Soltan Məmmədov: “BMT öz fəaliyyət prinsiplərinə və metodlarına yenidən baxmalıdır”

Soltan Məmmədov

© APA | Soltan Məmmədov

# 15 sentyabr 2022 16:55 (UTC +04:00)

“BMT Təhlükəsizlik Şurasının dövlət sərhədində vəziyyətlə bağlı Fransanın təşəbbüsü ilə iclas keçirməsi ikili standartların daha bir təzahürüdür. Azərbaycan torpaqlarının 30 il ərzində işğalda qaldığı dövrdə təcavüzkarı cəzalandırmaq üçün heç bir konkret tədbir həyata keçirməyən bir qurumun Ermənistanın münasibətinə bu qədər “operativ” reaksiyası haqlı suallar yaradır”.

Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat uzun illər Ermənistanın davam etdirdiyi işğalçılıq siyasətinə göz yuman bir qurumun lokal hərbi toqquşmaya bu qədər vaxt və diqqət ayırmasının onun obyektivliyinə şübhə ilə yanaşmağa əsas verdiyini bildirib.

Soltan Məmmədov vurğulayıb ki, Ermənistanın sərhəddə həyata keçirdiyi son təxribata Azərbaycanın verdiyi qəti cavab özünümüdafiə hüququna əsaslanır: “BMT Nizamnaməsinin 51-ci maddəsi hər hansı dövlətin beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verir. Bu o deməkdir ki, beynəlxalq hüquq hər bir dövlətin özünümüdafiə haqqını tanıyır. Əgər BMT Təhlükəsizlik Şurası həqiqətən sülh və ədalət üçün fəaliyyət göstərirsə, öz addımlarında, qəbul etdiyi qərarlarda məhz beynəlxalq hüquqa əsaslanmalıdır. Təəssüf ki, təcrübə bunun tamamilə əksini göstərir”.

Millət vəkili BMT-nin artıq təsirsiz, münaqişələri həll etmək iqtidarında olmayan bir qurum kimi qəbul edildiyini xatırladıb. Bildirib ki, bu məsələ dəfələrlə müxtəlif dövlətlərin liderləri tərəfindən qaldırılıb: “Azərbaycan Prezidenti də öz çıxışlarında BMT-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin 30 ilə yaxın müddətdə icra olunmadığını, lakin bəzi digər hallarda qətnamələrin qısa müddətdə yerinə yetirildiyini xatırladaraq, bunu ikili standartların təzahürü kimi qiymətləndirmişdi. Bu mövqeyi bölüşən dövlətlərin sayı kifayət qədərdir. Ona görə də hesab edirəm ki, BMT öz fəaliyyət prinsiplərinə və metodlarına yenidən baxmalıdır”.

Son hadisələrlə bağlı Fransanın da nümayiş etdirdiyi qeyri-konstruktiv fəallığın Cənubi Qafqazda sülhün təmin olunmasına xidmət etmədiyini bildirən S. Məmmədov bu məsələnin fransalı parlamentarilərin də diqqətinə çatdırılacağını qeyd edib. Millət vəkili hesab edir ki, Fransa bir çox halda Azərbaycanla Ermənistan arasında mövcud problemlərin həllinə töhfə vermək əvəzinə, vəziyyəti daha da gərginləşdirməyə xidmət edən addımlar atır: “Fransanın bu məsələdə tərəfsiz olduğuna Azərbaycan ictimaiyyətində dərin bir inamsızlıq var və bu, əsassız deyil. Ona görə də hesab edirəm ki, Fransa Avropanın və dünyanın aparıcı ölkələrindən biri, BMT Təhlükəsizlik Şurasının üzvü kimi hadisələrə birtərəfli qiymət verməməlidir. Bu, regiondakı real vəziyyəti, mövcud problemlərin tarixini bilən Fransa siyasətçilərini də narahat edən məsələlərdən biridir. Bu günlərdə Fransalı ictimai xadimlərin də təmsil olunduğu Azərbaycanın Dostları Assosiasiyasının yaydığı açıqlamada da beynəlxalq birliyin məsələyə ədalətli yanaşmasına çağırış ək olunmuşdu. Fransaya nəzərdə tutulan səfərimiz zamanı fransız siyasətçilərlə təmaslarımızda biz bu çağırışları bir daha təkrarlamaq niyyətindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR