Soltan Məmmədov: “Azərbaycanın hədəfə alınması  Fransanın sülhdə maraqlı olmasına şübhələr yaradır”

Soltan Məmmədov, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

© APA | Soltan Məmmədov, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

# 19 yanvar 2022 12:28 (UTC +04:00)

“Fransa Milli Assambleyasında Azərbaycanla bağlı aparılan son müzakirələrin məzmunu ikitərəfli münasibətlərə zərbə vurur. Təəssüf ki, Fransanın bəzi siyasətçiləri bu münasibətlərin əhəmiyyətini düzgün qiymətləndirə bilmir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Millət vəkili vurğulayıb ki, Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siottinin çıxışında səsləndirdiyi əsassız fikirlər və Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın bu çıxışa reaksiyası ikitərəfli əlaqələrdə etimad mühitinin yenidən bərpasına dair təşəbbüsləri zədələyir.

Soltan Məmmədov qeyd edib ki, Fransa Parlamentində Azərbaycan Prezidentinin beynəlxalq hüquqa əsaslanan fikirlərinə bu cür məsuliyyətsiz münasibət diplomatik etiket normalarından kənara çıxır və siyasi nəzakətsizlikdir: “Vətən müharibəsi dövründə Fransanın nümayiş etdirdiyi ədalətsiz mövqe qarşılıqlı etimadın ciddi formada zədələnməsinə səbəb olmuşdu. Lakin son dövrlər biz əlaqələrin normallaşdırılması ilə bağlı bəzi cəhdlərin şahidi olurduq. Fransanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə töhfə vermək istəyini bəyan etməsi, Prezident Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında qeyri-formal görüşün təşkili müəyyən ümidlər yaratmışdı. Təəssüf ki, Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri bu ümidlərə xeyli dərəcədə kölgə saldı”,

Milli Məclisin deputatı Azərbaycanın Fransadan gözləntilərini kifayət qədər aydın bir şəkildə qarşı tərəfin diqqətinə çatdırdığını bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri kimi Fransanın üzərinə çox ciddi öhdəliklər düşür: “Azərbaycan hər zaman bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçi dövlətlər kimi obyektiv, tərəfsiz, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqe nümayiş etdirməlidir. Fransa hökumətinin və parlamentinin üzvləri Cənubi Qafqazda baş verən proseslərin məğzini, artıq həll edilmiş Qarabağ münaqişəsi haqqında reallıqları həqiqətən öyrənmək istəsəydilər, işğaldan azad olunmuş ərazilərə səfər etmiş Fransa səfirinin, eləcə də Milli Assambleya üzvlərinin rəyini dinləməliydilər. Bu ərazilərdəki dağıntılar, evlərə, mədəniyyət obyektlərinə, dini və tarixi abidələrə 30 illik işğal dövründə göstərilmiş münasibət, işğaldan azad olunmuş yüzlərlə yaşayış məskəninin xarabalıqlara çevrilməsi və bu gün ölkəmizin elə həmin xarabalıqlar üzərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri münaqişənin mahiyyəti haqqında çox şey deyir”.

Soltan Məmmədov bildirib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər beynəlxalq hüquq normalarına açıq hörmətsizlikdir. Eyni zamanda Fransa parlamentində səsləndirilən fikirlər və ölkənin xarici işlər nazirinin adekvat olmayan reaksiyası diplomatik etiket qaydalarına ziddir və ikitərəfli münasibətlərdə bərpası çətin olan zədələr açır: “Fransada ardıcıl olaraq Azərbaycanın hədəfə alınması, rəsmi Parisin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olduğuna dair əsaslı şübhələrə səbəb olur. Belə bir təsəvvür yaranır ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə hər fürsətdə regionda vəziyyətin yenidən gərginləşməsini istəyir, bütün bölgənin taleyini yaxşı mənada dəyişəcək münasibətlər sisteminin formalaşmasına mane olmağa çalışır. Azərbaycanın ərazi bütövlüyü heç bir ölkədə seçki kampaniyasının, namizədlər arasında siyasi mübarizənin elementinə çevrilə bilməz. Hesab edirəm ki, bu, kifayət qədər aydın və ədalətli bir tələbdir. Eyni zamanda, hər hansı bir ölkənin deputatının Azərbaycan dövlətinin ali rəhbərliyi haqqında nəzakət çərçivələrini aşan ifadələr işlətməsi qəti şəkildə yolverilməzdir. Düşünürəm ki, bu, hər şeydən əvvəl bir mənəviyyat məsələsidir. Təəssüf ki, Fransada bəzi siyasətçilərin şəxsi maraqlarının, ambisiyalarının və xarakterinin mənəviyyat prinsiplərindən xeyli dərəcədə uzaq olduğunu müşahidə edirik.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR