Siyasi ekspert: “Qafqaz evi sülhün bərqərar olması üçün vacib modeldir”

Araz Aslanlı

© APA | Araz Aslanlı

# 28 sentyabr 2022 12:17 (UTC +04:00)

Qafqaz evi Cənubi Qafqazda sülhün bərqərar olması üçün vacib modeldir.

APA xəbər verir ki, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin direktoru Araz Aslanlı Azərbaycan beyin mərkəzlərinin I Forumunda paneldə çıxışı zamanı deyib.

“Qafqazda sülh üçün hər üç ölkənin beyin mərkəzləri sülh təklifləri üzərində işləməlidir. Həmçinin beyin mərkəzlərinin təkliflərinə cəmiyyəti inandırmaq üzərində işləmək lazımdır. Həmçinin Qərbdəki beyin mərkəzləri, region ölkələrinin beyin mərkəzləri Qafqazda sülh istiqamətində modellərin hazırlanması ilə bağlı platforma yarada bilər”, - azərbaycanlı siyasi ekspert bildirib.

Azərbaycan Ermənistan arasında danışıqlarda vasitəçilik edən tərəflərin hər zaman xoş niyyətdə olmadığını deyən Araz Aslanlı prosesə qoşulacaq müxtəlif ölkələrdən beyin mərkəzlərinin də hamısının sülhün əldə olunmasında maraqlı olmayacağını bildirib: “Amma hər halda interaktiv müzakirə imkanı meydana çıxacaq və ideyaların, təkliflərin mübadiləsi vacibdir. Bu rəsmi formatda olmaya da bilər. Amma müzakirələr modellərin ortaya qoyulmasına töhfə verə bilər”.

Panel diskussiyasında çıxış edən Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov Azərbaycan və Ermənistan arasında hazırkı mərhələdə sülhün əldə olunmasının mürəkkəb olduğunu, ancaq dialoq mümkünlüyünü qeyd edib. O deyib ki, müharibə bitdikdən sonra Topçubaşov Mərkəzi tərəflər arasında dialoqla bağlı ilk təşəbbüsü irəli sürən beyin mərkəzi olub: “Biz erməni politoloqlarının videomüsahibələrini hazırlayaraq erməni cəmiyyətindəki narrativlərini, onların müharibədən sonrakı diskursunu Azərbaycan cəmiyyətinə çatdırmaq istəyirdik. Daha sonra bu təşəbbüs hər iki ölkənin ekspertləri arasında dialoq platformasına çevrildi”.

O əlavə edib ki, Ermənistan tərəfindən bu dialoqlara həvəs daha az olub: “Ermənistan tərəfindən dialoq tərəfdaşı kimi təqdim olunan şəxs avqust ayında açıqlama vermişdi ki, Azərbaycanın hərbi iqtisadi infrastrukturuna zərbələr endirmək lazımdır”.

Azərbaycanlı siyasi ekspert qeyd edib ki, sentyabrda sərhəddə baş verən eskalasiyadan sonra dialoqla bağlı həvəs daha da azalıb. Rusif Hüseynov çıxışında onu da vurğulayıb ki, tərəflər arasında dialoqun aparılması zamanı tematik müxtəlifliyə də diqqət vermək lazımdır: “Eyni simaların müxtəlif ölkələrdə görüşməsi artıq effektiv deyil. İş adamlarının, mühəndislərin, infrastrukturla məşğul olan ekspertlərin görüşləri , tematik görüşlərin keçirilməsi vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR