Soltan Məmmədov: “Sülh prosesini ləngitmək, öhdəliklərdən yayınmaq Ermənistana fayda gətirməyəcək”

Soltan Məmmədov, Milli Məclisin deputatı

© APA | Soltan Məmmədov, Milli Məclisin deputatı

# 09 noyabr 2022 20:54 (UTC +04:00)

“Azərbaycan Prezidenti Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə yalnız tarixi-siyasi kontekstdə deyil, həm də regionda yaranmış geosiyasi reallıqlar baxımından ciddi mesajlar verdi. Ölkəmizin Cənubi Qafqazda sülh və davamlı sabitliyin təmin olunması üçün qətiyyətli və ardıcıl addımlar atdığını, bundan sonra da öz mövqeyini dəyişməyəcəyini bir daha vurğuladı”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat hesab edir ki, bəzi dövlətlərin sülh prosesinə maneə yaratmaq, Azərbaycanı beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyindən çəkindirmək cəhdləri müşahidə olunur. Lakin bu təşəbbüslər ilk növbədə bölgədə yaşayan xalqların mənafelərinə ziddir.

Soltan Məmmədov vurğulayıb ki, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsi Cənubi Qafqazda əməkdaşlıq və sabitlik mərhələsinin başlanması üçün ən vacib şərtlərdən biridir: “Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir. Bu, təkcə üçtərəfli bəyanatla bağlı məsələlərə aid deyil. Bizim ölkəmiz istənilən platformada öz üzərinə götürdüyü öhdəlikləri hər zaman icra edib. Prezidentin də qeyd etdiyi kimi, bizim sözümüz imzamız qədər keçərlidir. Lakin Ermənistan bu günə qədər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qanunsuz silahlı birləşmələrini tam şəkildə çıxarmayıb. Mümkün qədər bu prosesi ləngitməyə çalışır. Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli bəyanatın müddəaları icra olunmayıb. Bundan başqa, işğaldan azad olunmuş ərazilərin mina xəritələrinin verilməsi, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi ilə bağlı məsələlər də öz həllini tapmalıdır. Təəssüf ki, biz bu gün Ermənistanın qeyri-konstruktiv siyasət yürütdüyünü görürük. Ermənistan hökuməti 44 günlük müharibədən öncəki prinsiplərini yenə də tətbiq etməyə, zaman qazanmağa, prosesləri yubatmağa çalışır”.

Deputat bildirib ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini sürətləndirir, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması üçün zəruri infrastrukturun yaradılmasını ən qısa zamanda təmin etməyə çalışır: “Əslində bu torpaqlarda qurulan yeni infrastruktur həm də iqtisadi əməkdaşlıq üçün daha yaxşı imkanlar açır. Bütün region ölkələrinin, eləcə də Cənubi Qafqazda iqtisadi maraqları olan dövlətlərin faydalana biləcəyi bir platforma yaranır. Burda “yaşıl enerji” konsepsiyasına əsaslanan tamamilə fərqli və modern iqtisadiyyat modeli formalaşdırılır. Bizim ölkəmiz bütün maraqlı dövlətlərə hər kəsin faydalana biləcəyi əməkdaşlıq platforması təklif edir”.

Soltan Məmmədov qeyd edib ki, Ermənistanın öz öhdəliklərinin icrasından imtina etməsi ilk növbədə bu ölkənin öz maraqlarına zərbədir. Eyni zamanda bölgənin tarixində yeni bir səhifə açmaq istiqamətində təşəbbüslərə də mane olur: “Azərbaycan hər kəsə əməkdaşlıq, sülh, bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmağı təklif edir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Düşünürəm ki, bu gün dünyada gedən proseslər, beynəlxalq münasibətlər sistemində formalaşmaqda olan yeni konfiqurasiyalar bütün dövlətlərin xarici siyasətində məhz qeyd olunan dəyərləri əsas tutmasını zərurətə çevirib. Ona görə də, müxtəlif bəhanələrlə sülh prosesini ləngitmək, beynəlxalq razılaşmalarda üzərinə götürdüyü öhdəliklərdən yayınmaq Ermənistana fayda gətirməyəcək. Ermənistan 44 günlük müharibədən öncəki səhvlərini təkrar etməməli, əksinə, bu səhvlərdən nəticə çıxarmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR