Spiker: Fransanın atdığı addımlar regionu yeni təhlükələrə yönləndirir

Sahibə Qafarova, Milli Məclisin sədri

© APA | Sahibə Qafarova, Milli Məclisin sədri

# 02 dekabr 2022 11:06 (UTC +04:00)

“Fransanın Milli Assambleyası da ölkəmizə qarşı bədnam akt qəbul edib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bu beynəlxalq hüquq normalarına açıq hörmətsizlikdir: “Biz bu qətnaməni də qəti şəkildə rədd edirik. Düşünürük ki, bu qətnamələr Fransanın qanunverici orqanının ciddi şəkildə avаntüra meydanına çevrildiyini göstərir. Təcavüzkar dövlətin öz adıyla çağırılmaması, Fransa tərəfindən ikili standartlara yol verilməsi 30 ildir münaqişənin həllinə mane olub. Bu gün də Fransanın atdığı addımlar regionu yeni təhlükələrə yönləndirir. Ona görə də hesab edirik ki, Fransanın maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir”.

Sahibə Qafarova qeyd edib ki, Fransa Senatı və Milli Assambleya üzvləri 44 gün ərzində Azərbaycanın ballistik raketlərlə bombalanmasına göz yumurdular: “50-dən artıq dövlətin ərazisini işğal etmiş Fransanın törətdiyi müharibə cinayətləri məlumdur. Bu faktlar hər kəs tərəfindən bilinir. Fransa tərəfindən törədilmiş insanlıq əleyhinə cinayətlər Fransa və dünya tarixində silinməsi mümkün olmayan qara ləkədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi torpaqlarını azad edən Azərbaycan xalqı bu gün Qarabağda və Şərqi Zəngəzurda bərpa işləri aparır. Fransa əldə olunmuş razılıqları pozmaq cəhdlərindən əl çəkməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR