərdiyi yardımı da yüksək qiymətləndiririk. Biz münaqişənin həllini belə görürük ki, Rusiya Ukraynaya təcavüzünü dayandırsın, bütün işğal etdiyi Ukrayna ərazilərindən çıxsın və Rusiya bu təcavüzə görə cavab versin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR