Soltan Məmmədov: “Fransada prezidentliyə namizədin Xankəndiyə səfəri siyasi təxribatdır” - VİDEO

Soltan Məmmədov

© APA | Soltan Məmmədov

# 27 dekabr 2021 11:27 (UTC +04:00)

“Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasının namizədi Valeri Pekresin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfərini Azərbaycan ictimaiyyəti dərin təəssüf hissi ilə qarşılayıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, siyasi təxribat xarakteri daşıyan bu addım Azərbaycan-Fransa münasibətlərinin ruhuna, eyni zamanda, beynəlxalq ictimaiyyətin regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərinə tamamilə ziddir: “Fransanın Vətən müharibəsi dövründə tutduğu mövqe ATƏT-in Minsk Qrupunun həmsədri kimi vacib bir missiyanı üzərinə götürmüş bu ölkənin tərəfsizliyinə əsaslı şübhələr yaratmışdı. Son dövrlərdə qarşılıqlı münasibətlərdə etimadın bərpa olunmasına yönəlmiş bəzi təşəbbüslərin şahidi olduq. Fransa hökuməti işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə töhfə vermək istəyini bəyan etdi. Prezident Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında qeyri-formal görüş təşkil olundu. Bu addımlar Fransanın Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılmasında iştirak etmək cəhdləri kimi qiymətləndirilir. Lakin Valeri Perkesin Azərbaycan ərazilərinə qanunsuz səfəri Fransanın bəyan etdiyi siyasətin məzmunu ilə heç cür uyğun gəlmir”.

Deputat qeyd edib ki, bu gizli və qanunsuz səfər Fransanın müəyyən siyasi dairələrində də təəssüflə qarşılanıb: “Fransa Milli Assambleyasında Azərbaycan-Fransa Dostluq Qrupunun vitse-prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber xüsusi bəyanatla çıxış edərək, Fransa və onun nümayəndələrini davamlı sülh naminə beynəlxalq hüququn elementar normalarına hörmət etməyə, qərəzsiz davranmağa çağırıb.

Biz seçki kampaniyasında namizədlərin müəyyən taktiki gedişlərə müraciət etmək məcburiyyətini anlayışla qarşılaya bilərik. Lakin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq hüququn fundamental prinsipləri heç bir halda seçki kampaniyasının elementi kimi istifadə oluna bilməz. Bu, həmin namizəd tərəfindən ilk növbədə öz ölkəsinə, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir.

Bütün dünya 44 günlük müharibədən sonra regionda tamamilə fərqli bir reallığın yarandığını, təhlükəsizlik konfiqurasiyasının dəyişdiyini qəbul edir. Aparıcı dövlətlər, o cümlədən Fransa bu yeni tarixi mərhələdə regionda etimad mühitinin formalaşması, iqtisadi, siyasi, humanitar, mədəni əlaqələrin bərpasında mühüm rol oynaya bilər. Bu gün Azərbaycan-Fransa münasibətlərində tarixi əməkdaşlıq üçün çox yaxşı zəmin yaranıb. Bu zəminə əsaslanaraq, münasibətlərin inkişafına çalışmaq hər iki ölkəyə fayda verməklə yanaşı, regionun təhlükəsizliyinə və rifahına da xidmət edər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR